Şrift:
Bakıda Silahlı Qüvvələr heyətinin insan hüquqları və əsas azadlıqlarına dair təlimat kitabının təqdimatı keçirilib
13.12.2011 [12:59] - Hərb
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Silahlı Qüvvələr heyətinin insan hüquqları və əsas azadlıqlarına haqqında təlimat kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda ATƏT-in Bakı ofisinin rəhbər əvəzi Melissa Stoun, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) İnsan Hüquqları İdarəsinin rəhbər müavini Assia İvançeva çıxış ediblər.

M. Stoun çıxışında deyib ki, bu nəşrin məqsədi Silahlı Qüvvələr heyətində maarifləndirməni təşviq etmək və onların hüquqlarının müdafiəsində hökumətin səylərini dəstəkləməkdir: “İnsan hüquqları və əsas azadlıqlar hər kəsə aiddir. Silahlı Qüvvələr heyəti bütün insanların malik olduğu hüquq və müdafiələrə malikdir. Eyni zamanda, anlayırıq ki, hərbi həyatın tələbləri və təhlükəsizlik məsələlərinə görə bu hüquqlara bəzi məhdudiyyətlər qoyula bilər”. O qeyd edib ki, ATƏT təhlükəsizlik sahəsində böyük təcrübəyə malik təşkilatdır və Azərbaycan üçün ATƏT ölkələrinin bu sahədə təcrübəsi faydalı ola bilər.

Ombudsman Elmira Süleymanova isə bildirib ki, kitabdakı bəzi məqamlar Azərbaycanda tətbiq oluna bilməz: “Məsələn, bu kitabın bir bölümü uşaq hüquqları barədədir. Amma Azərbaycanın qanunlarına görə onsuz da 18 yaşına çatmamış yeniyetmələr və uşaqlar orduda iştirak edə bilmirlər”.

Asiya İnvançeva qeyd edib ki, bu kitab ilk dəfə Silahlı Qüvvələrə demokratik nəzarət üzrə Cenevrə Mərkəzi və ATƏT-in DTİHB tərəfindən 2008-ci ildə altı dildə nəşr edilib.

Təqdimatdan sonra tədbirə qatılan müxtəlif dövlət qurumlarının, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin nümayəndələri, beynəlxalq mütəxəssislər və vətəndaş cəmiyyətinin təmsilçiləri mövzu ilə bağlı müzakirələri davam etdiriblər.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed