Şrift:
Әskişəhərdə Türk Dünyası Bilik Olimpiadası başladı
07.06.2014 [10:24] - Türk dünyası-Turan, Mədəniyyət
Türkiyənin Әskişəhərdəki Osmanqazi Universitetində şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadasının açılış mərasimi keçirilib.
Türk dünyasında ilk dəfə olaraq keçirilən olimpiadadan əvvəl iştirakçılar şəhərdə yürüş ediblər. Tədbirdə 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Şimali Kipr (Qıbrıs) Türk Cümhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edir. Olimpiadanın keçirilməsində əsas məqsəd türk dünyasında şagirdlərin elmə marağını artırmaq, onları gələcəyin Nobel mükafatçısı kimi yetişdirməkdir.

Açılış mərasimində Әskişəhər valisi Güngör Әzim Tuna bildirib ki, olimpiada türk ölkələrinin şagirdləri arasındakı əlaqələrin genişlənməsinə təkan verəcək. Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsən Qaralov tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını çatdırıb və Әskişəhərin valisinə Azərbaycanın tarixi ilə bağlı olan hədiyyə təqdim edib.

Olimpiadada Azərbaycanı Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) təmsil edir. Sərgi iştirakçıları ilk olaraq Azərbaycan komandasının modelləri ilə tanış olublar və şagirdlərin modellərindən razı qaldıqlarını açıqlayıblar.

Qeyd edək ki, olimpiada iyunun 7-də sona çatacaq, qaliblərə müxtəlif mükafatlar təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed