Şrift:
İran hakimiyyəti dini azlıqlara qarşı inkar siyasəti yürüdür – Müsahibə
23.10.2014 [11:12] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Güney Azərbaycanının əhli-haqq türklərindən olan Araz Ata İran İslam Respublikasının Azərbaycan vilayətlərində yaşayan dini və məzhəbi azlıqlara qarşı rədd və inkar siyasəti yürütdüyünü deyir. Güneydə yaşayan ələvi ya əhli-haqq türklər üzrə araşdırmalar aparmış fəal “Amerikanın Səsi”nə müsahibədə İran hakimiyyətinin ölkədə yaşayan qeyri-fars və qeyri-şiə toplumlara qarşı yürütdüyü siyasəti dəyərləndirməklə yanaşı mənsub olduğu cəmiyyətin məruz qaldığı basqılar və ayrıseçkilik hallarını şərh edir.
Azərbaycanda yaşayan türklərin əksəriyyəti şiə məzhəblidir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bahailər və xristianların (məsihi) da sayı az deyil. Güneydə ən çox əhaliyə sahib olan təriqət azlığı əhli-haqq cəmiyyətidir.

Araz Atanın sözlərinə görə, çox sayda əhli-haqq basqı və zülmə məruz qalmamaq üçün təqiyyə edərək özünü şiə kimi təqdim etməyə məcbur qalır.

O, İranda həm qeyri-fars etnik qruplar, eyni zamanda dini və məzhəbi azlıqlara qarşı inkar siyasətinin yürüdülməsininin standart praktikaya çevrildiyini söyləyir.

Kanadada mühacirətdə yaşayan güneyli araşdırmaçı Həsən Ruhani hökümətini təmsil edən rəsmilərin Azərbaycan əhalisinin “Şiə və Azəri” olduğunu irəli sürərək, onların hər hansı bir etnik ayrı-seçkiliyə məruz qalmadığına dair iddialarını sərt şəkildə tənqid edir.

“Onlar İslam dinini özlərinə məxsus olan vilayət-i fəqih məntiqinə görə şərh edərək hökümət etdikləri kimi, həmin zehniyyət əsasında Güney Azərbaycanda yaşayan etniklərin həm adlarını həm də inanclarını təhrif etməyə çalışırlar,” deyə o dilə gətirir.

Araz Atanın dediklərinə görə, rəsmilər özlərini türk olaraq tanıyan Azərbaycan əhalisinin əksəriyyətini azəri kimi təqdim edib, həmçinin bölgədə yaşayan qeyri-şiə və qeyri-türk azlıqları yox sayaraq gerçəkləri danıb və Azərbaycan torpaqlarında xəyali və qondarma bir kimlik anlayışı yaratmaq istəyirlər.

“Şərqi Azərbaycan vilayətində şiələrdən sonra ən çox əhaliyə sahib olan məzhəbi qrup qızılbaş əhli-haqlardır. Bu qrupları şiə adı altında dəyərləndirmək İranda çeşitli kimlikləri sistemli şəkildə inkar etmə və yox sayma siyasətinin bir parçasıdır,” deyə o, əlavə edir.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/content/guney-ehli-haq-iran/2478387.html
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed