Şrift:
İşsiz gənclərə xoş xəbər
18.07.2014 [16:12] - Gündəm, Sosial, Gənclik
Siz də nazirliyin seçəcəyi 15 gəncdən biri olmaq şansını əldən buraxmayın
Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycanda hər 7 gəncdən birinin işsiz olduğunu, yəni ölkə gəncləri arasında 14% işsizliyin olduğunu irəli sürür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu göstərici ilə razılaşmır və 15-29 yaşlı gənclər arasında işsizlik göstəricisinin 9,9 faiz təşkil etdiyini deyir. Amma bununla yanaşı ƏƏSMN gənclərin işlə təminatını yaxşılaşdırmaq üçün BƏT-lə birlikdə yeni layihələr hazırlamaqdan geri durmur. Söhbət “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsindən gedir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,
Azərbaycan da BƏT-in “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsinə cəlb olunub. Yəni “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi də məhz qeyd olunan layihə çərçivəsində icra edilir. “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki Məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur”.

İlk baxışdan 15 nəfər az görünə bilər, yəni 15 nəfər 6 ay hardasa işləyəcək, sonra maliyyə bitəcək və gənclər yenidən işsiz qalacaq. Amma İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev bu pilot layihənin gənclər arasında işsizlik problemini aradan qaldırmağa yardım edəcəyini bildirir: “Layihədə göstərilən 15 gənc ən azından yeni iş yerləri tapmaq imkanına sahib olacaq. Faktiki olaraq həmin layihə çərçivəsində o, gənclərin əmək haqqları subsidiylar nəticəsində ödəniləcək. Nəticədə bu gənclər həmin iş yerlərində özlərinin müsbət tərəflərini göstərə biləcəklər və bacarıqlarını da ortaya qoyacaqlar. 6 ay müddətində uğur qazanan həmin gənclərlə həmin şirkətlər müəyyən müqavilələr imazlayacaqlar. Nəticədə həmin gənclər tam hüquqlu iş sahibi olacaqlar. Bu da gənclər üçün çox böyük imkanlar yaradır”.

Azər Mehdiyev gənclərin işə götürülməsi zamanı şirkətlərin müəyyən problemlər yaratdığını qeyd edir. “Əksər şirkətlərin iş yerləri bağlı elanlarında ən azı 3 il əmək stajı tələb olunur. Belə olan halda təhsilini yenicə başa vuran gənc faktiki olaraq həmin kriteriyalara cavab verə bilmir. Nəticədə həmin gənclər ixtisaslarına uyğun iş yerlərinə sənəd verə bilmirlər. Amma gənclər bu layihədən son dərəcədə yaralanaraq iş sahibi ola bilərlər”.

Lakin ekspert bu cür layihələri təkcə 15 nəfər gənc üçün deyil, böyük kütlə üçün gerçəkləşdirməyi vacib sayır. Onun fikirincə, bu gün gənclərin böyük bir qismi işsizlikdən əziyyət çəkir və müvəqqəti günəmuzd əmək fəaliyyəti ilə məşğul olur: “Gənclərimizin maliyyə imakanları dayanıqlı mənbələr əsasında formalaşmalıdır. Buna görə də uzun müddətli iş yerləri yaradılmalıdır. Belə olmadıqda gənclər göz ixtisaslarına uyğun olmayan iş yerlərində çalışırlar. Və ya həmin onlar miqrasiya etmək məcburiyətində qalırlar. Bu gün hətta Rusiya və Ukraynaya işləməyə gedənlərin də böyük əksəriyyəti gənclərdir”.

Azər Mehdiyev gənclər arasında real işsizliyin BƏT-in göstəricisindən (14%-dən) yüksək olduğunu bildirir. “Bizdə gənclər qanunvericiliyə uyğun olaraq 16 yaşdan sonra işlə məşğul ola bilərlər. Amma BƏT-nın açıqladığı rəqəmlərdə isə bu yaş həddinin 14-29 yaş həddi nəzərdə tutulub. Ona görə də bu fikirdə müəyyən çatışmazlıqlar meydana çıxır. Bizdə əhalinin üçdə bir hissəsi gəncdir. 29 yaşa qədər olan gənclərin 100 mindən artığı tələbədir. Gənclərimizin müəyyən bir qismi də hərbi xidmətdədir. Ona görə də BƏT-in işsiz gənlərlə bağlı həmin açıqlamasını yenidən araşdırmaq lazımdır”. Real rəqəmin daha yüksək olduğunu vurğulayan ekspert Azərbaycanda gənclərin işlə təminatı məsələsi ilə bağlı çox ciddi adımlar atılmalı olduğunu vurğulayır.

Bu sahədə problemin olduğunu gizlətməyən Gənclər və İdman Nazirliyindən isə gənclərin işlə təmin olunması üçün müxtəlif layihələr gerçəkləçdirildiyini vurğulayırlar.
“Məsələn, Nazirlik və İqtisad Universiteti hər il məzun yarmarkaları təşkil edir. Bu yarmarklara bütün şirkətlər cəlb olunur. Həmin şirkətlər yarmarkalarda vakant yerlər təklif edirlər. Məzun yarmarkalarında hər il 500-dən artıq gənc iş tapır”.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed