Şrift:
Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviç haqqında çəkilmiş filmin təqdimatı olub
04.07.2014 [11:42] - Xəbərlər, Bildiriş
Gəncə Qarnizonunda Azərbaycanın Milli Qəhrəmanı Davidoviç Anatoli Nikolayeviç haqqında çəkilmiş filmin və onun haqqında yazılmış mahnıya klipin təqdimatı keçirilib.

Tədbir Azərbaycanın Milli Qəhrəmanı A.Davidoviç haqqında polkovnik Abdulla Qurbaninin müəllifi olduğu filmin nümayişi ilə başlayıb. Məlumat verilib ki, A.Davidoviç 1965-ci ildə Belarusun Slutski şəhərində anadan olub. 18 yaşlı Anatoli Belarusda hərbi xidmətə çağırılarkən atası Nikolayın yolunu seçərək hərbçi olmaq qərarına gəlir. Sonralar Anatoli zabit kimi Azərbaycanda xidmət edir. 1941-45-ci illər müharibəsi zamanı Belarusun faşizmdən azad olunmasında azərbaycanlıların qəhrəmanlığını yada salan Anatoli artilleriya mütəxəssisi kimi Azərbaycan ordusunda mayor rütbəsində xidmətini davam etdirir və Ağdamda gedən döyüşlərdə həlak olur. 3 iyul 1992-ci ildə Belarus Respublikasının müstəqilliyi günü ona Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Valideynlərinin istəyi nəzərə alınaraq o, doğma vətənində - Belarusun Slutski şəhərində dəfn olunur. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, nazirliyin nümayəndələri Belarusa səfər edib Anatolinin anası, həyat yoldaşı və ondan yadigar oğlu ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət ediblər.

Tədbirdə Gəncə Qarnizonunun rəisi, general-leytenant Rövşən Əkbərov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Böyük Vətən Müharibəsində Belarusun azadlığı uğrunda döyüşlərin iştirakçısı Tofiq Hüseynov belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etdiyini vurğulayıblar. Belarusun Azərbaycandakı səfirliyinin konsulu Oleq Qoroxovik soydaşının xatirəsinin uca tutulmasına görə Azərbaycan xalqına təşəkkür edib. Vaxtilə Anatoli Davidoviçin xidmət etdiyi hərbi hissənin indiki komandiri Vüqar Məmmədov bildirib ki, əsgər və zabitlərimiz Milli Qəhrəmanın döyüş yolunu hər an davam etdirərək zəfər yürüşünə daim hazırdır.

Tədbir Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının ifasında mahnı və rəqslərlə müşayiət olunub. Sonda Milli Qəhrəmanın ailəsinə çatdırılması məqsədilə konsula qiymətli hədiyyə və xatirə tədbirindən hazırlanmış fotoalbom təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed