Şrift:
Konqresmenlər Obamanı Azərbaycanı dəstəkləməyə çağırır
27.11.2014 [13:37] - Gündəm, Siyasət
ABŞ Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar.

Konqresmenlər ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda Birləşmiş Ştatların sınanmış və vacib müttəfiqidir: “ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanla terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrdən sonra Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə rəsmi Vaşinqtona köməyini təklif edən ilk ölkələr arasında olub”.

Konqresmenlər bildiriblər ki, regionda ABŞ-ın təhlükəsizlik maraqlarını dəstəkləyən, qlobal enerji təhlükəsizliyində vacib tərəfdaş olan Azərbaycanın rəsmi Vaşinqtonla əlaqələri Xəzərin enerji resurslarının Amerika şirkətləri tərəfindən işlənməsi ilə daha da möhkəmlənib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzərin karbohidrogen ehtiyatlarının ABŞ-ın Avropadakı müttəfiqlərinə çatdırılması, Cənubi Qafqaz regionunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verəcək “Cənub” qaz dəhlizinin reallaşmasında da Azərbaycanın mühüm səyləri var. Bu layihənin həyata keçməsi ilə Azərbaycan ABŞ-ın Avropadakı müttəfiqlərinin təbii qazla təchizatında əsas rol oynayacaq”.

Konqres üzvləri prezident Barak Obamanı ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə çağırıblar.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed