Şrift:
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək
20.06.2014 [10:38] - İqtisadiyyat
Avqustun 4-5-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, bunu Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İranın sənaye və ticarət nazirinin birinci müavini Müctəba Xosrovtac bildirib.

M. Xosrovtac deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir və özəl sektorun fəaliyyəti genişlənir. O qeyd edib ki, ölkələrin mövcud potensialı və imkanları hazırkı əməkdaşlıq səviyyəsindən daha böyükdür: “Mənim səfərimdə məqsəd budur ki, sənaye sektorunun vəziyyətini öyrənib, bizim özəl sektoru məlumatlandırım. Azərbaycandakı quruculuq işlərində bizim özəl sektor yaxından iştirak etmək istəyir. Şirkətlərimiz Bakıda keçiriləcək inşaat sərgisində iştirak edəcəklər. Biz məhsulların tranziti sahəsində də əməkdaşlıq edə bilərik. Qonşu ölkələrlə tranzit yüklərin daşınması sahəsində əməkdaşlığa maraqlıyıq. Astara-Rəşt dəmir yolunun çəkilişini başa çatdırsaq, Qafqaz ölkələri ilə dəmir yolu bağlantımız yaranacaq”.

M. Xosrovtac xatırladıb ki, hər il İrana 1 milyona yaxın Azərbaycan vətəndaşı səfər edir. Onların böyük hissəsi tibbi müayinə üçün İrana gedir: “Bizim istəyimizdən biri də Məşhəd şəhərinə Azərbaycandan aviareysin açılmasıdır. Ümid edirəm ki, gələcəkdə Bakıdan Ənzəliyə dəniz reysi də açılacaq”.

İran nümayəndə heyətinin Dövlət Gömrük Komitəsində keçirdiyi görüşdə sərhəd-gömrük sahəsində bir sıra məsələlər müzakirə olunub. ARDNŞ-də keçirilmiş görüşdə isə enerji sektorunda əməkdaşlıq məsələləri və mövcud proyektlərlə bağlı fikir mübadilələri aparılıb. Neft-kimya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub. “Biz Azərbaycan tərəfinə elan etdik ki, Azərbaycandan daha çox qaz almaq istəyirik. Azərbaycanın qaz anbarlarında qazın saxlanılmasına ehtiyacımızın olduğunu bildirdik”, - deyə M. Xosrovtac söyləyib.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed