Şrift:
Yeni il türklərin ən qədim bayramıdır
28.12.2011 [03:37] - Gündəm
Tanrıya yol bayramı sonradan yolka bayramına çevrildi

Biz türk millətçiləri “Türk mədəniyyəti dünyanın ən qədim və zəngin mədəniyyətidir” deyəndə çox hallarda qınağa tuş gəlirik. Bu qınaqlar düşmənlərin tərəfindən yox, öz millətimizin obyektiv insanları və hətta bəzən savadlı türkoloqlarımız, tarixçilərimiz tərəfindən olur.

Bayramlarımıza yiyələnək
Oxuduqlarımız və öyrəndiklərimizə istinadən birbaşa xristian dünyası ilə əlaqələndirilən Yeni il bayramının qədim türk bayramlarından olduğunu dedik, öz millətimizin nümayəndələri, öz tarixçilərimizin bəziləri bizə şovinist dedilər, fanat dedilər. Həmin «obyektiv» və «real düşüncəli» insanlara bu mövzuda bir neçə tutarlı fakt təqdim etmək istəyirik! Əslində bu yazı sadəcə millət olaraq, fərqində olmadıqlarımızı xatırlatmaqdan başqa bir şey deyil. (Qeyd edək ki, bu yazını qələmə alan tarixçi deyil-müəll.)

Hələ şablonçulardan qurtula bilməyən bəzi tarixçilərimiz öz tədqiqatlarını heç də ilkin mənbə əsasında deyil, daha çox korporativ maraqlara qulluq edən müəlliflərin əsərləri əsasında ərsəyə gətirirlər. Qədim yazılı abidələrin oxunmasına böyük əmək sərf edildiyindən çoxları bu istiqamətdə fəaliyyət göstərməkdən vaz keçirlər. Bizim vaz keçdiklərimizi isə başqa millətlər mənimsəyir, özlərinə saxta tarix formalaşdırırlar. Bütün bunların nəticəsidir ki, ən qədim türk bayramlarından olan Yolka bayramımız da artıq unudulmaqdadır. Uzun müddət ərzində bu bayramımızı bizə qeyri-ənənəvi xristian bayramı (!?) kimi təqdim edərək, özümüzü özümüzdən uzaqlaşdırıblar. Əvvəlcə onu qeyd edək ki, Yeni il bayramının xristianlığa aid olması ilə əlaqədar irəli sürülən fikirlərin heç bir əsası və təsdiqi yoxdur. Əgər iddia edilirsə ki, bu bayram İsa peyğəmbərin doğulan günüdür, İsa peyğəmbərin və Məryəm ananın həyatını bilən kəs anlayar ki, nəinki İsa peyğəmbərin dünyaya gəldiyi günü, hətta ayı, ili belə müəyyənləşdirmək mümkün deyil.

Lakin türklərə məxsusluğu tam şəkildə təsdiq olunan V əsrə aid Altay Pazırıq kurqanındakı «Ağac üzərində yonma» və Şərqi Qazaxıstanda tapılan e.ə. I minilliyə aid «Həyat Ağacı» abidələri də Yolka bayramının məhz türklərə məxsus olduğunu sübut edib. Tarixi araşdırmalara görə, bu bayram «Güntəkin abidəsi»ndə «Müqəddəs Türk ölkəsi» kimi göstərilən indiki Sibir ərazisindən dünyaya yayılıb. Yəqin ki, Sibir xalqlarıının türk olmalarını sübut etməyə ehtiyac yoxdur. Sibir çölləri - qədim Türk yurdu isə bu gün başdan-başa yolka ağacları ilə bəzənib. Lakin yolka ağacının İsa peyğəmbərin doğulduğu əraziyə uyğunluğu bir az mücərrəd xarakter daşıyır...
Yolka bayramını xristianlıqla bağlayanlarıın iddialarına öldürücü zərbə isə ondan ibarətdir ki, bu bayram xalqlara xristianlıqla birgə gəlməyib. Albanlar IV əsrdə xristianlıığı qəbul etdikləri halda, daha əvvvəl bu bayramı qeyd ediblər. X əsrin ortalarında xristianlığı qəbul edən ruslar isə 1699-cu ildə I Pyoturun verdiyi fərmandan sonra Yolka bayramını qeyd etməyə başlayıblar. Qədim Türk mədəniyyətinə aid olan, haqqında söhbət etdiyimiz bu bayramın mifoloji əssası da mövcuddur. Türklər bu bayramlarda əslində təbiətdə baş verən ciddi dəyişiklikləri qeyd edirmişlər. Bununla bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün türk tarixçisi Murad Adcının araşdırmalarına istinad edirik:

- Altayda yolkalar həmişə qeyri-adi gözəlliyə malik olub. Ox kimi düz qamətli yolka hələ qədim zamanlarda Türklər arasında müqəddəs ağac sayılıb. Türklər bu ağacı həmişə evə gətirər, hələ 3-4 min il bundan əvvəl insanlar onun şərəfinə bayramlar təşkil edərdilər. Həmin bayramlar ilk dəfə olaraq dünyanın mərkəzində - Allahların və Ruhların dincəldiyi yerdə yaşayan Yer - Suya həsr olunurdu. Yer-Sunun yanında ağsaqqal qoca - Qoca Ulgən də olub. İnsanlar onu həmişə qırmızı kaftanda görürdülər. Ulgən işıqlı ruhların başçısı idi. O, qızıl darvazaları olan yeraltı qızıl saraydakı qızıl taxtda otururdu. Günəş və Ay da ona tabe olub.
Yolka bayramı qışın ən şiddətli çağında - 25 dekabrda keçirilirdi. Belə hesab olunurdu ki, məhz bu vaxtdan gündüz gecəyə qalib gəlir. Günəş əvvəlkindən bir qədər çox üfüqün üzərində qalırdı. Adamlar həmin gün Ulgənə dualar edir və ona Günəşin qayıtmasına görə təşəkkür edirdillər. Dualar qəbul olunsun deyə, adətən Ulgənin sevimli ağacı olan yolkanı bəzəyirdilər. Onu evə gətirib budaqlarına parlaq, zolaqlı baftalar bağlayıb, ətrafına hədiyyələr düzürdülər.
Günəşin qaranlıq üzərindəki qələbəsi münasibətilə «karaçun, karaçun» deyə şənlənirdilər. Bayram belə də adlanırdı: «Koraçun». Bu, qədim Türk dilində «qoy azalsın» mənasını verirdi... qoy gecə qısalsın, gündüz uzansın. Adamlar Günəşin rəmzi olan dairə şəklində yolkanın ətrafında səhərə qədər yallı gedirdilər və bu «İNDERBAY» adlanırdı. Rəmzi məna verən bu üsulla onlar günəşi geri çağırırdılar. Hamı bir nəfər kimi inanırdı ki, bu gecədə tutulan ən gizli niyyətlər belə gerçəkləşəcək. Və doğpudan da Ulgən bir dəfə də olsun, onlara rədd cavabı verməmiş, bir dəfə də olsun onları pis vəziyyətdə qoymamışdı. Həmişə bu gecəki bayramdan sonra gecələr qısalmağa başlayır, günəş isə gündən-günə daha artıq səmada parlayırdı. Yolkanı «Ulgənin ağacı» adlandırırdılar. O, özünün quruluşu baxımından sanki insanların dünyasını Allahlar və Ruhlar yaşayan dünya ilə bağlayır. Yolka sanki bir ox kimi Ulgənə yuxarıya yol göstərirdi. Ağac öz adını məhz buradan götürüb-Türkcə olan «yol» sözündən! Üstündən neçə min illər keçməsinə baxmayaraq, qədim Türklərin bayramı hələ də unudulmayıb. Hazırda bu, hərkəsə məlum olan «Yeni il» yolka bayramıdır. Ulgənin adı Şaxta baba kimi təqdim olunsa dda, onun bayramdakı rolu və geyimi olduğu kimi qalıb. Yenə də əvvəlki kimi adamlar yolkanın ətrafında dövrə vurub fırlanır və heç kim heç nədən şübhələnmədən şənlənir.

Yolka o dərəcədə müqəddəs sayılırdı ki, hətta tanrıçılıq dövründə ölən adamların qəbirlərini yolka budaqcıqları ilə döşəyirdilər. Yolka ağacına ehtiram ənənəsini xalqların Böyük köçü dövründə türklər Şərqi və Mərkəzi Avropaya gətirdilər.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, kaftan, şapka, qurşaq, keçə çəkmələr- yəni Şaxta babanın geyimi qədim Türk geyimlərindəndir. Onlar da eynilə belə geyinirdilər. Arxeoloqlar və tarixçilər bunu tam dəqiqliyi ilə sübut ediblər. Rəvayətə görə, Ulgənin qardaşı Erlik olub. Ulgən xeyir, işığı, nuru təmsil etdiyi halda, Erlik şəri və zülməti təmsil edirmiş. Bu arada «Xeyirlə şər qardaşdır», «gecə ilə gündüz qardaşdır» kimi el məsəllərini də unutmaq olmaz.
Yeni il türklərin ən qədim bayramıdır

QEYD: Sözugedən bayramla bağlı ənənələrin Türklərə məxsus olmasını təsdiqləyən daha bir fakt: Avropada bu bayramın əlamətlərindən biri kimi, əfsanəvi Santa Klausun da məhz Türk torpaqlarından biri olan Türkiyə ərazisində yaşaması faktı bir neçə il əvvəl təsdiqləndi. Fakta görə, Santa Klaus kimi tanınan Müqəddəs Nikolay Antalyada yaşayıb və bütün Anadoluda tanınıb. Onun doğum və ölüm tarixləri dəqiq məlum olmasa da, tədqiqatlara görə, təxminən 200-400-cü illər arası mövcud olub. Antalya yaxınlığındakı tarixi Mira şəhərində dəfn olunan Santa Klaus sonradan xristian müqəddəsləri sırasına daxil edilib. Və məşhur Xaç yürüşləri zamanı, daha dəqiq desək, 1087-ci ldə onun nəşi (mumiyalanmış cəsədi) oğurlanaraq Avropaya aparılıb ki, hazırda o, İtaliyanın Bari şəhərindədir. Yeni il rəmzinin vətənə qaytarılması üçün Türkiyə Cümhuriyyəti diplomatik danıışıqlar aparır.
Əfsanəyə görə, Santa Klaus kimi tanınan Nikolayın «müqəddəs» adlandırılması möcüzələr törətmək bacarığından qaynaqlanıb. Rəvayətə görə, o, həm də kasıblara hədiyyələr paylayırmış ki, vaxt keçdikcə bunu İsanın mövludu, sonra isə Yeni İl ilə əlaqələndirdilər.
Beləliklə, qədim Türklərin xeyirin şər, nurun zülmət üzərində qələbəsi kimi qeyd etdiyi TANRIYA YOL BAYRAMI, daha sonra YOLKA BAYRAMI kimi qeyd edilən və nəhayət, indi xristian dünyasının tam mənimsəyə bildiyi və adını «Yeni il» qoyduğu bu qədim Türk mədəniyyətinə aid olan tarixi və əhəmiyyətli, milli və sevincli bayramımız olan bu İlahi bayram millətimizə İlaahi bir sevinc nəsib etsin! Amin!
BAYRAMIMIZ MÜBARƏK!
Bu xəbər oxucular tərəfindən 6406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed