Şrift:
Azərbaycanın Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində xüsusi rolu var
13.11.2014 [15:17] - Türk dünyası-Turan, Müsahibə
Fəttah Heydərov: «Türk dövlətləri əmin-amanlıq, sülh şəraitində bundan sonra öz inkişaflarında daha böyük uğurlara imza atacaqlar»



Türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunmaqdadır. Bu səpkidə görülən işlərin, həyata keçrilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türk dövlətlərinin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alır. Elə bu günlərdə Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin Ağsaqqallar Şurasının 8-ci iclasında da bu qəbildən olan məsələlərə nəzər salınıb. İclasda ölkəmizi təmsil edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov «Mövqe»yə müsahibəsində bu və digər məsələlər barədə görülən işlər barədə maraqlı məqamlara toxunub.

- Fəttah müəllim, ötən əsrin 90-cı illərindən etibarən türkdilli ölkələrin əməkdaşlığında bir dövrün başlanması müşahidə olunmaqdadır. Qarşılıqlı əməkdaşlıq istiqamətində indiyə qədər görülən işləri necə qiymətləndirərdiniz?

- Bu, doğrudan da kifayət qədər maraqlı, geniş təhlil aparılmasını tələb edən bir mövzudur. Öncə qeyd edim ki, türkdilli dövlətlərin əməkdaşlığına nəzər salarkən ona diqqət yetirmək lazımdır ki, biz bir coğrafiyada yerləşirik. Çindən tutmuş Avropaya, Adriatik dənizinin sahillərinə qədər türk xalqları yaşayır, yaradır. Təsadüfi deyil ki, türk xalqları, dövlətləri ərazi baxımından bir-birinə yaxındırlar, qonşudurlar. Yəni, belə demək mümkünsə, türkdilli ölkələrin bir ərazi bütövlüyü, birliyi var. Bu halda türkdilli ölkələrin hər hansı birində gedən tərəqqi mütləq digərinə də təsir göstərməlidir. Məhz bu gün biz bunu müşahidə edirik və bu proses getdikcə daha sürətli xarakter alır.
Qarşılıqlı əməkdaşlığın dərinləşməsində 5 il öncə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın dövlət başçılarının Naxçıvan Zirvə toplantısında irəli sürdükləri təşəbbüs əsasında yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da mühüm rol oynayır. Xatırladım ki, Əməkdaşlıq Şurasında yer alan ölkələrin dövlət başçılarının artıq bir neçə zirvə görüşü keçirilib. Almatıda, Bişkekdə, Qəbələdə, Bodrumda zirvə toplantıları keçirilib və burada birgə əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olunub.
Həyata keçrilən əməkdaşlıq sürətlə qloballaşan dünyada türkdilli ölkələrin tarixinin, mədəni irsinin, mövcudluğunun qorunub saxlanılmasında, dünyada ümumi tərəqqi prosesi ilə ayaqlaşmalarında, bu prosesə özünəməxsus töhfələr vermələrində, eyni zamanda dünya xalqlarının əldə etdiyi nailiyyətlərdən daha səmərəli şəkildə bəhrələnmələrində müstəsna rol oynayır.

- Türk dünyasında böyüyə, ağsaqqala həmişə xüsusi hörmət, ehtiram göstərilib. Bu mənada türkdilli ölkələrdə Ağsaqqallar Şurasının yaradılması təsadüf sayıla bilməz. Türk xalqlarının əməkdaşlığında Ağsaqqallar Şurasının rolunu necə xaraketrizə edərdiniz?

- Türk xalqlarında tarixən ailədə böyük sözünə qulaq asmaq, onların verdiyi məsləhətə əməl etmək, gənclərin ağsaqqaların göstərdiyi yolla getməsi dəyişməz ənənə olub və təqdirəlayiq haldır ki, bu ənənə indi də yaşadılır. Türkdilli ölkələrin yeni əməkdaşlıq şəraitində də sözügedən məqam nəzərə alnıb. Bu mənada təsadüfi deyil ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində görülən işlər həm də bir ağsaqqallıq süzgəcindən keçir. Elə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində görülən işləri buna ən əyani misal kimi göstərmək olar. Xatırladım ki, Şura müxtəlif vahidlərdən ibarətdir və Ağsaqqallar Şurası da həmin vahidlərdən biridir. Ağsaqqallar Şurası daimi əsasda fəaliyyət göstərən məsləhətçi-məşvərətçi struktur kimi türk dövlətlərinin əməkdaşlıq prosesinə təkan verən, onu daha mükəmməl hala gətirən təkliflər, tövsiyələr irəli sürür. Təqdirəlayiq haldır ki, bu təklif və tövsiyələr daim nəzərə alınır.

- Yeri gəlmişkən, oktyabrın 27-28-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ağsaqqallar Şurasının 8-ci iclası keçirildi və burada Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi siz də iştirak etdiniz. Bu iclas barədə təəssüratlarınızı bilmək maraqlı olardı.

- Çox yaddaqalan və önəmli, əlamətdar hadisələrlə zəngin bir tədbir oldu. Bildiyiniz kimi, Azərbaycanla Qırğızstan arasında hava nəqliyyatı fəaliyyət göstərmirdi. Ancaq bu ilin oktyabr ayının 26-dan Bakıdan Bişkek şəhərinə ilk təyyarə uçuşu həyata keçirildi. Əlamətdar haldır ki, onun ilk sərnişinlərindən biri də mən və səfər yoldaşlarım olub. Heç şübhəsiz ki, bu iki türkdilli ölkə arasında hava əlaqəsinin yaranması digər sahələrdə əlaqələrin inkişafına yeni bir təkan verəcək. Digər türkdilli xalqlar kimi, Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdırlar və bu tellər daha da möhkəmlənəcək. Bakı-Bişkek-Bakı aviareysinin açılması birliyimizi daha möhkəm hala gətirən yeni bir körpüdür. Həmçinin, birbaşa aviareysin açılması ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri ilə yanaşı, qədim İpək Yolunun bərpası işində Qırğızstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısının açılması deməkdir.
Oktyabrın 27-də Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin Ağsaqqallar Şurasının 8-ci iclası keçirildi. Burada biz bir çox məsələləri müzakirə etdik. Buna konkret misal olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, Astanadakı Türk Akademiyasının gələcək fəaliyyəti və türkdilli ölkələrlə əlaqələrin daha da yaxınlaşdırılması, Şuraya üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, qurumun gələcək iş planı və digər məsələləri göstərmək olar. Ümumiyyətlə, burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasınnın müxtəlif sahələrdə görəcəkləri işlərin planı təsdiq olundu.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. İclasda türk xalqlarını qədim mədəni irsini əks etdirən nümunələrin digər xalqalara çatdırılması üçün kütləvi mədəni və idman tədbirlərinin keçrilməsi qərara alındı. Belə bir idman oyunu bu yaxınlarda Qırğızstanda İssık-Kul gölünün sahilində keçrilən Dünya Köçəri Oyunları oldu. Ağsaqqallar Şurası olaraq tərəfimizdən məsləhət görüldü ki, bu oyunlar hər iki ildən bir hər dəfə Əməkdaşlıq Şurasına üzv ölkələrin birinin ərazisində keçrilsin. Həmçinin, mənzil-qərargahı Bişkekdə olacaq Beynəlxalq Köçəri Mədəniyyət Mərkəzinin yaradılması da tərəfimizdən tövsiyə olunub. İclasada mən qədim xalq oyunlarımızdan biri sayılan «Yallı»nın da kütləvi mədəni oyunlar sırasına salınmasını təklif etdimvə bu, müsbət qarşılandı. Bu xarakterli məsələlər Ağsaqqallar Şurasının növbəti iclasında da müzakirə ediləcək.

- Qırğızstan Prezidenti və digər yüksək dövlət rəsmiləri ilə görüşləriniz barədə nə deyə bilərsiniz?

- Qırğız Respublikasının Prezidenti cənab Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına çox böyük önəm verir və Şuraya üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul etdi. Aramızda çox səmimi söhbətlər oldu. Konkret bizə gəlincə, Azərbaycanla Qırğızsıtan arasında siyasi, iqtisadi, humanitar əlaqələrin müxtəlif aspektlərinə toxunduq, qarşılıqlı fikir mübadiləsi apardıq. Onu da qeyd edim ki, bu görüşdə biz cənab Almazbek Atambayevin Azərbaycan və Azərbaycan Respublikasını Prezidenti möhtərəm İlham Əliyevə yüksək rəğbət və ehtiramını gördük. O, bundan sonra da Azərbaycanla qarşılıqlı əməkdaşlığı dərinləşdirməkdə xüsusilə maraqlı olduqlarını diqqətə çatdırdı, bununla bağlı konkret mövqeyini bildirdi.
Elə həmin gün Qırğız Respublikasının parlamentinin sədri Asılbek Jeenbekovla görüşümz oldu. Burada bir çox məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Asılbek Jeenbekov bildirdi ki, Qırğızıstan Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir və onu da xüsusi vurğuladı ki, Azərbaycan Qırğızıstanın yaxın dostu və tərəfdaşıdır, bir çox aktual məsələlərdə mövqelərimiz üst-üstə düşür. Danışıqlarda mən onun da Azərbaycana böyük sevgi və hörmət bəslədiyini müşahidə etdim. Bir sözlə, səfər çox uğurla keçdi. Bu səfər çərçivəsində mən və digər qonaqlar qırğız xalqının yüksək qonaqpərvərliyini və bizə qarşı böyük hörmətini də çox açıq şəkildə gördük, hiss etdik. Media vasitəsilə bizə göstərilən yüksək diqqət və qayğıya, hörmətə görə bir daha qırğız xalqına, Qırğız Respublikasının rəhbərliyinə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.

- Yuxarıda səsləndirdiyiniz fikirlər həm də bu qənaətə gəlməyə əsas verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kifayət qədər uğurla fəaliyyət göstərir. Türkdilli dövlətlərin yaratdığı digər qurumlar da var. TürkPA, TÜRKSOY buna konkret misal kimi göstərilə bilər. Bu qurumların türk xalqlarının əməkdaşlığında oynadığı indiki rolu necə qiymətləndirirsiniz?

- Bəli, bu qurumların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti əməkdaşlıq prosesində müxtəlif sahələr üzrə öz yüksək səmərəsini verir, qarşılıqlı münasibətləri genişləndirir. Məsələn, Qırğızıstanla Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 94 faiz artıb. Lakin biz bunu yetərli saymırıq, çünki xarici ticarət dövriyyəsinin həcminin daha çox artırılması, müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialımız var. Bu potensialdan istifadə edərək daha böyük iqtisadi nəticələrin əldə olunması üçün iş aparılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu fonda ən yaxşı platformalardan biridir. Eləcə də, türkdilli ölkələr arasında əlaqələrinin dərinləşməsində və bunun mədəniyyətdən tutmuş iqtisadi, siyasi, humanitar sahələrə kimi ən müxtəlif sferaları əhatə etməsində türkdilli ölkələrin yaratdığı digər qurumların da böyük rolu var. Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat olan TÜRKSOY bu gün çox uğurla dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətinin təbliğində mühüm missiya yerinə yetirir. Digər birgə qurum olan TürkPA isə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və siyasi münasibətlərin inkişafında önəmli rol oynayır.

- Türkdilli ölkələrin əməkdaşlığlnın daha intensiv hala gəlməsində birgə iqtisadi layihələr də az əhəmiyyət kəsb etmir. Bu xüsusda mövcud vəziyyəti necə dəyərləndirərdiniz?

- Həqiqətən də, iqtisadi əlaqələrin türkdilli xalqların əməkdaşlığının dərinləşməsində xüsusi rolu var. Bu istiqamətdə əsas etibarı ilə də Azərbaycan və Türkiyə arasında reallaşıdırılan layihələrin ümumi türk dünyasına böyük töhfələr verdiyini müşahidə edirik. Məsələn, Bakı-Tiflis-Ceyhan neft kəmərini götürək. Bu kəmər təkcə Azərbaycan və Türkiyə yox, digər türkdilli ölkələr üçün də mühüm əhəmiyyətə malikdir. Bilirsiniz ki, bu kəmər vasitəsilə Orta Asiyanın karbohidrogen ehtiyatları da nəql olunur. Azərbaycan da buna hərtərəfli şərait yaradır və bu, qeyd olunduğu kimi, aralarımızdakı bağı daha da gücləndirir. Yaxud da Dəmir İpək Yolu adlanan və tezliklə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmiryolu xəttinə nəzər salaq. Bu dəmiryolu xətti ümumi türk dünyasının iqtisadi əməkdaşlığında mühüm əhəmiyyət kəsb edəcək. Yaxud da XXI əsrin layihəsi olan və artıq çəkilməsinə başlanan TANAP da təkcə Türkiyə və Azərbaycan üçün deyil, bölgə və dünya ölkələri, o cümlədən türk dövlətləri üçün vacib əhəmiyyətlidir

- Türk dövlətlərinin əməkdaşlığının möhkəmlənməsində Azərbaycanın rolunu necə görürsünüz?

- Heç şübhəsiz ki, Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində xüsusi yeri və rolu var. Xüsusən də ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlər arasında humanitar, iqtisadi, siyasi, mədəni əlaqələrin genişləndirilməsi və daha möhkəm özüllər üzərində qurulması istiqamətində tarixi xidmətləri olub. Ötən əsrin 90-cı ilində Naxçıvana gəldikdən sonra elə həmin vaxtdan ulu öndər bu məsələni gündəmə gətirdi, onu xüsusi diqqət mərkəzində saxladı. Ümummilli lider SSRİ-nin rəhbərlərindən biri olmuş şəxs kimi də türk ölkələri haqda dəqiq, dürüst, dolğun məlumatlara malik idi. O, türk dünyasının əməkdaşlığının böyük perspektivlərə malik olduğunu hələ çox əvvəldən görürdü. Ona görə, ulu öndər hələ Naxçıvana gələndə bu istiqamətdə çox dəqiq, düşünlümş addımlar atdı. İlk olaraq Naxçıvanla Türkiyə arasında əlaqələr gücləndirildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər yenidən hakimiyyətə gələndə təkcə Türkiyə-Azərbaycan yox, ölkəmizin digər türkdilli dövlətlərlə də əlaqələri sürətlə genişləndi, eyni zamanda türk xalqları arasında əməkdaşlığın formalaşmasına böyük töhfələr verən digər addımlar atıldı, əlaqələr daha yüksək səviyyəyə çatdırıldı. Onun bu istiqamətdə təməlini qoyduğu mükəmməl siyasət layiqli davamçısı cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

- Müasir dünyada müxtəlif ölkələrin üzləşdiyi ən böyük problemlərdən biri də ikili standartlardır və Azərbaycanın timsalında biz bunu aydın görürük. Eləcə də digər bir sıra türk dövlətləri eyni münasibətlə üzləşir. Onların birliyi belə ikili yanaşmanın mənfi fəsadlarının dəf edilməsində hansı əhəmiyyətə malikdir?

- Nə yazıq ki, ikili standartlar mövcuddur və dünyanın daha təhlükəsiz hala gəlməsində bu, ciddi maneələrdən biridir. İkili standartaların ən bariz, parlaq nümunəsi Dağlıq Qarabağ münaqişəsidir. İllərdir davam edən bu münaqişənin həllini əngəlləyən faktorlardan biri məhz ikili standartlardır. Müəyyən mənada bəzi ölkələrdə islamofobiya hallarının mövcudluğu da burada az rol oynamır.
Aparılan təhlillər, müşahidələr göstərir ki, bu ikili standartlar dünyada müəyyən xalqlar üçün əzab-əziyyətdən, savaşdan başqa heç nəyə gətirib çıxarmır. Çox təəssüf ki, ikili standartlar əsasında dünya siyasətndə çox çirkin oyunlar gedir. Bu isə, sülhə, əmin-amanlığa, insanların dinc şəkildə yanaşı yaşamasına çox ciddi ənggələr törədir. Lakin böyük ümidəlr var ki, qurduğumuz əməkdaşlıq, həmçinin, apardığımız uğurlu siyasət, əsas mənəvi dəyərlərimizdən biri olan yüksək dini, siyasi tolerantlıq nəticəsində bu problemlər həllini tapacaq. O cümlədən Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Azərbaycan və xüsusilə onun Prezidenti cənab İlham Əliyev daim dünyanın sülh, əmin-amanlıq şəraitində yaşaması uğurunda çalışır və bundan sonra da çalışacaq.

- Türk dünyasının gələcəyini necə dəyərləndirərdiniz?

- Türk dövlətləri əmin-amanlıq, sülh şəraitində bundan sonra öz inkişaflarında daha böyük uğurlara imza atacaqlar və buna heç bir şübhə yeri yoxdur. Nəzərə almaq lazımdır ki, türk ölkələri böyük və zəngin təbii ehtiyatlara malikdir, əlverişli coğrafi mövqedə yerləşirlər. Həmçinin, burada yaşayan xalqlar zəhmətkeş, intellektual, özlərinə və digərlərinə yüksək humanist münasibət bəsləmələrilə seçilirlər. Onlar dinc yanaşı yaşamağı həmişə əsas götürərək daim bu xüsusda uğurlu nümunə meydana qoyublar. Onu da qeyd etmək lazımdır ki, hər bir dövlətin uğuru həm də planetin, bəşəriyyətin ümumi uğurudur. Bu mənada türk dünyasının nailiyyətləri həm də bütün dünyanın nailiyyəti sayılır. Bununla türkdilli ölkələrin əməkdaşlığı dünyada getdikcə daha çox diqqət mərkəzində yer alacaq.


Müsahibəni aldı: Rasim BAYRAMOV
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed