Şrift:
Asan Hökumət (E-asy gov)
03.11.2014 [14:36] - Gündəm, Sosial, Gənclik
Elektron xidmətlər zamanın nəbzini tutan, müasir dövrün tələblərini ödəyən ən mühim məsələdir. Hal-hazırda Azərbaycanda demək olar ki, bütün profillər üzrə saytlar mövcutdur. Ən müxtəlif istiqamətlərdə fəaliyyət göstərən saytlar sadə və geniş quruluşları ilə fərqlənirlər. Bir sözlə demək olar ki, inkişaf etmiş ölkələr kimi, Azərbaycanda da elektron xidmətlər inkişaf etmişdir. Ölkəmizin virtual sistemdə imza atdığı uğurlardan biri də, Elekton Hökumətin qurulmasıdır. Elektron Hökumət portalı olan www.e-gov.az saytı fəaliyyətə başladığı zamandan bu günə müəyyən qədər istifadəçi toplaya bilib. Ümumilikdə bu sistemin uğurlu alınmasını demək olar. Bu saytda qeydiyyatdan keçməklə tam istifadəyə yiyələnmək mümkündür. Eyni zamanda, istifadəsi qeydiyyatsız mümkün olan bölmələri də mövcutdur. Qeydiyyatdan keçmədən bele biz, elektron hökumət portalının elektron xidmətlərindən istifadə edərək vaxta qənaət etmiş oluruq və həmçinin daha operativ, asan, effektiv bir üsul əldə etmiş oluruq. Məsələn, biz çox qısa bir zaman ərzində istənilən kommunal xidmət haqqını ödəyə, məmurların, həkimlərin qəbuluna yazıla, hər hansı bir ərizə, şikayət, təklif, sorğu və s. yollaya bilərik.
Təəssüf ki, portalın bütün elektron xidmətlərində bəzən müəyyən qüsurlar yaranır. Əslində bunun da obyektiv və subyektiv səbəbləri vardır. Bu, ya elektron xidmətlərin texniki qüsurları, yaxud da təcrübəsizlikdən irəli gələn məsələlər ola bilər. Lakin, son nəticədə bu vəziyyət bəzən qarşılıqlı insidentə səbəb olur.
Elektron xidmətlərin texniki qüsuruna misal olaraq göstərmək olar ki, hər hansı bir ödəmə həyata keçirərkən, son mərhələyə gəlib çatdıqda “xəta” (“error”) cavabı ilə qarşılaşırsan. Əgər, icra edilən sadə bir əməliyyat uğursuz yekunlaşırsa, bu artıq xidmətin keyfiyyətsizliyinə dəlalət edir.
Həmçinin, elektron hökumətdə adı “online” lakin, fəaliyyəti “offline” olan xidmətləri də mövcuddur. Məsələn, E-gov.az portalında qeydiyyatdan keçmək üçün çətinlik yaranırsa, sən artıq bu xidməti almaq üçün müvafiq qurumlara müraciət etməlisən.
E-gov.az portalının təqdirəlayiq xidmətləri sırasında isə Skype vasitəsilə canlı bağlantı yaratmaq fəaliyyəti mövcuddur. İş günləri və iş saatları müddətində e-gov.az portalının Skype ünvanı daim aktiv olur və canlı bağlantı yaradaraq suallara və problemlərə aydınlıq gətirmək mümkün olur.
Elektron Hökumət çox əhəmiyyətli, lazımlı bir portal olduğu üçün orda müəyyən kəsrləri görmək heç də xoş olmur. Lakin, deyimə görə də hər gözəlin bir eybi olur. Güman edirik ki, zaman hər dərdin dərmanıdır. Müəyyən zaman ərzində bu portal öz kəsrlərinə son qoyacaq və ölkələr arasında olan statistikaya əsasən ön sıralarda yer alacaq.
Elektron Hökumətin xidmətləri sırasında daha çox gündəlik istifadəsi lazım olan mühim, əhəmiyyətli bölmələrin yerləşdirilməsi hökumətimizin və xalqımızın komfortuna səbəb olar. Məsələn, Elektron Hökumətin bir xidmətindən gün ərzində min nəfər insan istifadə edirsə, bu bölməni e-gov.az-ın xidmətlərində görmək daha təqdirə layiqdir, nəinki istifadəçi sayı ay ərzində 5-10 nəfər olan xidmətləri görmək. Tutaq ki, mən uzaqdayam və maşınımı müəyyən bir yerdən gətirmək üçün bir yaxınıma etibarnamə vermək istəyirəm. Bunun üçün həmən müəyyən olunmuş portala daxil oluram, elektron xidmətdən istifadə edərək problemi çözürəm. Digər məsələ isə bu ola bilər. Tutaq ki, bir nəfər Azərbaycan vətəndaşlığından imtina edir. Sizcə bu il ərzində neçə dəfə təkrarlana bilər? Hər halda, barmaqla saymaq olar. Bu kimi səbəbləri əsas götürərək istifadəsi daha yararlı və çox istifadə olunan xidmətlərin sayını artırmağı daha təqdirəlayiq hesab edirik.
Elektron xidmətlərin göstərdikləri işin keyfiyyətin bəzən vətəndaşlar aşağı salır. Bunun da səbəbi məlumatsızlıq və təcrübəsizlikdir. Bu istiqamətdə ləngimələrin səbəbi bu xidmətlərdən məlumatsız olan insanların üzərinə daha çox düşür.
Bu problemi aradan qaldırmaq üçün, elektron xidmətlərin KİV-də təbliğatına ehtiyac var. Vətəndaş elektron xidmətləri haradan, necə, nə cür alınmasını bilməlidir. İnsanlar elektron xidmət portalları haqqında bilgilərə malik olub, maariflənəndən sonra e-gov.az saytının istifadəçiləri və keyfiyyət göstəricisi yüksələcək. Misal olaraq qardaş dövlət olan Türkiyəni götürsək, orada elektron xidmətlərin piarının necə getdiyini görə bilərik. O qədər güclü və peşəkarcasına reklam olunur ki, hətta biz Azərbaycanda yaşasaq da orda olan xidmətlərdən xəbərdarıq və “118-80” kimi xidmət nömrələri musiqili şəkildə dillər əzbəri olub.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında göstərilir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron hökumət” portalının fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün"
Portalın fəaliyyətinin səmərəli istifadəsi təşkil olunsa, istifadəçilər balanslaşdırılmış şəkildə yararlana bilər. Əgər bizdə də, elektron xidmətlər haqqında keçirilən təlimlər, reklamlar, güclü piarlar təşkil olunsa, o zaman hər kəs öz haqqını, hüququnu daha yaxşı bilər və işlərini bununla tənzimləyər.
Maarifləndirmənin olmaması səbəbindən bu xidmətdən istifadə barədə məlumatlı olanlar da çox hallarda əlacsız qalırlar. Bu isə Elektron xidməti iflic duruma salmış olur. Məsələn biri işə gecikdiyi üçün, öncədən bir həkimin qəbuluna online yazılaraq qəbul saatını müəyyənləşdirir. Lakin, qəbul saatında həkimə yaxınlaşmaq istəyən vətəndaş orda qəbulda gözləyənlərin etirazı ilə qarşılaşır. Həkimin qəbuluna düşməyi gözləyən onlarla insan və biri gəlib deyir ki, qəbula öncədən online yazılmışam, icazə verin otağa daxil olum. Bunun nə demək olduğunu anlamayan və anlamaq istəməyənlər təbii ki, ona otağa daxil olmağa icazə vermiyəcək və o da, yenidən növbə gözləməli olacaq. Bununla artıq mənim online növbə tutmağımın heç bir mənası qalmır. Bu kimi hallar göstərir ki, yetərli marifləndirmənin olmaması səbəbindən elektron xidmət yararsız hala düşür və öz əhəmiyyətini itirmiş olur. Lakin, vətəndaşlar bu haqda məlumatlı olsaydılar nəinki ki, elektron xidmətdən yararlanana qarşı heç bir maneəçilik törətməzdilər, hətta onlar da zamanlarını saatlarla bu kimi növbələrdə itirməzdilər.
E-gov.az portalının ən təqdirəlayiq xidmətləri sırasında əlilliyi olan insanlar üçün bölmənin olmasını hesab etmək olar. Hətta, bu portalda istənilən məqalənin səsli versiyasını dinləməkdə mümkündür. Bu çox vacibdir. Çünki, belə bir xidmət görmə əngəlli insanlar üçün çox mühümdür.
Bu xidmətlər, nəzərə alınan bütün bu incəliklər hökumətin xalqın komfortunu düşünməsinin əyani sübutudur.
Portalın fəaliyyət prinsipləri modulluq və miqyaslılıq, sərbəstlik, sistemlilik, təhlükəsizlik, istifadə asanlığı, səmərəlilik, şəffaflıqdır. Portalın fəaliyyət prinsiplərinə baxarkən sıfır problemli istifadə olmalıdır. ““Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin fərmanını nəzərə alsaq görərik ki, yerləşdirilən xidmətlər sırasında artıq təsdiq olunmuş xidmətlərin sayı 446, bunlardan portala inteqrasiya olunmuşlar 296, dövlət saytlarında olan xidmətlər 475, portalda olan xidmətlərin sayı isə 381-dir. Ümid edirik ki, verilən qərarlar əsasında tezliklə gerçəkdən sıfır problemli bir e-gov.az portalına sahib olacağıq.
Bugünün ən aktual tələblərindən biri elektron xidmətlərin olmasıdır və bu səbəbdən də elektron xidmətin effektli, hamı tərəfindən anlaşılan, asan olması lazımdır. Günü-gündən inkişaf edən, sivil, hər bir yeniliyə öz imzasını atmağı bacaran müstəqil Azərbaycanda Elekton Hökumət qüsursuz olmalıdır məncə.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ASAN xidmət" şəbəkəsi, ölkəmizin bütün ərazisini əhatə etmək məqsədilə, qısa bir zamanda dövlət xidmətlərinin yeni formada həyata keçirilməsini təşkil etdi. “Səyyar xidmət” adlanan bu xidmət əsasən avtomobillər və iritutumlu avtobuslar vasitəsilə həyata keçirilir. Xidmətin əsas məqsədinin dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, Dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasını nəzərə alsaq bu istiqamətdə səyyar xidmətin böyük nailliyyətlər əldə etməsi inkar olunmazdır. Səyyar xidmətdə də yenə çox mühim və əhəmiyyət kəsb edən bir incə məqama toxunulub. Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir. Səyyar xidmətlər daha çox Azərbaycanın bölgələrinə səfər edir və orada insanlara öz imkanları daxilində lazımi yardımlarını və xidmətlərini sunurlar. Bütün bu göstəricilər xidmətlərin günbəgün daha konfort təqdim etməsinin, güclənməsinin bariz nümunəsidir.
Mən, məqaləmin adı kimi, ölkəmizdəki xidmətlərin asan olmasını istəyirəm. Parçalanmış şəkildə olmasını, yəni adı asan özü çətin olan xidmət, hər hansı bir elektron xidmət üçün aparılan əməliyyatın xəta (“error”) ilə nəticələnməsini istəmirəm. Hər hansı bir xidmətin, sadəcə “xidmətə” daxil olmaq məqsədiylə deyil, gerçəkdən mövcud olmaq, var olmaq məqsədilə olmasını arzu edərdik. Azərbaycan da bu kimi xidmətlərin yüksək səviyyədə olması, inkişaf etmiş ölkələr sırasında, onlarla müqayisədə rəqabət aparması yaxşı mənada bizim üçün bir imic formalaşdırır və bu imicin formalaşdırılmasında hər birimizin üzərinə düşən öhdəliklərimiz vardır.
Leyla Cahangirova
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed