Şrift:
Bakıda Sələflər və Xələflər I Beynəlxalq Simpoziumu başlayıb
22.10.2014 [13:00] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Sələflər və Xələflər" adlı I Beynəlxalq Simpozium keçirilir.

Tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev açaraq bildirib ki, elmi simpozium dilçiliyin iki mötəbər sələfinə həsr edilib: “Onlardan biri Azərbaycan və türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadə, digəri isə AMEA-nın həqiqi üzvü, Azərbaycan dövlət mükafatı laureatı Məmmədağa Şirəliyevdir”.

Sonra AMEA prezidenti Akif Əlizadənin iştirakçılara ünvanladığı məktub oxunub.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla çıxışında simpoziumun əhəmiyyətindən, Əli bəy Hüseynzadənin və Məmmədağa Şirəliyevin Azərbaycanın dilçiliyinin inkişafında oynadıqları roldan geniş bəhs edib: “Bu gün sələflər və xələflərin arasında münasibətin yaranmasında, mənəvi estafetin ötürülməsində görülən tədbirlər bəlkə də işin hələ hamısı deyil. Bu gün müasirlər özləri bir-biri ilə ünsiyyətə ehtiyac duyurlar. Uzun zamandan bəri görüşməyən insanların görüşməsində bir fayda var. Türkiyədən, Qazaxıstandan, başqa türk ölkələrindən, Rusiyadan, Azərbaycanın müxtəlif ali məktəblərindən gələn alimlər, dilçilər, türkoloqlar sübut edir ki, bu simpozium nə qədər önəmlidir. Bu, həqiqətən bir türkoloji bayramdır. Əminəm ki, simpoziumun mənəvi və məntiqi davamı kimi hamı öz ürəyindən keçən dilçilik tədbirləri keçirəcək. Gələcəkdə sələflər və xələflər mövzusunun elə bu şəkildə də davamı gözləniləndir. Konfransın işinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, beynəlxalq simpoziumda dünyanın 12 ölkəsindən nümayəndələr iştirak edir. Türkiyədən 94 yaşlı professor Zeynəb Korkmaz da iştirakçılar arasındadır. Simpoziumun Əli bəy Hüseynzadə ilə bağlı bir günlük xüsusi bölümü oktyabrın 23-də Qafqaz Universitetində keçiriləcək. Beynəlxalq simpozium öz işini oktyabrın 24-nə kimi davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed