Şrift:
Bu gün Azərbaycan və Türkiyə arasında yeni qaz kəmərinin inşası ilə bağlı sənəd imzalanacaq
26.12.2011 [12:21] - İqtisadiyyat
Bu gün Ankarada Türkiyə ilə Azərbaycan arasında TransAnadolu təbii qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumu imzalanacaq. Yeni kəmər Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaq üçün nəzərdə tutulur.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu kəmərin çəkilməsi oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında imzalanmış qaz sazişlərində də nəzərdə tutulub: «Bu gün imzalanacaq sənəd kəmərin çəkilməsi üçün işlərə başlanmasını, o cümlədən Azərbaycan və Türkiyə tərəfindən birgə konsorsiumun yaradılması üçün şirkətlərin təyin edilməsini nəzərdə tutacaq».

Konsorsiumun ilk iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin «BOTAŞ» boru kəməri şirkəti olacaq. Sonradan isə bura digər beynəlxalq və xarici şirkətlər də qatıla bilər.

Anlaşma Memorandumunu Azərbaycanın sənaye energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız imzalayacaqlar.

Qeyd edək ki, Ankara görüşü Bakı vaxtı ilə saat 12:00-da başlayıb və yaxın dəqiqələrdə sənədin imzalanması gözlənilir.

Xatırladaq ki, TransAnadolu (Samsun-Ceyhan) qaz kəmərinin illik ötürmə gücü azı 16 mlrd. kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq. Bir qədər əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev yeni qaz kəmərinin «iddialı, lakin alternativsiz bir layihə» olduğunu, onun Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malik olacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed