Şrift:
Fərəc Quliyev: *Bu vəziyyəti onlara qarşı silah kimi yönəldə bilərik* Açıqlama
23.10.2014 [10:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistan bütün hallarda indiki status-kvonun saxlanmasına çalışır və vəziyyətin düzəlməsini istəmir. Buna görə də əlindən gələni edir ki, münaqişənin həlli günü-gündən uzansın”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, ermənilər bəzi elementlərdən təzyiq vasitəsi kimi istifadə edirlər: “Vəziyyətin dəyişməsi qaçılmaz olanda belə hakimiyyətin dəyişməsi səviyyəsinə qədər gedirlər. İndi də Ermənistanda baş verən nümayişlər, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Fransada görüşməsi ərəfəsində əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsinin keçiriləcəyi iddiasının ortaya atılması əbəs yerə deyil. Hesab edirəm ki, bu məsələdən özlərinə qarşı silah kimi istifadə etməyi bacarmalıyıq. Dinc sakinlərin vətənində tutulması, cəzalandırılması və öldürülməsi ilə məşğul olan dövləti ittiham etməyi bacarmalıyıq. Nümunə olaraq da onların əməllərini bu məhkəmə əsasında ifşa edə bilərik”.

F. Quliyev onu da qeyd edib ki, dünyanın heç bir yerində işğal olunmuş ərazilərdə yanmış torpaq siyasəti yürüdülmür: “Lakin Ermənistanda tamamilə fərqli mənzərə müşahidə olunur. Odur ki, ermənilərin istifadə etdiyi vəziyyəti onlara qarşı silah kimi də yönəldə bilərik”.

Millət vəkili həmçinin Fransada keçirilməsi planlaşdırılan prezidentlərin görüşündən də söz açıb. Onun sözlərinə görə, Azərbaycan siyasətçilərinin böyük əksəriyyəti proqnozlaşdırırlar ki, görüşdən yeni bir şey gözləmək olar: “Hesab edirəm ki, bu görüşdə də yeni heç bir nəticə ortaya çıxmayacaq. Hətta bundan sonra Ermənistanla münaqişənin həlli istiqamətində danışmağın mənası yoxdur. Buna görə də bu istiqamətdə Azərbaycan fərqli yanaşma nümayiş etdirməlidir”.

Samirə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed