Şrift:
Azərbaycanın Rusiya ilə sərhədində genişmiqyaslı əməliyyatlar keçirilir
19.05.2014 [09:57] - Gündəm, Hadisə
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.

Əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Zaqatala sakinlərinin verdiyi məlumata görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Qax Rayon Polis Şöbəsindən əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.

Quba Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Daxili İşlər Nazirliyindən isə APA-ya bildirib ki, aparılan əməliyyatlar başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed