Şrift:
Bu gün Azərbaycanda rezidenturaya qəbul imtahanı keçirilir
26.07.2014 [11:00] - Gündəm, Gənclik, Bildiriş
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirir.
Komissiyadan verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq. Bakı şəhərində 944 namizədin, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 17 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.
Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi 30 mart 2014-cü il tarixində keçirilmişdir və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın II mərhələsinə buraxılıb.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılacaq.
Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 26-da, II mərhələsi isə iyulun 27-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed