Şrift:
Rusiyadan alınan 24 ədəd “Mi-35M” döyüş helikopterlərindən ikisi Azərbaycana gətirilib
16.12.2011 [15:44] - Hərb
Azərbaycanın Rusiyadan satın aldığı “Mi-35M” helikopterlərinin ilk partiyası Bakıya gətirilib.

İlk iki döyüş helikopter dekabrın 12-də Rostov-Don aeroportundan «Volqa-Dnepr» aviaşirkətinə məxsus “An-124-100” tipli təyyarə ilə Bakıya göndərilib.

Rusiyanın “Rosvertol” Səhmdar Cəmiyyəti müqavilə üzrə qalan helikopterləri isə 2012-ci ildə Azərbaycanın müvafiq qurumuna çatdıracaq.

2010-cu ilin sentyabr ayında “Rosoboroneksport” şirkəti ilə Azərbaycanın müvafiq qurumu arasında imzalanmış alğı-satqı müqaviləsinə uyğun olaraq, Bakıya 24 ədəd “Mi-35M” döyüş helikopteri göndəriləcək.

İngiltərənin “Janes Defence Weekly” hərbi nəşrinin məlumatına görə, Azərbaycan və “Rosoboroneksport” şirkəti arasında 24 ədəd “Mi-35M” helikopterinin alğı-satqısına dair bağlanmış müqavilənin dəyəri 360 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, “Mi-35” helikopterləri “Mi-24” helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir. Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed