Şrift:
Öldürən RED-AKSIYA...
13.12.2011 [10:45] - Köşə yazarları
Yazı var elədi, yazı var belədi, yazı da var bunun kimi “elə-belə”di


Bouuu...


Zəmanə elə gətirib ki, dərd başdan aşır. Mənim dərdim isə dəli dərddi, ağıllı dərdi nə vaxt başa düşdülər ki, dəli dərdə də ağılları çatsın? Nə dilimi kimsə başa düşməz, nə də mən kiməsə ağıllı görünməyə çalışaram.
Olsun, zatən şair demirmi, ağıllıdan dəli haxdı? Olsa da kimin, nəyin divanəsi.
Amma demə, bu dünyada, hələ lap burnumun ucunda, budee, bu Nərimanovda, məndən də dəliləri varmış. Ora getməyim, neyləyim? Dərdimi kimə deyim? Hayana boylansam turşumuş sifətlər görürəm. Elə bil dədəsinə söymüşəm. Bə mən də deməsəm ölləm. Yox, gedəcəm e, gedəcəm. Neə olsa dəli dəlini başa düşər.
Həə, beləcə dərdimi əlimə alıb başılovlu qaçdım “Davam” qəzetinin redaksiyasına. Öz aramızdı, əla adı var, Davam, yəni mənim savaşım. Gedirəm e dava salmağa. Ya da bu ad nəyinsə davamını bildirirsə? Nəyin axı? Yəni, bunlar məndən də dəlidilər? Nə isə e, mən getdim ora, oğul istəyirəm qarşıma çıxsın.
Elə təzəcə çatmışdım, gördüm, burda qırğındı. “Ayə, a millət, bir dinləyin, görün, nə olub?” demək istəyirdim ki, içəri bir “dublyonka”lı kişi girdi. Başını elə aşağı salmışdı ki, üzündən heç zad görmədim. Amma cıvraq idi ha. Elə bil qoca o deyil, mən idim. Elə yeriyirdi ki, elə bil alçaq dağları bu yaradıb. Vallah, səndən-məndən cavan idi.
Bunu içəri ötürüb yana döndüm, bay, bay, ayə bu kimdir? Sir-sifətini sallamış yanımdan yel kimi biri keçdi. Elə sürətlə ki, bircə pala bığlarını görə bildim. Qaldımmı beləcə? Yazıq-yazıq kənara çəkilib gözləməyə başladım. Mənim kimi boynuna şərf dolamış biri də çöldə siqaret çəkirdi. Əlimdə yanan dərdimi üzümə tutub həmkəsimin yanına getmək istəyirdim ki, yan qapıdan eynəkli, gödəkçəli bir adam çıxıb bir dağ adı çağırdı və mənim tayım da o adla getdi.
Yenə qaldım beləcə. Təzəcə sozalırdım ki, o, eynəkli, bir suyu Cəlil Məmmədquluzadəyə oxşar adam yavaşca mənə yaxınlaşdı. Dedim, sənə şükür, məni də bir dinləyən olacaq. Ehh, kimə deyirsən, adamın dərdi varmış. Mən ağzımı açmamış xırda-xırda başladı. Azərbaycan fonetikasındakı bütün sözlərin hüquqi tərəflərinin mənasını qavramadığım əndrəbadi siyasi təhlilini verib getdi çölə atdığı siqaret kötüyünün arxasınca.
Balam, bura redaksiyadır?
Bay, bay, ayə qoymayın, İrasim gəlir. Bu kimdi? Yanımdan hay-huyla, yel kimi bir xanım ötdü. Zalım balası, elə bil incəlik anlayışından bixəbərdi. Amma bu fikrimi içimdə belə uddum. Çünki, o gələn kimi, bir-bir içəri ötürdüyüm o adamlarda bir canlanma yarandı. Elə sıxıldım içimə, səsim belə çıxmadı. O xanım gələn kimi hamıyla kəllə-kəlləyə vurdu.
Yox e, mən getdim. Mənim həşirlə gətirdiyim dərd bunlara çatmaz. Bura redaksiya deyil ki...
Əlim ətəyimdə, qapıdan çıxmaq istəyirdim ki, içəriyə qırmızı qalstuklu, uzun pencəkli bir nəfər girdi. Elə bil kimisə axtarırdı. Ay Allah, axtardığı bəlkə mənəm? Yoox, adam yomsaraq yerişlə kompüterin arxasına keçib monitora elə sarıldı ki, əlimi tamam üzdüm.
Bu Brejnevin kopyası kimdi? Adam sanki mitinqdəydi, hamını əliylə salamlaya-salamlaya, başının dəstəsi ilə o gedənlərin arxasıyca keçdi o məşhur otağa.
“Qadanalım, nətərsən? Qadam, nə var, nə yox? Hay can, hə, qadanalım, hə. Öpürəm, öpürəm”. Telefonu qulağından çəkib “Bu da bizim uşaqlardandı ey, qadam, filan rayonun prokuroru, filankəsdi” deyə üzünü mənə tutdu. Filankəsmi? Ayə, bunun filankəsi budusa, gör beşmankəsi kimdi. Bu ağbaş, zolaqlı kostyumlu kişi də gəlib “qadam” deyə-deyə keçdi, heç demədi, “qadam, sənin nə dərdin var?”.
Evin tikilsin, qəzet yiyəsi...
Bay, ədib ədalı biri də gəldi. Pah, sanki bütün ədəbiyyat kitablarını bu yazmışdı, gəlişindən bildirdi ki, Borçalıdandı. Çünki, qapıdan girən kimi, ilk kəlməsi “ayə, qadanalım” oldu. Hə, gəl e gəl, bəlkə...
...adam artıq mənim ona uzanan boynuma məhəl qoymadan getmişdi gedənlərin dalısıyca. Qapıdan danışa-danışa girdi, danışa-danışa görüşdü, deyəsən elə danışa-danışa da gedəcək. Qınamıram e, Zəlimxanın yerlisidi.
Ay Allah, axır ki, bu qapıdan bir xanım girdi (bayaqkı xaric). Bir əda, bir yerişlə gəldi amma bu da həyasından üzümə baxmadı. Oyh, ay allah, ürəyim düşdü ayağımın altına. Bu kübarlıq mücəssəməsi də belə getdi.
Kimsə gəlir amma hələ gələn səsidi. Zalımın balası, qulağında telefonla, əlində kağız-qələmlə, o dolu başıyla da salamlaşa-salamlaşa gəldi keçdi. “Hə, qardaş, müsahibəni yazıram əlimdə, Ərdoğanın müavinindəndi. Yox, sizə verəmmərəm, xüsusi olaraq “Davam” üçün götürmüşəm. Yarım saata sizə başqa yazı göndərirəm”. Nə? Kimdən? Yox bir İlham Əliyevdən. Amma Allah üçün, yazırdı da əlində. Ta necə, orasını biləmmədim.
Kirimişcə ayağa durub qapıya döndüm və...
...əlində çantası, səliqəli görkəmiylə bir gəncin gəldiyini gördüm. Sanki hər şey o adamın nurlu simasında silinib getdi. Ruhuma bir rahatlıq, ürəyimə bir sərinlik gətirdi bu adam. Qəribəydi, dərdimi bərk-bərk sıxdığım əlimə baxdım, boş idi.
Salamlaşdı. Gülümsəyərək, kim olduğumu, niyə gəldiyimi sormadan “xoş gəlmisən, içəri buyur” dedi. Qoluma girib məni bayaqdan hamını ötürdüyüm o məlum otağa apardı.
Ayağımı içəri qoydum...
Ya Rəbb, mən nə qədər kor imişəm.
O “dublyonka”lı adam Əlisa Nicatdı. Azərbaycanın dəyər biçmək üçün ölməyini gözlədiyi ən dəyərli adamı...
“Pala bığlı” adam Fəxrəddin Salim idi. Alim, folklorşünas, dinşünas, sufi musiqilərin mahir saz ifaçısı, bütün görünüşüylə, başdan-ayağa mistika ifadə edən Fəxrəddin Salim...
Cəlil Məmmədquluzadəni xatırladan adamsa Tahir Seyidov idi. Əslində, o etinasız davranışıyla insanlar arasında ayrı-seçkilik qoymadığını, bərabər hüququn müdafiəçisi olduğunu anlatmağa çalışmışdı mənə.
O hay-huyla gələn xanım sən demə, qəzetin rəhbərliyindən imiş. Birinci müavin Nigar İsfəndiyarqızı. Millətçi, ictimai fəaliyyətini ailəsindən gələn dəyərləri ilə sərt bir şəkildə yürüdən xanım. Zatən burda millətçi olmayan kimsə yox idi ki...
Kəllə-kəlləyə görüşmək bizim türklüyümüzün təzahürü idi, mən unutmuşdum. Biri-birinin üzünə sadəcə sifətləri toxunduraraq, əllərin içinin bir qurd caynağı şəklində açılması, günümüzdə tüğyan edən, qadınlar bir yana, kişilərin belə iyrənc görüşmə tərzini darmadağın edəcək bir salamlaşmaydı bu.
Brejnevə oxşatdığım Əli Kərimbəyliydi. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, türkçü alim, folklorşünas. Nurlu simasıyla, səhhətində problemlərin olmasına baxmayaraq hələ də araşdırmaqda, yazmaqda davam edən, gənclərə yol göstərən Əli müəllim.
Hamının qadasın alan Cavanşir bəydi. Hər kəsin qadasına, dərdinə sözün əsl mənasında əlac olan, çarə olan Cavanşir bəy.
O yomsaraq adamsa Əlirza Amanbəyliydi. Para Azərbaycanın dərdini paralanmış ürəyində, dilində gəzdirən, Qarabağ döyüşçüsü və gözəl səs sahibi...
“Ayaqlı qəzet” Elnur Eltürkdü. Bir gündə on müsahibə işləyib, gündəmin nəbzini gündəmin özündən əvvəl tutan, Türk Dünyasının altından vurub üstündən çıxan dəyərli jurnalist, əsl Türk gənci!
Zəlimxanın yerlisi Rəşad Sahildi. Bütün məişət qayğılarına baxmayaraq yazmaqdan usanmayan, Borçalının dərdlərini əlində bayraq edən, hər həftə Elçibəydən materiallar hazırlayıb Davama çatdıran, həddindən artıq şirin qələmə sahib Rəşad Sahil.
O kübar xanım Arzu xanımdı. “Sağlamlıq” səhifəsinin yazarı Arzu Ələsgərli. Hər həftə bəlkə həkimə gedə bilməyənlərə bir yararı olar deyə, xalq təbabətinin min bir sehrini qəzetin səhifələrinə daşıyır. Kübar olmağına baxmayın a, çox güclü xarakterə sahibdir.
Dağ adı daşıyan adam isə Elbrusdu. Dağ görünüşü olmasa da dağ boyda ürəyi, mənəvi dünyası vardı.
Bir də Nurlanları vardı. Hələ balaca olsa da qəzetin yükünü çiyinlərində daşıyıb, çap işinə baxırdı...
Sakiti unutdum. Texniki redaktor Sakit. Yeriməsindən bəlliydi çox “sakit” olduğu. Onunla “bismillah” la danışmaq lazımdı.
Bunların görüş forması bizim türklüyümüzün təzahür şəkli idi, mən unutmuşdum.
Hələ onu demirəm, ayın sonu olduğu üçün qonorar almağa bu sadaladıqlarımdan daha çox adam gəldı. Ya Rəbbim, bu balaca qəzetə bu qədər tanınmış simanı və yazarları necə yığa bilmişdilər?!
Nə deməyə gəldiyimi unudub, üzümü məni bu otağa dəvət edən o nurlu gəncə, bu aləmin yaradıcısı Həbib Ələkbərsoya tutdum:
- Məni də aranıza alarsızmı?
Bu qəzetin Əli Kərimbəylisi vardı, Musa Yaqubu, Behrudisi, Xanəmiri vardı. “Savalan”ı, Novruzu daha neçə dəyərli insanları vardı. Amma ən önəmlisi hamıya açıq ürəkləri, qapıları vardı.
Bu redaksiyanın komputerində “Kizil Elma” oxunurdu, Rüstəm Behrudinin “Azadlıq” səsi gəlirdi, bu redaksiyanın Elbrusunun dilindən Musa Yaqubun qara daşı göyərirdi.
Bu redaksiyanın yolu Qızıl Almaya, Turana götürürdü adamı...
Mən artıq burdayam.
Buyurmazmısınız?!...

Dərbədər
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed