Şrift:
Xəlqilik bayramı keçirildi
15.06.2014 [19:24] - Gündəm, Bildiriş
İyunun 13-də Asif Ata Ocağının İnam Evində Xəlqilik bayramı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.
Öncə İnam Evinin həyətində 6 rəmzi tonqal çatılıb.
Ocağın Ruhsal Başçısı Safruh günə uğurlama deyib: “Xəlqilik Asif Atanın yaratdığı bayramların (İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik) 4 sütunundan biridir. Bayramların özülündə Atanın “İnsanlaşın, İnsanlaşdırın!” harayı dayanır. Əgər insanlıq olacaqsa, xalq olacaq.
Bizim borcumuzdur ki, bəşəriyyətə türk ruhunda ruhaniyyat verək. İndi xalqları birləşdirmək adıyla simasızlaşdırmaq fəlakəti var. Bu, “sivil”, bəzəkli, elmli-fəlsəfəli xalqsızlıq fəlakətidir. Bu, xəlqiliyin vacibliyini, inkaredilməzliyini vurğulayır. İstəyirik xalqımızın gələcəyinə bir tutalğa verək.
Ata istəyirdi ki, onun xalqı başına nə gəlir-gəlsin, özümlüyünü itirməsin. Biz xalqımıza əsaslı inam veririk. Qoy harayımız xalqa çatsın, xalq sarsılmaz olsun! Özümüzün doğduğumuz bayramımız kutlu olsun!”
İşıqlı Atalı Xəlqilik Bayramının mahiyyəti haqqında danışıb: “Bu bayramın iştirakçıları ulusun, insanlığın mahiyyətini təmsil eləyənlərdir. Qoy hər kəs özünə ulusun mahiyyətinin daşıyıcısı kimi baxsın, adilikdən çıxsın. İşimizin kutsallığı zaman keçdikcə daha aydın bilinəcək. Xalq olmağın özülü mütləq məsuliyyətdir”.
O, Ocağın İnsanilik Bayramından bəri – son 3 aydakı zəngin işləri haqqında bilgi verib.
Xəlqilik bayramının içsəs konuları: “Xalq – öz yurdunda və dünyada”, “Ulusal özümlüyün anlamı və önəmi”, “Ulusal özümlüyün yaşaması və yaşadılması” olub.
Tanınmış türkoloq Aydın Mədətoğlu Asif Ata Ocağının bayramında iştirakından məmnunluğunu bildirib, Xəlqilik bayramını kutlayıb, Ataya sayğısını ifadə edib, özünün “Türklər” kitabını Ocağa hədiyyə edib.
Baba Əhmədli, Qəşəm İlqar Ruhdaş, Yolruh Atalı, Güntəkin Atalı, Əlisahib Əroğul, Lalə Cavadlı, Məhərrəm Şəmkirli, Yusif Dirili, Natiq Ulubəyli, Səbuhi Abdullayev və başqaları ürək sözlərini yetiriblər.
Bayramda gənc aşıqlar Qızqayıtın və Ülvinin ifasında saz havaları səslənib.
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed