Şrift:
Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası saziş layihələri hazırlanıb
18.09.2014 [00:14] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıq üzrə sanballı hökumətlərarası saziş layihələri zərfi hazırlanıb. Hazırda turizm, təhsil, informasiya texnologiyaları, idman, gənclər siyasəti, hava nəqliyyatı kimi sahələr üzrə hökumətlərarası saziş layihələri hazırlanıb və onların yaxın vaxtlarda imzalanacağı planlaşdırılır. Bu barədə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora bildirib.
Diplomat Azərbaycan və Macarıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.
Onun sözlərinə görə, ölkələr arasında siyasi sahədə kifayət qədər uğurlu əməkdaşlıq qurulub, iqtisadi əməkdaşlıq da inkişaf edir: "Ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün nəhəng potensial mövcuddur. Macarıstan şirkətləri Azərbaycan bazarına Avropa İttifaqının məlum sanksiyaları fonunda Rusiya bazarına alternativ kimi baxırlar. Firmalarımız Macarıstanın yüksək keyfiyyətli ərzaq məhsulları, xüsusilə, ölkənizdə böyük marağın olduğu pendir və kolbasa məmulatları, konserv məhsulları ilə Azərbaycan bazarına çıxmağa hazırdırlar”.
Macar diplomat deyib ki, hər iki ölkənin hökumətləri hazırda mövcud potensiala heç də tam uyğun gəlməyən ikitərəfli əmtəə dövriyyəsinin artırılmasında maraqlı olduqlarını dəfələrlə ifadə ediblər: "İstifadə edilməsi zəruri olan yaxşı potensial mövcuddur. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində yaxşı əməkdaşlıq qurulub və biz Azərbaycan tərəfdən komissiyanın həmsədri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə mütəmadi əlaqədəyik. Əməkdaşlığın genişləndirilməsi üçün payızda Budapeştdə biznes forumun keçirilməsini planlaşdırırıq. Tədbir hər iki ölkənin iş adamlarına əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı verəcək”.
J.Çutora Macarıstan şirkətlərinin işləmək niyyətində olduğu əməkdaşlığın potensial sahələrindən biri kimi Azərbaycanın yol infrastrukturunu qeyd edib. Onun sözlərinə görə, Macarıstan şirkətləri göstərilən sahədə Azərbaycan ilə əməkdaşlığa, Nəqliyyat Nazirliyinin layihələrində iştiraka hazırdırlar: "Su təsərrüfatı sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur. Macarıstan Azərbaycanda su anbarı və su təsərrüfatının idarə edilməsi üzrə intellektual mərkəz tikmək niyyətindədir".
Diplomat qeyd edib ki, Macarıstan azərbaycanlı sərmayəçilər üçün də yaxşı meydandır: "Macarıstan iqtisadiyyatına, xüsusilə, hazırda cəlbedici qiymətlərin yarandığı inşaata və daşınmaz əmlaka investisiyalar yatırmaq üçün yaxşı imkanlar mövcuddur".
J.Çutora Macarıstanla Azərbaycan arasında humanitar sahədə də yaxşı münasibətlərin qurulduğunu deyib: "Вu il Macarıstan hökuməti azərbaycanlı tələbələrə, təqaüd və yataqxanalarda ödənişsiz qalmaq daxil olmaqla, ölkənin ali məktəblərində 200 yer ayırıb. Əgər iki il əvvəl Macarıstanın ali məktəblərində iki azərbaycanlı tələbə təhsil alırdısa, ötən il onların sayı 28 olub. 2014-cü ildə isə səfirlik 50 tələbə vizası verib".
Macar diplomat bildirib ki, sentyabrın 15-də Azərbaycan Dillər Universitetində Macar dili fakültəsi fəaliyyətə başlayıb. Fakültədə Macarıstandan gəlmiş pedaqoqlar dərs deyirlər: "Sentyabrın 9-da universitet məni Fəxri doktor diplomu ilə təltif etdi. Bu, mənim üçün böyük şərəfdir. Bundan əvvəl universitetin Fəxri doktoru diplomunu Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey, İsrail Prezidenti Şimon Peres və digər görkəmli siyasi və dövlət xadimləri alıblar. Bu universitetin Macarıstan səfirini Fəxri doktor diplomuna layiq görməsi iki ölkənin münasibətlərinə verilən yüksək qiymətdir”.
Onun sözlərinə görə, tezliklə Bakıda Macar Mədəniyyəti İnstitutunun açılması planlaşdırılır. İnstitut Azərbaycanda macar mədəniyyətini, eləcə də Macarıstanda Azərbaycan mədəniyyətini təbliğ edəcək.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed