Şrift:
Türkiyədən Azərbaycana qanunsuz olaraq gətirilən külli miqdarda dərman preparatlarının satılması faktı aşkarlanıb
13.12.2011 [16:40] - Sağlıq
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dərman vasitələrinin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları – Səlimov Fariz Ramiz oğlu, Kiçibəyov Faiq Qələbəy oğlu və Nəbiyev Emin Akif oğlu saxlanılıb.

MTN-i İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, müəyyən edilmişdir ki, Fariz Səlimov, Faiq Kiçibəyov, Emin Nəbiyev və qeyriləri qabaqcadan əlbir olaraq Türkiyə Respublikasından əldə etdikləri, qanunçuluğun tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarını “İstanbul-Bakı” marşrutu üzrə işləyən müxtəlif sərnişin avtobuslarında gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı əczaxanalar vasitəsilə pərakəndə və topdan satışını təşkil ediblər. Qrupun üzvlərinə məxsus ofisə, mənzilə və avtomaşına keçirilmiş baxışlar zamanı külli miqdarda, ümumi dəyəri təxminən 12 min 600 manat olan qanunla dövlət qeydiyyatından keçməyən dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq), 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Fariz Səlimov, Faiq Kiçibəyov və Emin Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed