Şrift:
Ermənistanla Azərbaycanı istənilən müstəvidə müqayisə etmək ədalətsizlikdir
08.08.2014 [11:33] - Gündəm, Sosial, Gənclik
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi beynəlxalq təşkilatları və bəzi xarici dövlətləri Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və Ermənistana həyata keçirdiyi işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etməyə çağıran bəyanat yayıb.
Bəyanatda deyilir: "Son günlər Azərbaycanın tarixi torpaqları olan və beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ torpağında erməni işğalçı qüvvələrinin təşkil etdiyi kəşfiyyat-təxribat xarakterli hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin növbəti pozuntusu və Ermənistanın bu norma və prinsipləri tənzimləyən beynəlxalq təşkilatlara saymazyana münasibəti kimi qəbul edilməlidir. Ermənistan silahlı qüvvələrinin, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsini tələb edən BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, yerinə yetirilmir. Azərbaycan öz torpaqlarının işğal altında olmasına baxmayaraq münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Lakin Ermənistan tərəfi status-kvonun saxlanılmasında maraqlı olduğundan problemin həllindən qaçır. Aydındır ki, bir zamanlar Azərbaycan torpaqları üzərində yaradılan Ermənistana Azərbaycan dövləti bu torpaqlarda ikinci bir erməni dövləti yaradılmasına imkan verməyəcək. Bununla bağlı Azərbaycanın hakimiyyəti və hakimiyyətin yeganə mənbəyi olan Azərbaycan xalqının fikiri birdir, əgər münaqişənin sülh yolu ilə həll olunması mümkün olmasa, Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə öz torpaqlarını azad etməyə hazırdır.
Lakin çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münaqişəsində işğalçı və işğala məruz qalan tərəflərə çox vaxt dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münasibət eyni olur və problemə ikili standartlardan yanaşılır. Biz bu gün Ermənistana hərbi, siyasi və digər yardımların dayandırılmasını, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistana qarşı təzyiq və sanksiyaların tətbiq olunmasının lazımlılığını bəyan edirik.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər son günlər qoşunların təmas xəttində erməni işğalçı qüvvələrinin təxribatına ədalətli mövqe ortaya qoya bilməmişdir. İşğalçı Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların, beynəlxalq vasitəçilərin qətiyyətsizliyindən istifadə edərək təxribatçı əməllərini, işğalçılıq siyasətini davam etdirir. Bu gün Ukrayna böhranına, Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, təziqlər göstərilir. Lakin işğalçılıq, separatizm siyasəti yürüdən Ermənistana yardımlar edilir. Cəbhədəki bu gərginlikdən cəmi bir neçə gün qabaq öz dədə-baba torpağını, ata-analarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedən 3 mülki vətəndaşa qarşı erməni əsgərlərinin törətdikləri vəhşiliklər ( onlardan birinin gözü çıxarıldı, biri öldürüldü) və onların hələ də vətənlərinə qaytarılmaması, lakin buna bütün dünyanın susması bizi çox narahat edir.
İnsan hüquqlarını "müdafiə edən", Azərbaycanda insan hüquqları pozuntularının olduğunu iddia edən təşkilatlar işğalçı Ermənistan dövləti tərəfindən bütün fundamental hüquqları pozulmuş bir milyondan çox məcburi köçkünə qarşı diskriminativ münasibət göstərir. Budurmu, ədalət? Bir milyondan artıq qaçqın və məcburi köçkünün, minlərlə şəhid və qazi ailəsinin, hər an qorxu və səksəkə içində yaşayan cəbhəboyu kəndlərimizin sakinlərinin hüquqları sizləri düşündürmürmü? Bəlkə, bir az da bu haqda düşünəsiz... "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi olaraq, beynəlxalq təşkilatlardan, Minsk qrupuna həmsədrlik edən dövlətlərdən Ermənistana beynəlxalq hüquq normalarını kobud surətdə pozduğuna görə sanksiyalar tətbiq etməyi, insanlığa qarşı müharibə cinayətləri törətmiş əli qanlı erməni rəhbərlərinin məsuliyyətə cəlb olunmasını təmin etməyi tələb edirik."
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed