Şrift:
Azərbaycan tanınmış opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova vəfat edib
16.12.2011 [18:00] - Köşə yazarları
Azərbaycan tanınmış opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova bu gün 83 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirib. F. Əliyevanın sözlərinə görə, F. Əhmədova ilə vida mərasimi sabah saat 13-dən 15-dək Opera və Balet Teatrında keçiriləcək. Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946-1951 illərdə Azərbaycan Radiosu Xorunun, 1951-88 illərdə isə Dövlət Opera və Balet Teatrının solisti olub.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edib.
Əsas partiyaları Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puc¬cini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. - dir
Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını ustalıqla ifa edib.

F. Əhmədova 1989-cu ildən Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Soveti (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub, "Şöhrət" ordeni ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed