Şrift:
Ucuz neft: nədən sığortalanmaq gərəkdir?
12.11.2014 [13:10] - İqtisadiyyat
Dünya bazarında “Brent” markalı neftin bir barreli noyabrın 12-si 81,2 dollaradək ucuzlaşıb.İqtisadçı alim Qubad İbadoğlu deyir ki, qiymət enişini şərtləndirən başlıca amillər ABŞ-ın şist neftinin istehsalına başlaması (proqnozlara görə, bu ölkədə ehtiyatlar 2 trilyon barreldən çoxdur), Səudiyyə Ərəbistanı, Venesuela, İran, Liviya, Nigeriya və digərlərinin hasilatı artırması (sentyabr ayında hasilat son 13 ayda ən yüksək səviyyəyə qalxıb), tələbatın ən aşağı səviyyədə olmasıdır (2009-cu ildən bəri ən aşağı istehlak qeydə alınıb).


Ekspertin fikrincə, neftin qiyməti yaxın günlərdə 80 dollardan da aşağı düşəcək və bu proses gələn ilin ikinci yarısınadək davam edəcək: “Analitiklər 80 dolları psixoloji hədd sayır. Onların bəziləri düşünür ki, neft 60 dollaradək ucuzlaşa bilər. Azərbaycan neftinin də sürətlə ucuzlaşması ilk növbədə Dövlət Neft Fondunun gəlirlərinin azalmasına və bu qurumdan maliyyələşən strateji layihələrin axsamasına gətirib çıxaracaq.

İkincisi, bu dəyişiklik növbəti ilin dövlət büdcəsinin xərclər hissəsində korrektələri şərtləndirəcək və büdcəyə transferlərin eyni səviyyədə saxlanılması Neft Fondunun aktivlərinin azalmasına səbəb olacaq.

Nəhayət, bu prosesdən ən çox təsirlənən Dövlət Neft Şirkəti olacaq. Şirkətin mənfəətinin azalması, onun dövlət büdcəsi, digər təşkilatlar və hətta ölkələr qarşısında öhdəliklərinin icra səviyyəsinə mənfi təsir göstərəcək.

İlkin müşahidələr göstərir ki, məcburi ödənişlərinin artırılması fonunda hazırkı vəziyyətdən ən çox əziyyət çəkənlər sahibkarlardır. Fikrimizcə, neftin ucuzlaşmasına görə valyuta gəlirlərinin azalması və rus rublunun dəyərsizləşməsi fonunda baş verənlərin psixoloji təsirlərindən sığortalanmaq üçün Azərbaycan manatının məzənnəsinin sabitliyinin təminatına yönələn preventiv tədbirlər gücləndirilməli və dövlət maliyyəsinin idarə olunması üçün neftin hazırkı qiymətinə uyğun gələn orta və eyni zamanda pessimist, eləcə də optimist ssenarilər işlənməlidir”.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed