Şrift:
Güneyli psixiatr Simin Səbri: İranda qanunlar qadınlara qarşı zorakılığa zəmin yaradır
31.10.2014 [12:51] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Güneyli psixiatr (rəvanpezeş) Simin Səbri İranda qadınlara qarşı kimyəvi turşu hücumları haqda danışıb.
“İran İslam Respublikasının qanunvericiliyi qadınlara qarşı həyata keçirilən hücumlara zəmin yaradır. Hakimiyyət qorxu atmosferi yaratmaqla qadınları toplumdan uzaqlaşdırıb evlərində oturtmaq istəyir,” deyə güneyli psixiatr Simin Səbri “Amerikanın Səsi”nə müsahibədə İranda qadınlara qarşı kimyəvi turşu (İran Azərbaycanında "əsid" deyilir) hücumları ilə bağlı təpkisini ifadə edir. Keçən həftələrdə İranın İsfahan şəhərində bir neçə qadın kimlikləri bəlli olmayan kişilər tərəfindən hücumlara məruz qalıblar. Kimyəvi turşu qadınların üzünü yandırıb.

Qadın haqları müdafiəçiləri hücumların sistematik şəkildə həyata keçirildiyini qeyd edərək hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökümətin ciddi bir addım atmadığından şikayətlənirlər.

Simin Səbrinin fikrincə, qadınlara qarşı bu qorxunc hücumları həyata keçirən kişiləri cəsarətləndirən son vaxtlarda İranın İslami Şura Məclisində gündəmə çıxan qanun layihələri olub.

Güneyli fəal xüsusilə bu hücumlardan az müddət öncə parlamentdə müzakirəyə qoyulan “Əmr bil-məruf və nəhy ənil-münkər” (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) layihəsinə işarə edir.

Şiə şəriətində xüsusi önəm daşıyan “Əmr bil-məruf və nəhy ənil-münkər” qaydası əsasında müsəlmanlar başqa müsəlmanları yaxş işlər görməyə dəvət edib, onları pis işlərdən çəkindirməyə öhdəlidirlər. İranda din xadimləri və dövlət rəsmiləri həmin qaydaya istinad edərək əhalini xüsusilə standard hicaba uyğun bir şəkildə geyinməyən qadınlara xəbərdarlıq verməyə çağırırlar.

Simin Səbri qadınlara hücum edən kişiləri ideologiya xəstəsi kimi dəyərləndirir. “Məndən belə insanların ruhi xəstə olub olmadıqlarını soruşurlar. Bunlar ruhi xəstə deyil, inandıqları ideologiyanın xəstəsidirlər. Bu növ radikal şəxslər insanlara hücum edib cinayət törətməklə daha yaxşı bir dünya düzəldəcəklərinə inanırlar,” deyə güneyli psixiatr bildirir.

Onun sözlərinə görə, İran hakimiyyəti və qanunvericiliyi bu radikal qrupların fəaliyyətinə zəmin yaradaraq, qadınları hədəf halına gətirib onları toplumdan və iş yerlərindən uzaqlaşdırmaq istəyir. Qadınları evlərində oturmağa məcbur edir.

Güneyli fəal əhalinin gözləri önündə həyata keçirilən edam və şallaq hökmlərini də həmin siyasətin bir təzahürü kimi dəyərləndirir. O, qorxu atmosferi yaradaraq hökümət etməyi İran İslam Respublikasının əsas siyasəti hesab edir.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKi təklaya bilərsiniz:

http://www.amerikaninsesi.org/content/acid-attacks-in-iran/2497478.html
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed