Şrift:
RƏHBƏRƏ TƏŞƏKKÜR!
27.09.2011 [18:56] - Gündəm
Bu məktub Sovet DTK-nin arxivindən götürülüb. O dövrdə qeyri müəyyənlik yaratmaq üçün, məktubda göstərilmış bütün tarix, ünvan və adları ləğv edərək, ümumi məzmunun qalması şərti ilə məktubun işıq üzü görməsinə icazə verildi. Olduqca maraqlı olan, tragikomediya dolu bu məktub bir çox məqamlardan xəbər veməklə yanaşı, həmin dövrün güzgüsüdür.

Hörmətli yoldaş Baş Katib!
Bu məktubu böyük minnətdarlıq hissiylə yaxınlarda səfərdə olduğunuz şəhərin sakinləri yazır. Doğrudur, şəhər rəhbərliyinin Sizin gəlişinizdən üç ay əvvəldən xəbərləri vardı, ancaq bu üç ayda elə işlər gördülər ki, heç bu qədər işi bütün Sovet hakimiyyəti dövründə görməmişdilər. Birincisi, Sizin gəlişinizə gələn bütün küçələr asfaltlanmış və yaşıllığa bürünmüşdü. Sizin səfərinizdən əvvəlki gecə şəhərdə düz 56 yeraltı keçidin açılışı oldu. Dükanlarda artıq çoxdan «Qırmızı kitab»a salındığını güman etdiyimiz məhsullar peyda oldu. Konservaya qədər bütün bu məhsulları biz düz 12 il əvvəl şəhərimizin yaxınlığında Afrikadakı aclıq çəkənlərə yardım məqsədiylə konserva daşıyan gəmi batanda görmüşdük. Üçüncüsü, inşaatçılarımız hələ ötən beşillikdə təhvili barədə yuxarılara məlumat verdikləri körpünü nəhayət ki, tikib qurtardılar. O vaxt bu körpü elə açılışdaca orkestrin birinci melodiyasında lentin kəsilməsiylə komissiya üzvləriylə birlikdə axıb getmişdi.
Yodaş Baş Katib, inanın ki, aeroportdan şəhərə gələn yolu komsomol işçiləri fərdi tozsoranlarıyla təmizlədilər. Həmkarlar isə qırağındakı ağacların yarpaqlarını təzətər yaşıl boyayla rəngləmiş və şəhərdəki bütün heykəlləri yuqosloviya şampunu ilə yumuşdular. Hətta Mendeleyevin abidəsini o qədər sürtmüşdülər ki, heykəl Lomonosovun abidəsinə dönmüşdü.
RƏHBƏRƏ TƏŞƏKKÜR!Bundan əlavə, yerli rəhbərlər Sizin qəzəbinizdən qorxduqları üçün bütün şəxsi bağlarını dövlətə təhvil veriblər. Artıq bu evlərdən bəzilərində uşaq bağçaları və körpələr evləri açılıb. Şəhər Komitəsi işlər müdirinin evi aerovağzal binasına, xiyar bostanı isə İL-86 təyyarəsi üçün uçuş zolağına çevrilib.
Bizim yerdə qalan rəhbərliyimizdə də yaxşı tərəfə xeyli irəliləyiş var. Belə ki, rəhbərdə ən çox onun şəxsi fikrini qiymətləndirdiyinizi hamı bildiyindən, gəlişinizdən əvvəl bütün rəhbərlik düz üç gün bir yerdə oturub eyni fikrə gəldilər və bu fikri şəhər komitəsində təsdiq elətdirdilər.
Hamı Sizin heyvandarlıqdan gözəl baş çıxarıdığınızı bildiyindən, elmi işçilərdən ibarət konsilium yığıldı və «Sağılan inəklərin neçə əmcəyinin olması barədə» suala cavab tapılaraq, bunun proletariatın kənddə kollektivləşdirmə dövründən bəri qəbul olunmuş 5 deyil, 4 olması qərarına gəlindi.
Əlbəttə, qüsurlar da oldu. Məsələn, Sizin səfərinizdən əvvəlki gecədə nəyə görəsə, mülki müdafiə təlimləri keçirildi. Ancaq həyəcan siqnalı veriləndə məlum oldu ki, bütün əleyhqazlar yalnız nəfəsvermə, ya da nəfəsalma vaxtı işləyir. Həmçinin Sizin gəlişiniz münasibətilə şəhərimiz haqqında bir bəxşiş kitabı çıxdı ki, burada da cəmi-cümlətani dörd ev şəkli vardı. Əslindəsə, bu, şəhərimizdə tikilmiş yeganə təzə evin dörd tərəfindən çəkilmiş şəkli idi. Hə, yaddan çıxmamış onu da bildirək ki, marşrutumuz boyu tərəvəzlə dolu bir piştaxtanı hara gedirdinizsə, aparıb orada qururdular.
Nəhayət, Sizin muzeylərə baş çəkməyi sevdiyiniz barədə şayiələri eşidəndən sonra mədəniyyət şöbəsinin müdirinin əmri ilə Anton Pavloviç Çexovun yaşıdığı qədim bina ekskovatorla sökülmüş, onun yerindəsə böyük yazıçımızın yaşadığı təzə ev tikilmişdir. Muzeyin qarşısında isə Anton Pavloviçə heykəl qoyulub: yazıçı skamyada oturub və böyük zövqlə Sizin sonuncu Plenumdakı hesabatınızı oxuyur.
… Bir sözlə, səfərinizə görə, Sizə təşəkkür. Bizim şəhərimiz gözəlləşib, yaşıllaşıb, rahatlaşıb. Hətta müharibə vaxtı almanların geri çəkilərkən kəsdikləri telefon xətləri də bərpa olunduğundan, artıq qonşu şəhərlə rabitə əlaqəsi də var.
Əlbəttə, Siz gedən kimi mağazalardakı ərzaqlar da yox oldu. Ancaq qətiyyən narahat olmayın, biz artı üçillik ərzaq tədarükü görmüşük. Ona görə də, xahiş edirik, üç ildən sonra bir də gəlin! O vaxtacan evlərimizin boyaları gedəcək, heykəllər çirklənəcək, körpü yenə sahildən qopub suya düşəcək, təzə uşaqlar doğulduğundan, yeni-yeni uşaq baxçaları lazım olacaq. Əlbəttə, onu başa düşürük ki, Siz çox məşğulsunuz. Axı, ölkədə bizimki kimi şəhərlər çoxdur və hamısı da Sizin səfərinizə növbəyə dayanıblar. Ona görə də, xahiş edirik, gəlməsəniz də heç olmasa, yerli rəhbərliyə deyin ki, gələcəksiniz.
Hörmətli yoldaş Baş Katib!
Bir də mümkünsə, xahiş edirik, gəlişinizdən əvvəl Sizin adamlardan kimsə belə bir şayiə buraxsın ki, evlərə girib isti suyunm gəlib-gəlmədiyini yoxlamağı çox sevirsiniz. Hamımız yaman çimmək istəyirik!

Mixail Zadornov

Tərcümə etdi: Rəşad
Bu xəbər oxucular tərəfindən 2620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed