Şrift:
Dövlət sirri məsələsində ən son yeniliklər qüvvəyə mindi
10.07.2014 [12:37] - Xəbərlər, Gündəm
“Dövlət sirri haqqında” qanuna dəyişikliklər iyulun 9-da prezident İlham Əliyevin imzası ilə təsdiqlənərək qüvvəyə minib. Yeniliyə görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərini prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı keçirir. Yoxlama tədbirlərinin həcmini və keçirilməsi qaydasını yoxlama tədbirlərini keçirən orqanlar hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edir.

Başqa bir yeniliyə əsasən, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar isə bunlardır:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;

- Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq); tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);

- müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

- xarici ölkədə daimi yaşaması;

- Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi;

- yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;

- yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla fərdi qaydada qəbul edir. Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək hüququ var.

Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.

Qanunun tətbiqi haqqında fərman

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı-A +A
09.07.2014 [20:45]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 903; 2007, № 3, maddə 229, № 6, maddə 607) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.8-ci bənddə “21.11-ci” sözləri “21.9-cu” sözləri ilə əvəz edilsin və həmin bənddən “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın;
3.2. 1.9-cu və 3.2-ci bəndlərdə “23.1.2-ci” sözləri “23.1.4-cü” sözləri ilə əvəz edilsin;
3.3. 3.3-cü bənddə “19.0.3-cü maddəsində” sözlərindən sonra “, 21.5-1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;
3.4. 3.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.7, 3.8 və 3.9-cu bəndlər əlavə edilsin:
“3.7. həmin Qanunun 21.5-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;
3.8. həmin Qanunun 23.1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərdə yaşayan vətəndaşlara münasibətdə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
3.9. həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini 23.1.1-ci maddə üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 23.1.2, 23.1.3 və 23.1.5-ci maddələr üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 23.1.4-cü maddə üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 23.1.6-cı maddə üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bu Fərmanın 3.8-ci bəndinə uyğun olaraq), 23.1.7-ci maddə üzrə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.”.
4. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-1-ci maddəsinə əsasən keçirdikləri yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması halları barədə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə məlumat versinlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2014-cü il.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed