Şrift:
GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA İİ-ci yazı
07.08.2014 [14:37] - Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
II yazı

Birinci yazıda insanların İslam inanclarrının yüksək olduğu və Qurani-Kərimin müqəddəsliyinin yüksək dərəcədə tutulduğunu təsdiqləyən bir rəvayət nəql etmişdik. İndi başqa bir rəvayətdə Göycə camaatının sözə möhkəmliyi haqqında söylənilən keçmiş bir hadisəni təqdim edək.
İki qonşu kəntdən olan bəylər yaylaqda sürülərə baş çəkən zaman görüşürlər və biri digərini təkidlə qonaq dəvət edir. Onlar süfrə ətrafında söhbət edən zaman mehtər qara bir atın yüyənindən tutub alaçıqdan bir az aralı çay kənarından keçərkən nədənsə vahimələn at yüyəni mehtərin əlindən çıxarıb şahə qalxır və kişnəyib qabaq ayaqlarını yerdəki ilanın başına, bədəninə vurub öldürür. Qonaq dəvət olunan bəy atın bu şücaətinə heyran qalır və deyir: -Maşallah, göz dəyməsin! Bu at igidə arxa, düşmənə sipərdi. Görkəmindən cavan heyvana oxşayır, neçə yaşı olar? Mehtər cavab verirr ki, iki yaşı var, Ceyran atın balasıdır, birinci qarına doğulandır, anası iki aya ikinci qarına da doğacaq. Ev yiyəsi olan bəy deyir:- Bəy, Ceyran atın o ikinci balasını indidən sənə bəxşiş deyirəm, bir ildən sonra gəlib apararsan... Vaxt tamam olur, yenə yaylaq zamanı bəylər görüşürlər, süfrədən sonra qarşıda at söhbəti durur. Ev yiyəsi mehtərə işarə edir ki, atı gətirsin. Mehtər həmin keçənilki atı gətirib bəyə təqdim edir. Bəy təəccüb içində deyir:-Bu mən görən keçənilki atdır, bəs Ceyran atın ikinci balası hanı? –Bəy cavab verir,- Atın balası xəstələnib öldü, amma sənə verdiyim söz yerindədir, demişdim Ceyran atın balası sənə peşkəşdir: İndi bu da Ceyran atın balasıdır, uçyaşar köhlən atdır, at sənindir, vəssalam! Bəy daha sözü çevirməyib qara köhləni aparıb gedir. Bəyin kəntçiləri, tay-tuşları deyirlər:- Bu necə olub ki, bəy öz atını sənə peşkəş verib? Axı heç bir bəy öz mindiyi atı peşkəş etməz, bu qeyrətə xələl gətirən şeydir. Bu sözləri eşidən bəy olduqca narahatçılıq keçirib, atı yedəyinə alıb dostu bəyin yaşadığı qonşu kəndə gedir və deyir:- Qardaş mən bu atı peşkəş götürə bilmərəm, axı bu sənin qeyrətinə aiddirsə, demək mənim də qeyrətim sayılır. Atın yiyəsi təbəssümlə deyir:-Bəy, sən ki onu başa düşmüsən, mənə doğma qardaş qədər əzizsən! Mən kişi kimi sözümün üstündə durdum, sən də kişi kimi hərəkət edib məni rüsvayçılıqdan qurtardın...
Bu rəvayətlər olmuş hadisələr əsasında yaranmışdır. Yazdığım iki rəvayətin biri dini inanc, o biri yüksək əxlaq normalarına aid olmaqla Göyçə mahalında olan mənəvi münasibətlərin mütərəqqi səviyyəsindən xəbər verir.
Yuxarıda qeyd etdiyimiz kimi, Göyçə mahalında əsasən Səfəvilər dövrünün başlanğıcından az zaman ərzində formalaşan İslam əxlaqı və xalq yaradıcılığı yüksək vüsət almışdır. Bu dövrdə Oğuz şeriyyəti Miskin Abdalın, Şah İsmayıl Xətainin, Dirili Qurbaninin yaradıcılığı ilə mükəmməl səviyyəyə qalxmışdır. Adlarını qeyd etdiyimiz söz ustalarının sırasında Miskin Abdal yaşca böyük olduğundan belə qənaətə gəlmək olur ki, milli şeirimizin növlərinin mükəmmələşməsi də onunla başlamışdır. İlk “gəraylı”(səkkizlik) janrına Miskin Abdalın dediyi “Nədir” rədifli şeirində rast gəlirik:

NƏDİR
Tərs gəlib fələyin işi,
Lil axan arxdımı, nədir,
Fani dünyanın gərdişi
Dolanan çarxdımı, nədir?

Qalanıb kürsün kürəsi,
Odlanır gözün görəsi,
Tutulub yanı-yörəsi.
Yandırıb-yaxdımı, nədir?

Miskin Abdal, işin xata,
Ünün yetib ərşə çata...
On iki ay müdam yata,
Görəsən baxtımı, nədir?

Miskin Abdaldan (Lələ Hüseyn) sonra Şah İsmayıl Xətainin “Nəzər eylə” rədifli gəraylısının da mükəmməl və quruluş nizamını görürük:

Arif, gəl bəri-gəl bəri,
Gəl, könülə nəzər eylə.
Göz görür, qulaq eşidir,
Söylə dilə, nəzər eylə.

Sufisənsə, alıb-satma,
Halala haramı qatma.
Əyri yola meylin atma,
Doğru ilə nəzər eylə.

Xətai aydır:-Ya qanı,
Mövlam alar verdiyi canı!
Əvvəl kəndi kəndin tanı,
Sonra elə nəzər eylə.

Bu şeirlər o zaman Aşıqların dilində eldən-elə gəzərək Göyçə mahalına da gedib çatmışdır. Həmin dövrlərdə aşıq sənətinə məkan baxımından ilk məlum olan (Şımpır) Babacan kəndində yaşayan Şımpırlı Sevgili adında bir şairə də nakam məhəhəbbətini bildirən “Mənəm” rədfli gəraylı demişdir.


Ana, məni qınamayın,
Bir dərdi beş olan mənəm.
Ağamdan badə almışam,
Bəlaya tuş olan mənəm.

Bir pürkamal igid sevdim,
Sevib-seçdim eşqə düşdüm.
Badəni yarımçıq içdim,
Baharı qış olan mənəm.

Sevgili dönübdü külə,
Dərdi düşməyibdi dilə.
Adını demirəm hələ,
Canı naxoş olan mənəm.

Bu şeiri atam Aşıq Xanbuta “Mahmud və Sevgili” dastanını danışarkən “gəraylı” havası üstündə oxuyurdu. Mən atamdan dastanın tarixi haqqında soruşanda o, cavab verdi ki, dastan Miskin Abdal zamanına aiddir. Buradan belə nəticə çıxır ki, “Mahmud və Sevgili” dastanı XIV əsrə aiddir.
Miskin Abdalla bir dövrdə yaşamış Dirili Qurbani də dediyi “Olmaz” rədifli gəraylısını “Gəraylı” havası üstündə oxumuşdur və şeir aşağıdakı məzmundadır:

Laf eyləmə felli dərviş,
Belə kar eyləmək olmaz.
Yıxıban könlüm evini
Murğuzar eyləmək olmaz.

Dərdini de bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz.

Qurbaniyə verdin məzə,
Dərdini artırdın yüzə.
Dərd biləni dərdbilməzə
Giriftar eyləmək olmaz.

Qeyd etdiyimiz kim, o zamanlarda Göyçə mahalında saz-söz sənəti şifahi olaraq inkişaf edərək ağız ədəbiyyatı formasında cərəyan etmişdir. Əldə olan yazılı məlumatları əks etdirən əşyalar yoxdur. Lakin dastanlardakı yer adları, sözlərin leksionlarından və digər vasitələrdən tarixləri təqribi olsa da, təyin etmək mümkündür.

Ardı var...

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed