Şrift:
İqtisadçı deputatdan şok Gömrük İttifaqı açıqlaması...
25.08.2014 [17:09] - Gündəm, İqtisadiyyat
“Gömrük İttifaqından ötrü “ürəyi axıb, sinoy gedənlərin” nəzərinə çatdırmağı vacib bilirik ki...”

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Rusiyanın bir sıra Qərb ölkələrinə tətbiq etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarına bir illik embarqonun ehtimal olunan nəticələri barədə Moderator.az-a olduqca maraqlı təhlil göndərib, onu oxuculara təqdim edirik:

QARŞILIQLI EMBARQOLAR: qarşılıqlı və dolayı təsirlər…

Dövlətlərarası münasibətlərdə embarqo çox sərt tədbirdir. Onun birbaşa və əks təsiri, bumeranq effekti olur. Bu baxımdan Ukrayna ətrafında gedən proseslərlə bağlı Qərb və Rusiyanın timsalında tərəflərin bir-birinə tətbiq etdiyi embarqonun fəsadları artan xətlə yüksəlməkdədir….
ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdikləri embarqonun bu ölkənin iqtisadiyyatına təsiri getdikcə artmaqdadır.Qərbin Rusiyanı dünya maliyyə bazarından kənarda saxlaması bu ölkənin iqtisadiyyatına sarsıdıcı təsir göstərir.Rusiyanın enerji daşıyıcılı ölkə olması bu məsələdə onun köməyinə çatsa da, tək bu amilin hesabına vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ekspert qiymətləndirmələrinə görə, bu il Rusiyada iqtisadi artım 0,5 faizin ətrafında olacaq ki, bu əslində ölkə iqtisadiyyatının staqnasiya burulğanına girməsi deməkdir. Rusiyanın tanınmış iqtisadçılarından olan keçmiş maliyyə naziri Kudrinin hesablamalarına görə, Qərbin tətbiq etdiyi embarqo yaxın 3 ildə Rusiya iqtisadiyyatına birbaşa ən azı 200 milyard dollar ziyan vuracaq. Amma bu rəqəm plankanın aşağı həddidir, dolayı itkilər daha çox olacaq.Təkcə son bir ay ərzində Rusiyanın strateji valyuta ehtiyatları 10 milyard dollara qədər azalaraq 468 milyard dollar enib ki, bu da dünya strateji valyuta ehtiyyatının cəmi 4 faizi qədərdir.Bunun müqabilində Rusiyanın xüsusi və federal sektor üzrə ümumi borcu 721 milyard dollara çatıb. Bununla yanaşı Rusiyanın Avropa Enerji Xartiyasını pozub,YUKOS-un aktivlərini qəyri-qanuni şəkildə mənimsəməsi ilə bağlı Haaqa Arbitraj Məhkəməsinin Rusiyaya qarşı 50 milyard dollarlıq təzminat qərarı onun getdikcə ağırlaşan maliyyə durumuna əlavə ciddi zərbə olacaq. Əgər nəzərə alsaq ki, Rusiyanın xarici borcu onun valyuta ehtiyatndan 1,5 dəfə yüksəyə qalxıb, onda ABŞ və Avropa Birliyinin son sanksiyalarının və Haaqa Arbitraj Məhkəməsinin 50 milyard dollarlıq təzminat qərarınının Rusiya maliyyə-bank sisteminə necə ciddi təsir edəcəyini təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, Gömrük İttifaqından ötrü “ürəyi axıb, sinoy gedənlərin” nəzərinə onu da çatdırmağı vacib bilirik ki,Rusiyda iqtisadi artımın kəskin surətdə enməsi, Gömrük İttifaqının ikinci böyük dövləti olan Qazaxıstan iqtisadiyyatına da ciddi şəkildə mənfi təsir göstərməyə başlayıb. Deməli, Gömrük İttifaqının üzvləri onun faydasını görmədən, Rusiya iqtisadiyyatında gedən proseslərin təsiri ilə artıq ziyanını görməyə başlayıblar.
ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdikləri embarqoya cavab olaraq, Rusiya da ABŞ və AB-yə embarqo tədbiq etdi. Rusiya prezidentinin göstərişi ilə ABŞ kənd təsərrüfatı məhsullarının bu ölkəyə idxalı qadağan olunub. Avropa Birliyindən Rusiyaya idxal olunan bütün növ meyvə və tərəvəz də qadağalar sırasına düşüb.Təbii ki, Rusiyanın embarqosunun ABŞ iqtisadiyyatına elə bir təsiri olmayacaq. Rusiyanın embarqosunun maliyyə tutumu Avropa Birliyinin ümumi daxili məhsulunun cəmi 0,1 faizini təşkil etdiyindən, ilk həftələrdəki narahatçılıq və Rusiyaya daha çox mal göndərən bir neçə Avropa ölkəsində yaranan problemlər(onun da əvəzi ödəniləcək) istisna olmaqla,müəyyən təsiri labüd olsa da,elə bir ciddi təsiri olmayacaq…Qərb yüksək texnologiyalar ölkələrindən ibarətdir. İlk mərhələnin qismən itkiləri istisna olmaqla, məhsulların xarici bazara çıxarılma imkanı məhdudlaşan hissəsini emal edib,son məhsula çevirəcək və o cür satacaqlar.
Rusiya iqtisadiyyatı, embarqo tətbiq edib, onda fayda götürə biləcək dərəcədə gücə malik olan iqtisadiyyat olmadığından, o bu addımı ilə öz iqtisadiyyatını daha pis günə qoyacaq, Rusiyada ərzaq məhsullarının qiymət artımı güçlənəcək və həm də bu həmin ölkənin beynəlxalq səviyyədə təcrid olunmasına əlavə impuls verəcək. Rusiya rəhbərliyinin tətbq etdiyi embarqo sonacan hesablanmış addım olmadığından, yenidən bəzi məhsulları Qərbə qarşı tətbiq etdiyi sanksiyalar siyahısından çıxarmağa məcbur olub….
Bu gedişlə təxmin etmək olar ki,region ölkələri içərisində həmin sanksiyalardan daha çox Türkiyə faydalana bilər,çünki Rusiya bazarına nəzərəçarpan dərəcədə əlavə məhsul çıxarmaq imkanına malikdir. Azərbaycan da işləri Türkiyə kimi düzgün və operativ qura bilsə,Rusiya bazarına indi göndərdiyindən xeyli çox meyvə, xüsusən də alma,armud,şaftalı, xurma,üzüm,heyva,feyxoa, mandarin və sair, eləcə də tərəvəz, xüsusən də pomidor, xiyar çıxarmaq imkanı var.Artıq Rusiyanın paytaxtı Moskva şəhərində “Azərbaycan məhsulları” yarmarkası açılıb.Amma bu həm iki aylıq yarmarkadır, həm də bu işin qısa zaman kəsiyində effektli təşkili xeyli çətin məsələdi. İşlər elə təşkil olunmalıdır ki,bu imkandan işbazlar yox, həmin işin zəhmətini çəkən fermerlər və fermer birlikləri daha çox faydalana bilsin.Həm də elə məhsullar var ki, onların istehsalını artırmaqdan ötrü bir neçə il vaxt lazımdır.Rusiyanın tətbiq etdiyi embarqo isə hələlik bir il müddətinə qoyulduğundan, bu məsələnin ətrafında orta müddətə əlavə məhsul verimi ilə nəticələnən layihələr qurmaq və bu işə yetərincə maliyyə yönəltmək xeyli risklidir.Ona görə də Azərbaycan fermerlərinın Rusiya meyvə-tərəvəz bazarının boşalmasından faydalanması üçün zəruri şərait yaradılmalıdır. Süni manelər aradan qaldlrılmalı, xaricə mal çıxarmaq imkanı olan fermerlər dəstəklənməlidir. Digər tərəfdən isə Moskvaya kənd təsərrüfatı məhsullarını göndərilməsi imkanın artması Azərbaycanda bir sıra məhsulların qiymətlərində artımla müşayət olunur. Ona görə də bu sahədə tam sabitliyə nail olmaq mümkün olmasa da, hər halda əlavə tənzimləyici tədbirlər görülməlidir ki, Azərbaycandan meyvə-tərəvəz ixracının artması, ölkəmizdə qiymət artımının siddi nəticələr törədən dərəcədə sürətlənməsinə gətirib çıxarmasın.”
Bu xəbər oxucular tərəfindən 1274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed