Şrift:
Xocalı soyqırımı ilə bağlı müraciət Avropa Parlamentində və Almaniya Bundestaqında rəsmən qeydiyyata alınıb
31.05.2014 [11:31] - Gündəm, Diaspor
Avropada yaşayan azərbaycanlılar Avropa Parlamentinə və Almaniya Bundestaqına (parlament) Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı müraciət (petisiya) göndəriblər.

Bunu Avropa Azərbaycanlıları Konqresinin sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova bildirib.

O qeyd edib ki, hər iki parlamentə rəsmi müraciət Avropada, müvafiq olaraq Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və burada yaşayan azərbaycanlılar adından ünvanlanıb: “Sevindirici hal odur ki, Avropa Parlamentində bizim müraciət formasında təqdim etdiyimiz soyqırımı ilə bağlı sənəd qeydə alınıb və hətta arxivləşdirilib. Bu artıq o deməkdir ki, müzakirəyə çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, Xocalı soyqırımı rəsmi sənəd kimi Avropa Parlamentinin arxivində rəsmi sənəd kimi saxlanılır. Uzun zamandır davam edən səylərimizə, əlaqələrimizə əsasən ümidimiz çoxdur ki, yaxın zamanda bu sənəd parlamentdə müzakirəyə çıxarılacaq və hansısa hüquqi qərar veriləcək”.

S.Patzer-İsmailova onu da deyib ki, müraciət Almaniya Bundestaqında da rəsmən qeydə alınıb: “Oradan da bizə bildirdilər ki, müraciət rəsmi sənəd olaraq müvafiq komitədə qeydə alınıb. Bu müraciətin müzakirəyə çıxarılması üçün davamlı olaraq lazımi işləri görsək, onlar da bununla bağlı özlərindən asılı olan bütün addımları atacaqlar”.

Avropa Azərbaycanlıları Konqresinin sədri bildirib ki, bütün bu fəaliyyətlər birbaşa Azərbaycan dövlətinin dəstəyi sayəsində baş tutur: “Bizim bu cəhdlərimizə, fəaliyyətimizə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, prezident İlham Əliyevə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürümüzü bildiririk. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurudur”.

Qeyd edək ki, “APA Holding” Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Sərhəddən kənardakı azərbaycanlılar...” adlı layihə çərçivəsində Almaniya və Belçikadakı diaspor təşkilatları ilə görüşlər keçirir.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed