Şrift:
Azərbaycan Ukrayna məsələsi ilə bağlı təqdim olunan qətnamə layihəsinin əleyhinə çıxıb
28.06.2014 [12:08] - Gündəm, Siyasət
Bahar Muradova: “Layihə məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib”

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən yay sessiyasında Ukrayna ilə bağlı məsələdə mübahisə düşüb.

Sessiya çərçivəsində bu gün keçirilən Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə sessiyaya təqdim etdiyi qətnamə layihəsini müzakirəyə çıxarıb.

Qətnamə layihəsində Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

İclasda qətnaməyə ilk reaksiya Azərbaycandan gəlib. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsinə etiraz edib. B. Muradova qeyd edib ki, münaqişələr mövzusunda belə qətnamənin qəbulu ədalətsizdir: “Regionda konfliktin həlli ilə bağlı qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır. Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz? Onsuz da 22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə gələ bilmir. İndi niyə bunun üstündən susqunluqla keçib, birtərəfli qətnaməni müzakirəyə çıxarırsınız? Mən dəfələrlə cənab Kardinə bildirmişəm ki, ABŞ-ın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün ciddi addımlar atmalıdır. Biz Azərbaycan olaraq 22 ildir, işğal olunmuş ərazilərimizin geri qaytarılmasını gözləyirik və məhz sizdən gözləyirik. Bir milyondan artıq qaçqın və məcburi köçkün sizi gözləyir. Biz belə bir qətnamənin həllini 22 ildir gözlədiyimiz halda, siz bizim ölkədə yenə də bunun üstündən keçib, sırf yeni konfliktlə bağlı birtərəfli qətnamə qəbul edirsiniz. Biz düşünürük ki, regionda mövcud konfliktlərin, yeni yarana biləcək konfliktlərin qarşısını almaq üçün ATƏT-in addımlar atmaq şansı yaranıb. Ona görə də biz təklif və tələb edirik ki, cənab Kardin ya bu qətnaməyə bütün konfliktləri salsın, burada əks olunacaq müddəalar balanslı şəkildə Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın maraqlarını əhatə etsin, ya da bu sənədi geri götürüb, üzərində işləyib, yubileyinə hazırlaşdığımız “Helsinki+40” tədbirində müzakirəyə təqdim etsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik”.

Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski isə bildirib ki, beynəlxalq hüquq haqqında danışanda dərin hüquqşünas olmaq lazım deyil: “Ukraynadan ətrafda da konfliktlər var. Beynəlxalq prinsiplərin birbaşa pozulmasına reaksiya verməyəcəyiksə, o zaman bura niyə yığışmışıq? Rusiya tərəfindən beynəlxalq hüququnun norma və prinsipləri pozulub. Biz buna göz yumacağıqsa, niyə işləyirik? Dağılışaq ölkələrimizə, sonumuzu gözləyək”.

Müzakirələr davam edir.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed