Şrift:
“Soyuq” dastanı (ixtisarla)
20.12.2011 [15:34] - Mədəniyyət
“Soyuq” Azərbaycanın ən əzəmətli dağlarından biridir. Əslində dağ olmaq elə əzəmətin özü deməkdir. Amma Soyuğun möhtəşəmliyi onun zirvəsində TÜRK ƏSGƏRİNİN DURMASINDADIR!
İyirmi il əvvəl isə bu belə deyildi. Dağın özü strateji cəhətdən əhəmiyyətli olduğundan Sovet Ordusu onu bizim sərhəddlərimizdən ayırmaqla Ermənistana ərməğan etmək istəyirdi. Lakin onlar hər zamankı kimi bir həqiqəti yenə də unudurdular. Bu ölkənin son damla qanına qədər vuruşacaq oğulları vardı...
Yenə də elə oldu. Erməni, rus saydığını sayanda bizim oğullar da tədbir tökdülər. 25 nəfərlik dəstə, Fərəc Quliyevin başçılığı ilə 17-si dekabrda, özünün qarşıdan gələn doğum günündə özünə və Vətənə həmin hərbi lokasiya stansiyasını, Soyuq dağını hədiyyə etdi. Soyuq dağı alındı. Prezident fərmanıyla Fərəc Quliyev Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü. Lakin əsl qəhrəmanlara xas əsalət burada da özünü göstərdi - Fərəc bəy bu tituldan imtina etdi!
Bu qəhrəmanlıq salnaməsinə yazlımış poemanı Soyuq dağının alınmasının ildönümü münasibətilə, ixtisarla sizə təqdim edirik:




Qarışıb yer üzü, çaxnaşır dünya,
Atılıb ortaya şər, böhtan, riya.
Yüz tələ qurulub Azərbaycana,
Daşnak itilənib girib meydana.
Başlanıb “Qarabağ” adlı fitnə, hərb,
Daşnağa arxadır Şimal ilə Qərb.
Xaçpərəst aləmi hər cürə-qəti,
Tapdayır bilərək haqq-ədaləti.
Təcavüz, işğalın havadarları
Ağa qara deyir, var maraqları.
Qərbi Azərbaycan-Türk ellərindən
Qovulmuş insanlar-türksüzdür felən.
“Böyük Ermənistan” təmənnasında
Daşnak tüğyan edir şər qaydasında.
Arxasında Sovet hərbi qüvvəsi,
Güvənib şimala daşnak hiyləsi.
Təklənib zavallı Azərbaycan da,
Səsini eşidən yoxdur, nə fayda...
Daşnağın niyyəti, məkri var belə:
“Soyuq” yüksəkliyi keçməli ələ.
Burada yerləşən hərbi bazada
Güclü qurğular var, silah-sursat da.
Dağların ucası-bu yerdən deyək,
Naxçıvan görünür ovuc içi tək.
Sovet hərbçiləri rus millətindən
Daşnağa yönlüdür şər niyyətindən.
Bəli, sövdələşmə ölçüb-biçilir:
“Soyuq” daşnakların əlinə keçir...
Beləcə, Naxçıvan topa tutulur,
Kəndlər, qəsəbələr göyə sovrulur.
Dağılır el-oba, insanlar qaçır,
Daşnak Naxçıvanda qol-qanad açır...”
Düşünür Vətənin mərd oğulları,
Arayır qurtuluş, nicat yolları...
Fərəc bəy narahat, gərgin əhvalla,
Dolanır başında yüz cür sualla.
Düşünür:” Hər necə olsa da, gərək
“Soyuq” bazasını ələ keçirək...
İndi tədbir, əlac görməsək, sonra
Olacaq günümüz qaradan-qara.
İgid oğullar var bütün varlığı,
ürəyi Vətənə, millətə bağlı.
Onlardan səfərbər edərək hökmən,
Soyuğa yürüşü başlayacam mən!”
İyirmi altı fərd, şirbiləkli ər,
topladı başına igid, cəngavər...
Qoyuldu qarşıya hücum planı,
yarandı tarixin “Soyuq” dastanı:
Qışın oğlan çağı- şaxta, boran, qar,
dayanmış qarşıda silsilə dağlar.
Soyuğun zirvəsi görünür, odur,
ora qalxmaq müşkül, çox qorxuludur.
Qalın qar layını yarıb gedərək
sürüşmə, uçurumlar keçəsən gərək.
Zirvəyə qalxdıqca güclənən şaxta,
damarlarda qanı dondurur laxta.
Başlıca təhlükə - rus hərbçiləri,
qoruyur bazanı - həmin o yeri.
Basqını, həmləni duysalar əgər,
bir anda hər yeri şam-şum edərlər.
Dolu tək yağdıran pulemyotlardan,
kim yayına bilər, kim qurtarar can...
Nəhayət, ”Ya ölüm, ya qalım! “ deyən,
iyirmi altı ər geyindi kəfən:
Kəfənə bənzəyən ağ masxalatda
səfərbər oldular əldə silah da.
Budur, qış gecəsi-qaradır hər yan,
əqrəb beşə tərəf gedir anbaan.
Səhər gözlərini açmamış hələ
külək də aləmə salmış vəlvələ.
Fərəc bəy nitqinə başladı məğrur,
söylədi: - Qardaşlar, borcumuz budur:
baxın o görünən qarlı zirvəyə,
qalxmalıyıq ora vacibdir deyə.
Sizin qəlbinizdə yanan hər məşəl
Vətən sevgisidir, oddur müfəssəl.
O odun, alovun qarşısında məhz
nə boran, nə şaxta, şər dura bilməz!
Odur ki, igidlər, səhərə qədər
“Soyuq” bizimkidir, sizdədir hünər!
Vətən, yurd qorumaq haqq işimizdir,
bu bir şanlı tarix- keçmişimizdir.
Vuran qəlbimizdə türk qanımız var,
Tomrislər, Babəklər- ad sanımız var...
Haydı, başlayırıq gərgin yürüşə,
Tanrı bizimlədir, yoxdur əndişə!
Fərəc bəy sözünü qurtaran zaman,
dəstə hərəkətə gəldi durmadan.
Gəldilər o yerə- dərə yuxarı,
baxanda görünür dağın baxarı.
Qılinc tək kəsirdi şaxtanın yeli,
qarlı yoxuşlardan qalxaraq xeyli.
Çatdılar Vənəndə- həmin kəndə ki,
Yerləşir orada rus hərbçiləri.
“Soyuğ”un rabitə bölməsi olan,
tutuldu bu məkan uğurla, asan.
Elə ilk həmlədə, ani sürətlə,
hücum sona yetdi həm sücaətlə.
Şığıdı igidlər qartala bənzər,
alındı postlardan gözətçi əsgər.
Sonra söyləyərək gizli porolu,
Tutdular bunkerə açılan yolu.
Nə qədər ki, vardı əsgər, zabitlər,
heç kəsə toxunma, olmadı zərər.
Xülasə, Vənənd də belə alındı,
bu iş qaydasına, yola salındı...
Ordubad AXC igidlərindən
Vənəndə nəzarət, qoyuldu güvən.
İndi qarşıdakı əsas mərhələ,
“Soyuq” məsələsi qalırdı hələ.
On beş kilometr yoxuşlu yollar,
Dumanlı, çisginli, dizə çıxır qar.
Soyları türk olan iyirmi altı,
seçildi bir dəstə “cəbhəçi”qatı.
Nə isə, açıldı dumanlı səhər,
Hərəkətə gəldi cəsur igidlər.
Dizə çıxan qarı yarıb cəng edən,
Cəngavər gənc idi qabaqda gedən.
Düzülüb ləpirlə gələn dəstənin,
hərəkəti hərdən olurdu çətin.
Kiminsə ayağı sapsa ləpirdən,
sürüşüb dərəyə düşürdü birdən.
Sonra kəndir atıb çıxarmaq onu,
xeyli vaxt itirmə olurdu sonu.
Qalxdıqca yuxarı külək, qasırğa,
qatılaşıb duman, artırdı qovğa.
Bir metr qarşıda olanı ancaq,
görmək mümkün idi-əhval bu sayaq...
Sürüşmə zamanı dizi əzilən,
göndərildi geri həmin o ərən.
Ona yardım etdi əlaqəçilər,
atılan “fişəng”lə verdilər xəbər.
İyirmi beş nəfər qaldı cəng edən,
Boran, qasırğalı, qarlı yol gedən.
Dəstəni aparan bələdçinin də,
şübhələr yarandı hərəkətində.
Baxırdı dayanıb şiş qayalara,
təxmin eləyirdi çatmışlar hara.
Əvvəldən işarə seçdiyi yerlər,
Sanki dəyişmişdi, edirdi nəzər.
Fərəc bəy narahat, pərişan əhval,
dedi bələdçiyə:-Aç, söylə dərhal!
Yoxsa səhv gəlmişik- azmışıq nədir,
uzandı nə üçün bu qədər tədbir?
Artıq yeddi saat yol gəlirik biz,
“Soyuq”dan hələ də yoxdur əsər-iz.
Söylədi bələdçi:- Etməyin təşviş,
gedir öz yolunda, qaydasında iş.
Səbr edin, çatmışıq, getsək də bir az,
görünəcək “Kupol” adlanan cihaz.
Uzanıb azacıq gəldiyimiz yol,
azmaq söhbətindən tam arxayın ol.
İndi o təpəyə qalxandan sonra,
Güclənəcək soyuq, külək qasırğa.
Görürsüz, açılıb hava nə qədər,
Qalmayacaq sonra dumandan əsər...
Olsa da yorulmaq, əzab-əziyyət,
Dəstə yüksəkliyə qalxdı, nəhayət.
Bu müdhiş zirvədən bazaya sarı,
Yürüşə başladı Türk oğulları.
Gəlib yetişdilər, öndəki postlar,
Tamamən boş idi, imkan, fürsət var.
Əsirdi şimaldan şaxtalı külək,
Sovururdu qarı cərəyan edərək.
Baxanda postlardan küləyə qarşı,
Donurdu gözlərdə gilənin yaşı.
Qasırğa, rüzgar vermirdi aman,
Kor olub qalırdı kirpiyi qalxan.
Odur ki, bazanın rus hərbçiləri,
Dolmuşdu bayırdan hamısı içəri.
Bunkerin ağzında keşikçi əsgər-
Gəzirdi bürüşük bir neçə nəfər.
Postu gücləndirən “avçarka”lar da,
donmuşdu soyuqdan dar yuvalarda.
İgidlər də gələn şimal tərəfdən,
Faydalandı ərlər bu fürsət, nəfdən.
Süründü igidlər işarə-himlə,
“Soyuq” bazasına başladı həmlə.
Bu qəfil hücumdan rus hərbçiləri,
Qorxdular, qalmadı can təpərləri.
Ağ masxalat geymiş aslana bənzər-
İyirmi beş igid göstərdi hünər.
Ley kimi şığıdı hərə bir yana,
Saldılar tədbiri- işi səhmana.
Rabitə xəttini tutdular əvvəl,
Yəni ki, olmasın mərkəzdən əngəl.
Əsgərlər də təslim oldular həmən,
Nəyə uğradılar, etmədilər zənn.
Gizli parol idi bunkerə açar,
Yaradı bu işə əsgər girovlar.
Söylədib əsgərə gizli parolu,
Girdilər bunkerə cihazla dolu.
Burada yerləşən hərbçilər bütün,
bu qəfil həmlədən itirdi özün.
Hamı yerindəcə donub qaldılar,
Silahı buraxıb təslim oldular...
Bazanın böyüyü - komandir ilə
Başlandı danışıq, izahat belə:
Fərəc bəy söylədi: - Sövdələşmə var,
Marıtda durublar indi daşnaklar.
Üç günə komanda əmri ilə siz,
Bazanı daşnağa verəcəkdiniz.
Məqsəd belədir ki, başlıca plan-
mərmi atəşində qalsın Naxçıvan.
Artıq xəbərdarıq şər, xəyanətdən,
Daha kənardasız səlahiyyətdən.
Buraxırıq sizi, gedə bilərsiz,
Bu gündən “Soyuğ”un sahibiyik biz.
Rus generalı tutdu ki, xəbər,
“Soyuq” bazasını almışlar türklər.
Rabitə yaradıb Fərəc bəy ilə,
Hədə-qorxu gəldi məzmunu belə:
-Təcili bazanı tərk etməsəniz,
Çox kəskin olacaq tədbirlərimiz.
Adicə bir raket atsaq bəs edər,
Yanıb kül olarsız sümüyə qədər.
Fərəc bəy dinləyib dedi: - General,
Siz düşünən kimi deyildir əhval.
İndi əlimdədir zabitləriniz,
Hədəyə rəğmən üzr istəyin siz.
Yaxşı fikirləşin, əks təqdirdə,
Olacaq işimiz belə tədbirdə.
Hər beş dəqiqədən bir, bir zabit, inan,
Güllə yeyəcəkdir, sizdədir zaman!..
Bu kəskin, qorxulu fikirə qarşı,
Düşündü general, işlədi başı.
O üzr istəyib fikir bildirdi,
-Zabitlərə xətər etməyin,- dedi...
Göndərin onları helikopterlə,
Dəymirik biz sizə, qoy olsun belə...
Qurtardı sülh ilə təhlil, danışıq,
Hər iki tərəfdən oldu barışıq...
Hərbi “vertalyot”da rus hərbçiləri,
Tərk etdilər “Soyuq” adlanan yeri...
Keçdi bir neçə gün, açıldı səhər,
Baş verdi növbəti şər hadisələr.
Gün gəldi günorta yerinə qalxdı,
Göydəki buludlar cənuba axdı.
Qarlı zirvələrdə açıldı hava,
Başlandı vurhavur, atışma-dava.
Bəli, hadisədən tamam bixəbər,
Qalxmışdı zirvəyə daşnak-şərxətər.
Qara qarğa kimi ağ qarın üstə,
Görünürdü gələn saqqallı dəstə.
Guya ki, danışıb iki xaçpərəst,
Türkün əleyhinə qurmuşdular qəsd:
Arxayın idilər ruslar tərəfdən,
Müqavimət, filan - kənardır felən.
Hardan biləydilər qurduqları şər,
Çönüb özlərinə yetirər xətər...
Şeytan öz şərində qalsın hələlik,
İgidlər də mövqe tutdular çevik.
Daşnaklar gördülər ruslardan xəbər,
Yoxdur qarşılama, duyuq düşdülər.
Əsgər postlarına az məsafədə,
dayanıb baxdılar qorxu, şübhədə.
Elə ki, qəflətən yağanda güllə,
Yayıldı dağlara fəryad, ah, nalə.
Oldu pərən-pərən saqqallı dəstə,
Sərildi meyitlər qarların üstə.
Başladı atmağa sağ qalanları,
Əsib titrəyirdi qorxmuş canları.
Aman vermədilər igidlər, həmən,
Aldılar nişana məhv oldu düşmən.
Şər qarışan zaman qurtardı dava,
Gün qürüb edərkən qaraldı hava.
Başlandı yağmurlu şaxtalı rüzgar,
Örtdü meyitlərin üstünü ağ qar...
Neyləmək, qəlblərə girərsə şeytan,
Olur vəhşilərdən yırtıcı insan.
Yüz ildir baş kəsir, qan tökür daşnak,
Riyalar gəzdirir, şər deyir ancaq.
Rusun, ingilisin qurması, feli,
nə vermiş o xalqa, çıxsın irəli.
Əfsus ki, anlamır müti erməni,
“Böyük Ermənistan” xülyadır yəni.
Yarım milyard türkə
heç bir zaman məhz,
üç-dörd milyon daşnak
güc gələ bilməz...
İndi məqamıdır, mənzum bir şeir,
Söyləyək mətləbə mövzuya dair.
Ürək pərvazlanıb, deyilmiş gözəl,
Bu sözlərdə məna hikmət var özəl:
Yenə də dastanı davam edərik,
Qalxarıq Soyuğa - dağa gedərik.
Deyərik igidlər neyləmiş sonra,
İzahat verərik sərt olaylara.

TÜRK OLACAQ...

Zülmətlərdə yatsa baxti,
Boş qalsa da tacı-taxtı,
Gəlib keçər yatan vaxtı,
Düşmənlərdən öc alacaq,
Sonda qalib Türk olacaq!

Parçalanıb Turan eli,
Yurddan axır kafir seli,
Qırılacaq şərin beli.
Xaç atası saç yolacaq,
Sonda qalib Türk olacaq!

Bölünsə də min bir ada
Böyük Turan düşür yada,
Boz qurd bir də çatıb dada,
Yolumuza iz salacaq,
Sonda qalib Türk olacaq!

Türk soyları boynu bükük,
Qan ağlayır Şuşa, Kərkük,
Ayılacaq, qalxacaq Türk,
Məqamına ucalacaq,
Sonda qalib Türk olacaq!

Özünə əl qaldıranda,
Gücü batdı Çaldıranda,
Ərlər gücün qaytaranda,
Kədər yanıb, qəm solacaq,
Sonda qalib Türk olacaq!

Dərdlər əymədi qəddini,
Hər kəs bilər öz həddini,
Axır aşıb Çin səddini,
Zəfər marşın tək çalacaq,
Sonda qalib Türk olacaq!

Durulaşıb, bərkişəcək,
Türkün özü türkləşəcək...
Daha dərin kökləşəcək,
Türk başına Türk dolacaq,
Sonda qalib Türk olacaq!

Çox uzağa getdi mövzudan deyə
Sözün yüyənini çəkək geriyə.
Qaytaraq Soyuğun dağ zirvəsinə,
Baxaq imperiya vəlvələsinə.
Moskvadan təzyiqlər edirdi “haylar”,
General tamamən qalmışdı naçar.
Rabitə yaradıb Fərəc bəy ilə,
hədə-qorxu gəldi yenə də belə:
-Təcili bazanı tərk etməsəniz,
Çox kəskin tədbirlər görəcəyik biz.
Adicə bir raket atsaq, bəs edər,
Yanıb kül olarsız sümüyə qədər!
İndi fikirləşin, seçim sizdədir,
Bilin ki, hər silah, qüvvə bizdədir.
General sözünü deyib dayandı,
Cavab gözləyərkən söhbət uzandı.
Fərəc bəy səbirlə axıra qədər,
dinləyib söylədi: - eşitdik, yetər.
Demək, sövdələşmə, danışıq-hiylə,
Baş tuta bilmədi ermənilərlə.
“Soyuq” verilsəydi onlara öncə,
Razı salardı sizi, bəs necə!
Naxçıvan hədəfdə qalardı bütün,
mərmi atəşilə yanardı hər gün...
Necə qəbul edir sizdəki vicdan,
Bu qədər məhv olur günahsız insan!
Heç də gizli deyil bu qurmalar, şər,
İrtica kabusa olmusuz nökər.
Nə pislik görmüsüz türklərdən ki, siz,
doymur qan içməklə vəhşi təşnəniz.
Bir nəzər yetirin genlərinizə,
erməni yaxındır, yoxsa türk sizə?!
Ya tatar, ya başqır hər birinizin,
Qanı dövr eləyir damarda sizin.
Xilas etdi sizi Bakının nefti,
Nə tez xatirələr silinib getdi...
Yusif kəşf etdiyi “Katyuşa” adlı,
silah olmasaydı, nələr olardı...
Almanlar savaşı udsaydı əgər,
bilirsiz, tarixdə olardı nələr...
İndi rus adında yox idi millət,
yaxşıya budurmu verilən qiymət?
Yəhudi, ingilis başından çıxan
fikir insanlığa gətirmiş ziyan.
Düşmüsüz toruna hiyləgər qərbin,
Nədir mənfəəti savaşın, hərbin!?.
xalqlara azadlıq olacaq guya,
Budurmu verilən demokratiya!
Hər bir respublika, dediniz millət,
Ayrılıb yaşasın suverən-sərbəst.
Bəs nədən pozulur mövcud sərhədlər?
Durur arxasında sizin fitnə, şər!
Qərbi Azərbaycan rus əsgərilə,
Türkdən boşaldıldı verildi hələ.
Ardınca “Qarabağ” iddiasında,
Daşnak tüğyan edir xaç fitvasında.
Bütün bu oyunlar xidmətinizdir,
İmperiya məkri-niyyətinizdir...
Xülasə, olsa da gücünüz, hərgiz
“Soyuq”u qaytarmaq, yoxdur fikrimiz.
Demək, biz qaytaraq, verəsiz siz də,
otursun daşnaklar bu yüksəklikdə?!.
General əsəbi danışıq ilə,
Söylədi səsini qaldırıb zilə:
- Hər necə olsa da, mənim işim, bil,
Hərbi zabit kimi siyasət deyil.
Sonra çəp suallar verdi general,
Fərəc bəy də cavab söylədi dərhal:
- Sizdə bu məlumat, hardandır xəbər?
- “Yerin də qulağı vardır” deyərlər.
- Olmayıb daşnakla, saziş nə filan.
- Mənim varliğimdan uzaqdır yalan.
-Yaxşı, lap son dəfə əmr edirəm mən,
Boşaldın “Soyuq”u təcili, hökmən!
- Mənə əmr eləyən Vətənimdir tək,
Xalqımın naminə şərəfdir ölmək!
Fərəc bəy də dedi kəskin sözünü,
Sonra igidlərə tutdu üzünü:
- Kəsin rabitəni, danışıq yetər,
Onlar iblisdən də betərdir-betər.
Hələ ki, dayanaq, gözləyək, görək,
Sonra taleyimiz nə göstərəcək?
Əlavə bir dəstə silahlı- güvən
Gəldilər Ordubad Xalq Cəbhəsindən.
Beləcə, igidlər imkan var qədər
Qorunma xəttini möhkəmlətdilər.
Keçdi üç gün belə, saat fırlandı,
Rusiya tərəfdən təpki dayandı.
Başqa bir fikirə gəldi general,
Hiylə, fel tərəfə yönəldi əhval.
Düşündü: “Raket atıb bazanı
Dağıtsaq verəcək hansı faydanı?
Yaxşısı budur ki, casus göndərək,
İşi mənfəətli səmtə döndərək.
Bizə işləyənlər-adamlar ki, var,
Cəbhə daxilində qurma qursunlar.
Onlardan bir-neçə fəal, hiyləgər,
qalxsınlar “Soyuq”a könüllü “ əsgər”.
Təxribat törədib, yaysınlar şayiə:
“Basqın hazırlanır “Soyuq”a “ deyə.
Hərbi helikopter hücümlarından,
Baza taran ilə olacaq yeksan.”
Bundan təşviş edib o cəbhəçilər,
Helikopter görsə qaçacaq yeksər.
Hiylə asan edər bu məsələni,
Sonra da daşnaklar tutar zirvəni...”
General düşünsün tədbir bu yöndə,
Biz də görək qədər - nə durub öndə...
Məqamdır, zirvədən baxaq uzağa,
Nəzər yetirək bir sola, həm sağa.
Kiçik Qafqaz adlı dağ silsiləsi,
Görünür buradan dağ mənzərəsi.
Bulanıq görkəmi Ağrı dağın da
Cəlb edir nəzəri çox-çox uzaqda.
Arazdan cənuba baxdıqca odur,
Qarşıda Savalan qurşağı durur.
Qışın oğlan çağı qarlı təbiət,
Gah boran-çovğunla yaradır vəhdət.
Gah gün şüasını əks eyləyərək,
Parlaq ağ örtüyü yanır gümüş tək.
Nə isə, bu qarlı, vüqarlı dağlar
Eralar ötürüb, keçib o çağlar.
Tanrı yer üzünü yaradan zaman,
Vermiş təbiətə səliqə-səhman.
Adəmlə Həvvadan törəmiş bəşər,
Qafqazın sakini doğulmuş Türklər.
Alp dağlar oylağı olub Oğuzun,
Dədə Qorqud boylar söyləyib uzun.
Ağrı, Alvız, Murğuz, Şah dağ, Savalan,
yaranıb hər biri türk anlamından...
Şumer, Manna, İskid, Alban, Səfəvi,
Oğuz idrakıdır- tarix mənəvi...
Beləcə, soylar da köklü-budaqlı,
Türkün Oğuz qolu olmuş soraqlı.
Dərbənddən Krıma yayılıb getmiş,
Kərkük ellərini yurd-yuva etmiş...
Bəs nədən şöhrətli, qüdrətli ellər,
Əsarət cənginə düşüb bu qədər?
Çünki günahı var şah babaların,
Açması acıdır müəmmaların.
Fəqət deməliyik, olsa da üzdən.
Məlumat bəs edər əsas məxəzdən.
Gücünə, zoruna önəm verənlər,
ağılı unudub, çəkiblər zərər.
Məğlub edilməzdi sərkərdə Babək,
Əgər siyasətdə olsaydı zirək.
Öyünmək, təkəbbür Şah İsmayılda,
nə verdi mənəmlik, əzildi o da...
Xülasə, karvanı getmiş zamanın,
Keçən tarixləri keçmiş cahanın.
İndi parçalanmış Oğuz elləri,
İşğal caynağında sayır illəri.
Beş yerə bölünmüş Azərbaycan da,
çarpışır azadlıq, hürr uğurunda.
Neyləmək, düşmüşük hər imtahana,
Sığınıb durmuşuq tək Yaradana.
Yalnız diləyirik ondan gələni-
umuruq ədalət, haqq-divan yəni...
Beləcə, hər biri xalq qəhrəmanı.
İyirmi beş əri ey gənclik, tanı!
Bil ki, el dilində dastana dönən
”Soyuğ”un zəfəri tarixdir, dünən.
Güvən igidlərə örnəkdir sənə,
Şərəfdir hər biri türk genlərinə.
Yazıram onların adını bir-bir,
Onlar mənliyimiz, qeyrətimizdir!


“Soyuğ”u fəth edənlər

Fərəc bəy (Ordubad Ütüpü kəndi )
Yusif bəy (Ordubad şəhər sakini )
Vaqif bəy (Tərtər bölgə sakini )
Şəmil bəy (Ordubad Üstüpü kəndi )
Azər bəy (Ordubad Üstüpü kəndi )
Əhməd bəy (Ordubad şəhər sakini)
Arif bəy (Ordubad Üstüpü kəndi)
Zöhrab bəy (Ordubad Üstüpü kəndi)
Həsən bəy (Ordubad Üstüpü kəndi)
Qüdrət bəy (Ordubad Üstüpü kəndi)
Hüseyn bəy (Ordubad Üstüpü kəndi)
Ruqlay bəy (Ordubad şəhər sakini)
Fərman bəy (Ordubad Vənəd kəndindən)
İlkin bəy (Ordubad Hüsnüs kəndindən)
Mirzə bəy (Ordubad Unus kəndindən)
Ceyhun bəy (Ordubad şəhər sakini)
Natiq bəy (Ordubad Kotam kəndindən)
Saday bəy (Ordubad Kotam kəndindən)
Cəbrayıl bəy (Ordubad Üstüpü kəndi)
Bəxtiyar bəy (Ordubad Gilançay kəndi)
Əmirxan bəy (Ordubad Kələki kəndi)
Vahid bəy (Ordubad Dırnız kəndindən)
Qılman bəy (Ordubad Hüsnüs kəndindən)
Fərəc bəy (Ordubad Dırnız kəndindən)
Etibar bəy (Ordubad Tivi kəndindən)

Kitabın müəllifləri

Yusubov Niftalı Puta oğlu
22 mart 1950-ci ildə Göyçə mahalında anadan olmuş, ADU -nun Kitabxanaçılıq fkültəsini bitirmiş və beş poemanın, üç bioqrafik povestin müəllifidir.

Hüseynov Nüsrətulla Hüseyn oğlu

5 dekabr 1956-cı ildə Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Naxçıvan DU-nun filologiya fakültəsini bitirib. Üç kitabın redaktorudur, yeni şeirlər kitabı çapa hazırlanır.
Bu xəbər oxucular tərəfindən 4899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed