Şrift:
Bu il Azərbaycanda 138 min uşaq I sinfə qədəm qoyacaq
13.09.2014 [00:23] - Xəbərlər, Gənclik, Bildiriş
Azərbaycanın ümumtəhsil məktəblərində 138 min uşaq I sinifə qədəm qoyacaq. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Son 10 ildə Azərbaycanda 2708 yeni məktəb binasının tikilib, təmir olunduğunu deyən Cəsarət Valehov bu il birincilərin məktəbə qəbulu ilə bağlı hər hansı problem olmadığını bildirib: "Birincilər üçün hər bir şərait yaradılıb. 15 sentyabr - "Bilik günü"ndə ilk dərs saatları vətənpərvərlik mövzusuna həsr olunacaq və ictimai xadimlərin, ziyalıların iştirakı ilə keçiriləcək. Yeni dərs ilində həm də 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq, öz vəzifəsinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, "müəllim andı" içdikdən sonra fəalliyət göstərəcəklər".

Orta məktəblərə dərsliklərin paylanması ilə bağlı hər hansı problem olmadığını deyən nazirlik rəsmisi bildirib ki, bu il Azərbaycanda rekord sayda dərslik çap edilərək, təhsil ocaqlarına göndərilib: " 2014-2015-ci tədris ili üçün 271 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib. Çap olunan dərsliklər nə, az nə çox 7819480 nüsəxdir. Bu, Azərbaycanın müstəqilliyi tarixində rekord göstəricidir. Bundan əlavə bəzi dərsliklər də var ki, rəy, təkliflər nəzərə alınmaqla çapa hazırlanıb. Onu da qeyd edim ki, dərs vəsaitlərinin proqramında bu il dəyişiklər olmayıb".

O ki, qaldı ibtidai sinif şagirdlərinin dərs yükünün çox olmasına və əlavə iş dəftərləri üçün valideynlərin xərcə düşməsinə, Cəsarət Valehov bildirib ki, bu məsələ də Təhsil Nazirliyinin diqqətindədir. Dərs yükü ilə bağlı araşdırmalar aparılır, ictimaiyyətdən gələn sorğular nəzərə alınır. Amma əslində dərs yükü o qədər də çox deyil. Bu gün Azərbaycanda tədris ili 32, Avropada isə 38 həftədir. 6 həftə Avropadan geri qalırıq. Biz təhsilimizin inkişafını istəyiriksə, bu məqamlara diqqət etməliyik. İş dəftərlərinə gəldikdə isə onu deyə bilərəm ki, heç bir valideynn iş dəftərlərini almaq məcburiyyətində deyil. Bu gün öyrənmək üçün resurslar çoxdur".

12 illik təhsil sisteminə keçidin sürətləndirilməsi ilə bağlı tədbirlər görüldüyünü bildirən nazirlik rəsmisi deyib ki, bu sistem ana hədəf olsa da, bu il 12 illik təhsilə keçmək nəzərdə tutulmur: "12 illik təhsil sisteminə tezliklə keçmək mümkün deyil. Geniş həcmli işlər, maarifləndirmə həyata keçirilir. Ən əsası bunun üçün qanunvericilikdə bir sıra yeniliklər həyata keçirilməlidir. Məsələn, adi bir məqamı qeyd edim. 12 illik təhsil olması üçün hərbi çağırış müddətində də dəyişiklik olmalıdır. Məktəb infrastrukturu və təhsilin məzmunu ilə bağlı xeyli işlər görülməlidir. 12 illik sistem ana hədəfdir. Bu gün dünyada iki yüz dövlət varsa, onun 170-də təhsil 12, 13, hətta 14 illikdir, biz isə hələ də 11 illik təhsil sistemində qalmışıq. Təmayülləşdirilmiş siniflərin yaradılmasını istəyirik, amma o da faktdır ki, bunun üçün ən azı 12 illik təhsil sistemi lazımdır".

“Sabah” qrupları haqqında məlumat verən Cəsarət Valehov bildirib ki, bu il 700-dən çox gənc tələbə bu qrupa qoşulub: " Sentyabrın 15-də həm də Sabah qruplarına qəbul olunmuş tələbələri görəcəyik. Bu il 738 gənc Azərbaycanın 30-dan artıq ali təhsil müəssisində təhsilə başlayır. Sabah qrupları ali təhsilimizin brendidir. Onların təhsil səviyyəsi dünyanın ən inkişaf etmiş ölkələrin ali təhsildən geri qalmayacaq. Bir çoxları düşünür ki, bu, təhsildə ayrı-seçkilikdir. Amma zaman-zaman görəcəksiniz ki, bu əslində sağlam rəqabətə səbəb olacaq. Digər tələbələr də can atacaq ki, daha çox oxuyub bu qruplara daxil olsun. Biz ümumi şərait yaratmaqla yanaşı savadlı gəncləri fərqləndirərək təşviq edirik. Onlar yataqxana və yeməklə təmin olunurlar. Onlar üçün xarici universitetlərdə təcrübə keçmək, əcnəbi professorlardan dərs öyrənmək imkanı yaradılacaq".
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed