Şrift:
Milli hüquqların dəfn olunduğu Dərbənd
27.09.2011 [17:15] - Dərbənd
Səssiz deportasiya daha da dərinləşdirilir

Arxeoloji qazıntılar sübut edir ki, Dərbənd türklüyün beşik mədəniyyətinin bir yadigarıdır. İndi bu şəhərdə 150 minlik türk əhalisinə qarşı repressiya siyasəti aparılır. Səssiz deportasiya daha da dərinləşdirilir. Tarix kitablarından əcdadlarımızın yadigarı kimi bildiyimiz, qavradığımız və sevdiyimiz ulu Dərbəndlə qürur duysaq da, real həyatda onu hər gün itirmək təhdidi ilə üz-üzə dayanmışıq.
Dərbənd orta məktəblərinin 70 faizində guya Azərbaycan türkcəsi və ədəbiyyatı tədris olunur. Əslində tədris proqramı elə hazırlanıb ki, həftədə iki dəfə (ana dili və ədəbiyyat) dərs saatı bütün bunlar üçün yetərli deyil. Digər tərəfdən isə 3 sinfə bir ədəd dərslik kitabı düşür. Çünki lazımi ədəbiyyat yoxdur. Dərbəndin 47 türk kəndində də durum belədir. Faktiki olaraq, Azərbaycan türkcəsi və ədəbiyyatının tədrisi üzrə müəllimlərin sayı 50 faizdən çox çatışmır. Demək olar ki, yeni nəsil ana dilində yazıb-oxumağı bacarmır.
Azərbaycanın Təhsil və Mədəniyyət Nazirliyinə müntəzəm şəkildə müraciətlər olunsa da, hələ ki, Dərbənddəki problemlərə məhəl qoyan yoxdur. Həftədə bir dəfə kiril əlifbasında nəşr edilən “Dərbənd” qəzetinin maddi-texniki bazası demək olar ki, 1950-ci illər səviyyəsindədir.
Azərbaycandan isə oraya heç bir ədəbiyyat, dərslik, jurnal və qəzet göndərilmir. Dağıstan “Azərbaycan Dövlət Teatrı”nın direktoru vəzifəsini icra edən Şahlar Xalikovu əhali daha çox “pendir, qatıq, şor, lavaş, göy-göyərti” biznesinin nümayəndəsi kimi tanıyır. Belə bir təfəkkürün yiyəsi teatrı da özünün mülkiyyətinə çeviribdir.
Dağıstanda faktiki olaraq bütün xalqların dillərində televiziya və radio kanalları, jurnallar mövcud olsa da, bunu həmin xalqlara tarix boyu mədəniyyət örnəyi olmuş Azərbaycan türklərinin mədəni həyatında görmək olmaz. Çünki mədəniyyət idarəsinin müdiri Hüseynbala Hüseynovu bu vəzifəyə tamadalıqdan gətiriblər. Onun milli mədəniyyətimizin təməl prinsipləri haqqında adi təsəvvürü belə yoxdur.
Regionla bağlı müşahidələrə əsasən demək olar ki, Dağıstanın mədəniyyət naziri Zümrüd Süleymanovanın sanki əsas vəzifəsi Dərbəndin mədəni həyatından Azərbaycan türklərinin sıxışdırılması ilə məhdudlaşır.

Statistik göstəricilər sindromu

1989-cu ildə Dərbənddə şəhər əhalisinin sayı 100 min nəfər idi. Onlardan 271 nəfər avar, 1 min 147 aqul, 21 min 600 Azərbaycan türkü, 1 min 482 erməni, 3 min 242 dargin, 4 min 540 yəhudi, 2 min 427 dağ yəhudisi, 6 min 152 tat, 441 kumuk türkü, 451 lak, 16 min 993 ləzgi, 49 noqay türkü, 7 min 644 rus, 392 rutul, 8 min 766 tabasaran, 165 tatar türkü, 723 ukraynalı, 18 tsaxur, 34 nəfər çeçen və digər xalqları təmsil edirlər.
2002-ci ilin statistik göstəriciləri isə belədir: ümumi şəhərin əhalisinin sayı 101 031 nəfərdir. Onlardan 442 nəfər avar, 2 min 956 aqul, 32 min 064 nəfər Azərbaycan türkü, 1 min 534 erməni, 5 min 582 dargin, 813 yəhdi, 911 dağ yəhudiləri, 314 tat, 552 kumuk türkləri, 436 lak, 32 min 955 ləzgi, 28 noqay türkü, 5 min 073 rus, 716 rutul, 15 min 606 tabasaran, 126 tatar türkü, 246 ukraynalı, 78 tsaxur, 17 çeçen və digər xalqlar…
Mütəxəssislər bildirirlər ki, Dağıstanın və Dərbənd şəhərinin statistika sektoru 2002-ci ilə qədər antitürk siyasəti yürüdən məmurların nəzarətində olubdur. Buna görə də onlar Dərbənd şəhərilə bağlı statistik rəqəmləri istədikləri kimi “yuvarlaqlaşdıra” biliblər. Halbuki təkcə Dərbənddə Azərbaycan türklərinin sayı ən azından 60 min nəfərdir.

Dərbəndi itirmişikmi?

Dağıstanın 11 il baş prokuroru olmuş, Azərbaycana qarşı separatçı siyasətin uzun illər başında durmuş İmam Yarəliyev son bir ayda gözlənilmədən Dərbəndin meri kürsüsündə otuzduruldu. Bu ilin payızında təkrar keçiriləcək mer seçkisində İmam Yarəliyev indidən özünü əsas favorit namizəd hesab edir.
Müşahidələrə görə, Azərbaycan dövlətçiliyinə qarşı formalaşmaqda olan “Cənubi Dağıstan” ideyasının əsas tərkib hissəsi İmam Yarəliyev və onun ətrafının Dərbənd şəhərini öz nəzarətlərinə almasıdır. İmam Yarəliyev indidən Dərbənddə kiçik sahibkarlığı diz çökdürmək xətti götürmüşdür və bu əməlini davam etdirir. Onun nəzarətində olmaqla iri ticarət mərkəzləri yaradılmaqdadır. Xüsusilə Azərbaycan türklərinə məxsus ticarət, istehsal, sənaye mərkəzlərinə qarşı sərt rəftar gücləndirilibdir.
Digər tərəfdən isə Rusiya hakimiyyətinin rəhbərliyini inandırmaqla regionda güclü yatırım siyasəti aparacaqlarına söz verən, Fransadakı erməni bankları ilə ortaq olan Süleyman Kərimov kimi milyarderlər bu gün İmam Yarəliyevin yanında yer almışlar.
Hazırda Dərbənddə aparılan digər bir qorxulu siyasətin əsas tərkib hissəsi oktyabrdakı mer seçkilərindən sonrakı mərhələnin təhlükəsidir. Çünki Kremldə və erməni texnoloqlarının mətbəxində hazırlanmış əməliyyatın son nəticəsi Azərbaycan türklərinin “səssiz deportasiyası” olacaqdır. Buna indidən ciddi yanaşmaq gərəkdir. Halbuki Qafqazı 1920-ci illərdə tədqiq etmiş dünyaca məşhur olan akademiklər – Yevgeni Bertels və Vasili Bartold Dərbəndin ən qədim türk şəhəri olmasını Dədə Qorqudun məzarının burada yerləşməsilə təsdiq etmişdilər. Bu gün isə Rusiyanın əcaib Qafqaz siyasətinin reallıqları başqadır.
…Bu günün özündə belə, Dağıstanda, Dərbənddə Azərbaycan türklərinin aqul, tabasaran, dargin, lak, tsaxur, çeçen, tat, rus, rutul, avar və digər xalqlarla səmimi münasibətləri davam etməkdədir. Heç bir milli, dini və ya irqi ayrı-seçkilik anlayışı bu topluluqlar arasında yoxdur.
1950-ci illərin əvvəllərində İosif Stalin və Anastas Mikoyan cütlüyünün gündəmə gətirdiyi siyasətə görə, guya dağlıq rayonlarda torpaq sürüşmələri və zəlzələ təhlükəsi olduğu üçün bir sıra xalqlar bozkıra köçürüldülər. Onlar Dərbənd, Xasavyurt, Babayurt, Buynak, Erpeli, Karabudax, Utemş, Endirey, Aksak, Köstek, Bammatuli, Babayurt, Kumtorkala, Kayakent, İzberbaş, Kaytak və digər rayonlarda məskunlaşdırıldılar. Məhz bu tarixdən başlayaraq, həmin torpaqlarda antitürk əhal-ruhiyyəsi dərinləşdirildi. İndinin özündə belə Dərbəndi qorumaq heç də gec deyil.
Bu xəbər oxucular tərəfindən 1437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed