Şrift:
İlham Əliyevin yox cavabı...
25.06.2014 [14:50] - Gündəm, Siyasət
Roqozin heç zaman Azərbaycan əleyhinə ifadə işlətməyib, əksinə o iki ölkə arasındakı əməkdaşlıqdan məmnun qaldığını ifadə edir


“Atlas” Araşdırmalar Mərkəzi Rusiya Azərbaycan münasibətləri ilə bağlı yeni araşdırma aparıb.

"Qafqazinfo" mərkəzin "Azərbaycan, yoxsa Ermənistan?" başlıqlı araşdırmasını təqdim edir:

Rusiya seçimini tarixən edib

"Rusiya diplomatiyası Azərbaycan istiqamətində fəallaşıb. Rusiyalı nazirlər ard-arda Bakıya səfərlər edirlər. Qısa zaman kəsiyində ayrı-ayrılıqda əvvəlcə Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, daha sonra xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Rozoqin gəldilər. Rusiyalı rəsmilərin hərəsinin fərqli mövzuları olsalar da, hamsı bir istəyi dilə gətirirdi: “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyirik”.

Prezident İlham Əliyev hər 3 rusiyalı rəsmiyə “yox” cavabı verdi. Ancaq Azərbaycan hakimiyyəti əlindən gələn hər şeyi edir ki, bu “yox” cavabının qarşılığında Rusiya ilə münasibətlər gərginləşməsin, əksinə “strateji tərəfdaş” adı verdiyi münasibətlər inkişaf etsin. Hələ ki, bu rəsmi Bakıya müəssər olur.

Məsələn, Dmitri Roqozin Rusiyanın ən millətçi siyasətçi və hakimiyyət mənsublarından biri sayılır. Roqozin daima ABŞ-ı, Avropanı, Moldovanı, Gürcüstanı və Ukraynanı sərt tənqid edir. Buna baxmayaraq, Roqozin heç zaman Azərbaycan əleyhinə ifadə işlətməyib, əksinə o iki ölkə arasındakı əməkdaşlıqdan məmnun qaldığını ifadə edir.

Roqozinlə Əliyev Avropa Şurası Parlament Assambleyasından (AŞPA) tanışdırlar. O zaman Roqozin Rusiya, Əliyev isə Azərbaycan nümayəndə heyətinin rəhbərləri idi. AŞPA-dakı səsvermələrdə Azərbaycan nümayəndə heyətinın Rusiyanı qıcıqlandıracaq sənədlərin lehinə səs verməməsi də Moskvanın xoşuna gəlir.

Kreml Roqozinin Əliyevlə yaxın tanışlığından istifadə edərək, onu Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya hissəsinin sədri təyin edib. Roqozin eyni zamanda hökumətdə hərbi-sənaye kompleksinə cavabdehdir. Deməli, Roqozin bu sahədə uğur qazanmaq üçün xarici ölkələrə daha çox silah və hərbi texnika satmalıdır. Təsadüfi deyil ki, Roqozin Azərbaycanı Rusiya silahının ənənəvi alıcısına çevirib. Rəsmi məlumatlara görə, son 4 ildə Bakı 3,35 milyard dollarlıq silah ixrac edib, bunun da 80 faizi Rusiyadan alınıb.

Bu alqı-satqı həm Moskvaya, həm də Bakıya xeyirlidir. Moskva silah satışından əlavə pul qazanır və Azərbaycanın silah bazarını əldən vermir, Bakı isə Rusiyadan silah almaqla qonşusu ilə strateji tərəfdaşlığı yüksək səviyyədə saxlamağa müvəffəq olur, özünü şimal qonşusuyla münasibətlərdə problemlərdən sığortalayır.

Beləliklə, rəsmi Bakı Rusiya ilə münasibətləri Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi xaricində inkişaf etdirməyə çalışır. Bakı Rusiyadan silah almaqla yanaşı Rusiyanın müxtəlif regionları ilə iqtisadi əməkdaşlığı genişləndirir. Misal üçün, Bakı Rusiyanın 30 subyekti ilə hökumətlərarası sazişlər imzalayıb və bu coğrafiyanı getdikcə genişləndiririr. Azərbaycan hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində məktəblər tikir, parklar salır, bir sözlə xeyriyyəçiliklə məşğul olur. Belə bir əməkdaşlıq formatına üstünlük verən Bakının iki məqsədi var.

Birinci məqsəd Moskvanın Avrasiya İqtisadi Birliyi istiqamətindəki təzyiqlərini azaltmaqdır.

İkinci məqsəd Moskvanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə həvəsləndirməkdir.

Rəsmi Bakı hələ ki, bu iki məqsədinə nail olmayıb. Doğrudur, Moskva Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirir, ancaq Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etdirmək planlarından da əl çəkmir. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışında da dəyişən bir şey yoxdur. Lavrovun Bakıya səfərindən bir gün sonra Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov belə ifadə işlətdi: “Azərbaycan bütün iqtiqamətlərdə bölgənin aparıcı ölkəsidir və Rusiya məhz bizimlə əməkdaşlıqdan faydalana bilər. Ona görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməklə daha böyük nəticələr əldə edər”.

Araz Əzimovun bu fikrini belə anlamaq olar ki, əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etsə, Bakı Moskva ilə münasibətləri “strateji tərəfdaşlıqdan” “strateji müttəfiq” səviyyəsinə qaldıra bilər. Bu isə Azərbaycanın həm Gömrük Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə yolunu açar.

Buna baxmayaraq, Kreml Cənubi Qafqazda seçim etməyi düşünmür. Seçim tarixən edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan sonra dərhal İrəvana getdi. Ümumiyyətlə rusiyalı rəsmilərin və diplomatların Bakıya səfərləri İrəvanı narahat edir. İrəvanda bəziləri elə düşünür ki, Rusiya Azərbaycanla strateji tərəfdaşlığı gücləndirsə, bu işğal altındakı torpaqların azad olunmasıyla bağlı Kremlin Ermənistana təzyiqinə yol açacaq. Ancaq hələ ki, narahatlıq üçün əsas yoxdur. Çünki, Kreml Bakı ilə əməkdaşlığı İrəvanla əməkdaşlığa qurba vermir və elə Lavrovun İrəvana səfəri də Ermənistan hakimiyyətini sakitləşdirmək məqsədi daşıyır".
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed