Şrift:
Nazirlikdə iclas. Kağız arayışlar sıradan çıxır
26.11.2014 [14:01] - Sosial
Noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

İclasda danışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: “Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb”.

Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının kəskin şəkildə azalaraq minimuma endiyini qeyd edən nazir səylərin əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasına yönəldiyini, artıq Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin yaradılaraq funksional tələblərə uyğunluğunun yoxlanıldığını vurğulayıb: “Bu yeni sistem əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edəcək. Yəni tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) səhiyyə müəssisələrindən qəbulu bu sistem üzrə elektron qaydada yerinə yetiriləcək.

Digər tərəfdən həmin sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb ki, TSEK-lər əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatları bu bazaya yerləşdirirlər. Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə ehtiyac qalmır. Çünki bu sistem aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunduğundan onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan elektron qaydada əldə edəcəklər. Bərpa mərkəzlərinin fəaliyyəti də əsasən elektron məlumat bazasındakı məlumatlar əsasında təşkil olunacaq. Eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri ilə elektron qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə elektron arayışlar əldə edə biləcəklər”.

İclasda görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi məsələləri və əlillik müayinələrinin nəticələrinə dair informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Yol verilən nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.

Xəbəri “Media forum” saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi verib.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed