Şrift:
İranda məşhur iş adamının edamı necə şərh olunur?
31.05.2014 [10:16] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranın “Javan” (Cavan) saytı mayın 25-də ölkənin bank tarixində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ən böyük oğurluqda təqsirli bilinən əsas müttəhim Məhafərid Əmirxosrəvinin edamına toxunub.



60-dan çox iri şirkətin və bir çox digər ticarət obyektinin sahibi sayılan iş adamı, “Əmir Mənsur Ariya” şirkətlər qrupunun icraçı direktoru Məhafərid Əmirxosrəvi mayın 24-ü sübh saatlarında edam edilib. Müttəhim ailəsi və vəkilinin xəbəri olmadan dar ağacından asılıb.

“Javan” saytı yazır: “O, xalqın və sistemin pulunu mənimsəməkdən daha çox İran İslam Respublikasının abrını ləkələmiş, onun imicinə xələl gətirmişdi. O, ölkənin iqtisadi sisteminə xələl gətirdiyinə görə yer üzündə fəsad törədən şəxs kimi tanınmış, məhkəmənin qərarı ilə ölümə məhkum edilmişdi. Əmirxosrəvi əslində sistemin abrını qoruyub saxlamaq üçün edam edildi. Bununla da cəmiyyət və xalq Məhkəmə Sisteminin bu kimi iqtisadi cinayətlərdə əli olanlara qarşı necə kəskin davrandığının şahidi oldu”.

Məhafərid Əmirxosrəvi yarıqapalı keçirilən məhkəmə iclaslarında bank fırıldaqçılığında tək olmadığını, bu işdə bir sıra rəsmilərin onunla əməkdaşlıq etdiyini və onların yaratdığı imkandan yararlanaraq bu işə cəlb edildiyini, həmin rəsmilərin adlarını ifşa etməyə hazır olduğunu bildirmişdi.

İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei isə bir həftə əvvəl jurnalistlərə açıqlamasında ölkədəki ən böyük bank oğurluğunda onlarla rəsminin qismən əli olduğunu və dindirildiyini bildirsə də onlardan heç birinin adını açıqlamamışdı.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

İqtisadi fırıldaqçılıqda əli olan İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri 2011-ci il sentyabrın 27-də istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib və Mahmudrza Xavəri həmin vaxt Kanadaya qaçıb.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed