Şrift:
ADMİU-da Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Boy çiçəyinin ətri” adlı tədbir keçirilmişdir
14.06.2014 [10:03] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris teatrında görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Boy çiçəyinin ətri” adlı tədbir keçirilmişdir. Universitetin rektoru Fərəh Əliyeva tədbirin Prezident İlham Əliyevin Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, gecənin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Xalq Yazıçısı, XX əsrin böyük sənətkarı İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında söhbət açmışdır. Bildirmişdir ki, ömrünün 60 ilini yaradıcılığa həsr etmiş böyük sənətkar ədəbiyyata 1939-cu ildə yazdığı “Kənddən məktublar” hekayələr toplusu ilə gəlmişdir. Nizaməddin Şəmsizadə görkəmli nasir İlyas Əfəndiyevin “Boy çiçəyi”, “Bahar suları”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” kimi əsərləri haqqında danışaraq bildirmişdir ki, böyük sənətkar əsərlərini şirin, səlis dillə yazmışdır. Sözün qədrini bilən, sözü ucalara qaldıran İlyas Əfəndiyev istedadı və şəxsiyyəti ilə zirvədən-zirvəyə yüksəlmişdir.
Tədbirdə xalq artistləri Amaliya Pənahova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova görkəmli dramaturqun pyeslərində oynadıqları rollar barədə söhbət açmışlar. Qeyd etmişlər ki, böyük sənətkarın yazdığı pyeslər ilə dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı” yaranmışdır.
Vurğulamışdır ki, ürəyi Azərbaycan üçün döyünən İlyas Əfəndiyev ədəbiyyatımızın və teatrımızın inkişafına çalışmışdır və bu da özünü onun yazdığı əsərlərdə göstərmişdir.
Tədbirdə görkəmli yazıçının pyesləri əsasında hazırlanmış tamaşalardan lent yazıları, həmçinin universitetin tələbələrinin ifasında “On manatlıq lüstur” əsərindən epizod nümayiş olunmuşdur.
Eyni zamanda böyük sənətkarın əsərlərindən parçalar və vaxtilə görkəmli insanların onun haqqında söylədikləri fikirlər səsləndirilmiş, incəsənət ustalarının ifasında şeir və musiqilər dinlənilmişdir.
Sonda İlyas Əfəndiyev haqqında onun ailə üzvlərinin söylədikləri fikirləri əks etdirən süjet təqdim edilmişdir.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed