Şrift:
İran Suriyadan qabaq alovlanacaq
13.12.2011 [10:05] - Güney Azərbaycan-Təbriz
Hasan Oktay: «Bütün diqqət Suriyaya yönəldiyi halda ABŞ və İsrailin qəflətən İranı vurması heyrətləndirici hadisə olmayacaq»
Vitali Kulik: «Xalq içəridən öz etiraz səsini ucaltsa, mübarizəyə başlasa onda İran xarici havadarlarına bel bağlaya bilməyəcək»



Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Avropanın bir sıra ölkələrinin İrandakı səfirliklərinin fəaliyyətini dayandırması bu ölkə ətrafında vəziyyəti daha da gərjinləşdirib. Tehranın ambisiyaları və dünyaya meydan oxuması Qərbi daha qətiyyətli addımlar atmağa, İrana qarşı sanksiyaları sərtləşdirməyə vadar edib. İlin son ayları İran üçün düşərli olmadı. Xüsusilə də MAQATE-nin İranın nüvə fəaliyyətinin mümkün hərbi xarakter daşıması haqda hazırladığı hesabatdan sonra dünyanın aparıcı dövlətləri İranın bütün bəşəriyyət üçün təhlükəli olduğunu bir daha yəqin etdilər. Dünyanın 20 böyük dövlətinin (G20) rəhbərlərinin Kannda keçirilən toplantısında da bu məsələ müzakirə edilib. ABŞ prezidenti Barak Obama jurnalistlərə açıqlamasında İran təhlükəsinin hələ də mövcud olduğunu və daha da ciddiləşdiyini deyib: «Mən və prezident Sarkozi İrana qarşı indiyə qədər misli görünməmiş təzyiqlərin gücləndirilməsinin vacibliyi ilə bağlı eyni fikirdəyik. İrana o qədər təzyiq etmək lazımdır ki, nüvə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin».

ABŞ-ın dövlət katibi Hillari Klinton «Amerikanın səsi» radiosuna müsahibəsində deyib ki, İranda diktatura rejimi mövcuddur: «Əlbəttə, inanıram ki, bu rejim diktaturadır. Məncə, bu rejim daha çox hərbi diktaturaya çevrilməkdir. Bu yaxınlarda eşitmişəm ki, hətta prezident də seçilməyəcək, sistem dəyişməyəcək. Çox kədərlənirəm ki, bir tərəfdə İran xalqının gücü, qətiyyəti, yaradıcı intellekti durur, digər tərəfdə dar düşüncəli, aqressiv rejim xalqa nəzarət edir».

Qeyd edək ki, İrana qarşı hərbi müdaxilə variantı yenidən aktuallaşıb. İsrail artıq İranla müharibəyə hazır olduğunu bəyanlayıb. Böyük Britaniya da öz silahlı qüvvələrini İrana qarşı mümkün hərbi əməliyyata hazırlayır. Bu barədə «Guardian» qəzeti yazıb. Məlumata əsasən, Böyük Britaniya hərbçiləri İranın nüvə obyektlərinə mümkün hücum əməliyyatları üçün Yaxın Şərqdə öz donanmasını, eləcə də «Tomahawk» qanadlı raketlərinin olduğu sualtı qayıqlarını yerləşdirməyi planlaşdırır. Böyük Britaniya səfirliyinə hücumdan sonra Almaniya və Fransanın da rəsmi Tehrana münasibətində kəskin dəyişiklik hiss olunur. Ekspertlər artıq belə proqnozlar irəli sürürlər ki, hadisələrin bu istiqamətdə cərəyan etməsi İranın Suriyadan əvvəl vurulmasını şərtləndirə bilər.

Politoloq Qabil Hüseynlinin fikrincə, ola bilsin ki, İranla Suriyaya qarşı müharibə paralel şəkildə aparılsın: «Artıq Suriya Müqavimət Ordusunun bölmələri Türkiyə sərhədində yerləşdirilib. Yəni vəziyyət gözlənildiyindən də pisdir. İranda da vəziyyət ürəkaçan deyil. MAQATE-nin hazırladığı hesabatı xatırlamaq yetərlidir. İlkin məlumatlara görə, İran 3-4 atom bombasının hazırlamaq üçün uranı zənginləşdirib. Bu rejimin əlində olan raketlər 8-10 min kilometrə qədər hədəfi vura bilir. İran «Şahab-3? ballistik raketini artıq sınaqdan çıxardıb. Bu artıq dünyaya meydan oxumaq deməkdir». Politoloqun fikrincə, əgər dünya birliyi bu gün İrana qarşı müqavimət göstərməsə gec olacaq: «Onda İranla danışmaq mümkün olmayacaq, nəinki müharibə aparmaq. Bir neçə aydan sonra İran İsrail və ABŞ üçün ciddi təhlükəyə çevrilə biləcək».

Politoloq Elnur Eltürk isə düşünür ki, yaxın vaxtlarda İrana qarşı bütün istiqamətlərdə təzyiqlər gücləndiriləcək və bu proses İran tam təcrid oluna qədər davam etdiriləcək: «Sanksiyalar nəticə verməsə, müharibə məsələsi aktuallaşacaq. Bu, şübhəsizdir. Amerika Qərbdə belə bir fikri tam formalaşdırıb ki, İranı sıxmaq lazımdır, bunun alternativi yoxdur. Təbii ki, bu gün Suriyadı rejimi devirmək Qərb üçün elə də çətin məsələ deyil. Qərbə aydındır ki, Suriya rejiminin ayaqda durmasında İranın böyük rolu var. Tehran Əsəd rejiminin hakimiyyətini qoruması üçün hərtərəfli dəstək verir. Belə olan halda İrana qarşı mümkün müharibə, həm də Bəşər Əsəd rejiminin yıxılması ilə nəticələnəcək. Xalq özü onu hakimiyyətdən devirəcək. Hadisələr buna doğru gedir. Dünya üçün əsas problem İran rejimidir. Gec-tez bu məsələ öz həllini tapacaq».

Vətəndaş Cəmiyyəti Problemlərinin Təhqiqatı Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vitali Kulik isə, onsuz da Qərbin təzyiqlər yolu ilə İranı yola gətirə bilməyəcəyini deyir: «İran nüvə silahının istehsalı ilə bağlı Qərbin tövsiyələrini nəzərə almadı, beynəlxaq sanksiyalarla üzləşdi. Məncə İran tərksilah olunmalıdır. Lakin bu heç də asanlıqla baş verməyəcək. İranı da müdafiə edən qüvvələr var. Əgər xalq içəridən öz etiraz səsini ucaltsa, mübarizəyə başlasa onda İran xarici havadarlarına bel bağlaya bilməyəcək». Politoloqun sözlərinə görə, gec-tez ABŞ İranda dövlət çevrilişinə nail olacaq: «Obamanın digər diktatorlara Qəddafidən ibrət dərsi götürmək çağırışı elə-belə ünvanlanmayıb. Obama İranı nəzərdə tutur».

Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay isə bildirib ki, Qərbin əsas hədəfi İrandır, amma bu müharibəni sona çatdırmamaq üçün hələlik Suriya ətrafında oyun gedir: «Suriya məsələsində Türkiyəni ön plana çıxarmaqda da əsas məqsəd budur. Yəni, Qərb İranın qarşısına birbaşa çıxmaq istəmir. Fikir verirsinizsə, bir il öncə Türkiyənin Suriya ilə münasibətləri yüksək səviyyədə idi. İndi isə bu münasibətlər dəyişib. Qərb Suriyaya qarşı Türkiyənin irəli çıxmasında maraqlıdır. Hədəf yenə İrandır. Bütün diqqət Suriyaya yönəldiyi halda ABŞ və İsrail qəflətən İranı vura bilər. Bu mənim üçün heyrətləndirici hadisə olmayacaq. Amma Rusiyanın Suriyaya sahib çıxması vəziyyəti dəyişdirə bilər. «.

Ekspert Hail Cəlilin fikrincə isə İran həmişə Qərbin diqqət mərkəzində olub: «Son aylar isə rəsmi Tehranın yarıtmaz siyasəti bu diqqəti daha da artırıb. 32 il əvvəl baş verən İslam inqilabından sonra bu ölkənin ABŞ ilə münasibətlərinin kəskinləşməsi və bu gərginliyin indiyədək davam etməsi heç kəsə sirr deyil. ABŞ rəsmiləri - istər hazırkı prezident Barak Obama, istərsə də sabiq prezident Bill Klinton müvafiq bəyanatla çıxış edərkən, İranın daxili vəziyyətini sözsüz ki, nəzərə alırlar. Heç kəsə sirr deyil ki, İranda insan haqlarının təmin olunması, söz, dil, din azadlığı ilə bağlı ciddi problemlər var və bu çoxmillətli ölkə olan İranda haqlı narazılıq dalğası oyadır. Xüsusən, İran Konstitusiyasının 15 maddəsinin indiyədək tətbiq olnumaması, ölkə əhalisinin 53 faizini təşkil edən Azərbaycan türklərinin, eləcə də ümumilikdə İran əhalisinin 60 faizini təşkil edən türk xalqlarının dil, mədəniyyət, ana dilində təhsil haqlarının aşkar şəkildə tapdanması, şovinizm, zorakılıqla həyata keçirilən farslaşma siyasəti istər-istəməz İranın bir dövlət kimi mövcudluğunu təhlükə altına alır». Ekspertin fikrincə rəsmi Tehran siyasətində dəyişiklik etməzsə, İranın teoratik molla rejimini Qəddafinin aqibətindən daha pis aqibət gözləyir.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed