Şrift:
Ədliyyə Nazirliyi: vətəndaşların fərdi identifikasiya kartı ilə təmin olunması nəzərdə tutulur
30.09.2014 [12:34] - Xəbərlər
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun tətbiqi ilə bağlı prezident İlham Əliyevin fərmanından irəli gələn vəzifələrin icrası üzrə tədbirlər müzakirə olunub.

Qeyd edilib ki, son illər biometrik eyniləşdirmə sisteminin qurulması istiqamətində əsaslı işlər görülüb, müvafiq qanunvericilik bazası yaradılıb, vətəndaşların şəxsiyyətini təsdiq edən elektron sənədlərin tətbiqinə başlanılıb, habelə vətəndaşların fərdi identifikasiya kartı ilə təmin olunması nəzərdə tutulur. Kartda doğum haqqında, eləcə də elektron sağlamlıq kartındakı informasiyalar, 5 yaşından sonra üzərində fotoşəkil və hər bir şəxslə bağlı fərdi dolğun məlumatlar əks olunacaq.

Bununla əlaqədar dövlət başçısının tapşırıqlarına əsasən Ədliyyə Nazirliyinə yeni vəzifələr həvalə olunub və kollegiyada kartın təsviri və strukturu, onun hazırlanması və verilməsinə dair prosedurları müasir İKT-lərin köməyi ilə əyani nümayiş etdirilib, qarşıda duran vəzifələrə, o cümlədən kartda zəruri informasiyaların əks olunması, regional və yerli ədliyyə orqanlarında müvafiq texniki avadanlıqla təchizat və zəruri infrastrukturun yaradılması, proqram təminatının formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada vətəndaş müraciətləri ilə işin vəziyyəti müzakirə olunub, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tapşırıqları vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed