Şrift:
Dünya şöhrətli alim və həkim, şair Paşa Qəlbinurun esse janrındakı “İDRAK ƏTRİ” əsəri haqqında II yazı
18.12.2014 [12:19] - Sağlıq, DAVAMın yazıları
II yazı

Dünya şöhrətli alim və həkim, şair Paşa Qəlbinurun esse janrındakı “İDRAK ƏTRİ” əsərindən

ALZQEYMER

Payızda yarpaqlar saralıb ağacdan tökülürsə, gözəllikdir. Lakin yazda, yayda ağacların yarpaqları saralıb tökülürsə, bu xəstəlikdən baş verir. İnsanın da vaxtından əvvəl yaddaş zəifləməsi, nitq zəifləməsi “Alzqeymer” adlanan- beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir. Yaddaşın günbəgün azalması, itməsilə sonda xəstələr öz doğmalarını belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər.
Əsrimizin hələlik müalicəsi mümkünsüz xəstəlikləri sırasında “Alzqeymer”in xüsusi yeri var. Dünyada (sayı günbəgün artan) 35 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Alzqeymer Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəliklərdən biridir. Bu xəstəliyə düçar olan tanıdığımız simalar bir anda göz önündən keçir: Keçmiş ABŞ prezidenti, əsl sənəti aktyor olan Ronald Reyqan, məşhur futbolçu Ferens Puşkaş, İngiltərənin keçmiş baş nazirləri- Harold Vilson, Marqaret Tetçer, aktyorlar – Piter Falk, Rita Xeyvort, Anna Jirardo, Çarlton Xeston və b.
Bəzi alimlərin fikirinə görə, statiskanın şahidliyilə mütaliəsi qədərincə olmayan adamlar bu xəstəliyə daha çox düçar olurlar. Xəstəliyin çox-çox irəliləməmiş mərhələlərində bu xəstələr öz evlərində, mütləq tanış olan yerlərdə özlərini rahat hiss edirlər. Belə ki, gecəyarı yarıyuxulu adam qaranlıqda belə yatağından durub buz dolabından su içə bildiyi kimi, yaddaşında təkrar möhürlənmiş məqamlar silinmir. Adətən bu xəstələrin səhəti ən yaxın qohum-qardaşın evinə qonaq gedib bir-iki gün qonaq qalanda belə kəskin pisləşir. Çünki tanış olmayan məkan bu xəstəliyin yaddaş itkisini daha da dərinləşdirir.
Deməli, biz dünya həkimlərinin hələlik çarəsini tapmadığı bu qorxun, faciəvi ölümə aparan xəstəliklə iki yolla mübarizə apara bilərik: Birinci sistemli, mütamadi MÜTALİƏ (təfəkkürün stimulyasiyası) və evimizdə, şəhərimizdə, ölkəmizdə dünyada yaddaşımıza həkk olan tarixi, mədəni, ictimai, şəxsi və s, dəyəri olan hər hansı abidəni, əşyanı, əsəri və s. QORUMAQLAla.
Çox təəssüflər olsun ki, məlum elmi statistik məlumatlardan aydın olur ki, ölkəmiz hər min nəfərdən kitab oxuyanların sayına görə dünyada axırıncı yerlərdən birini tutur. Yenə təəssüflər olsun ki, yüz il əvvəl C. Məmmədquluzadənin, N. Nərimanovun, S. S. Axundovun,
Ə. Haqverdiyevin, M. Ə. Sabirin, M. Hadinin- kimlərin, kimlərin yana-yana kitab oxumağa çağıran, hayqıran səslərinin aktuallığı zərrə qədər də azalmır, əksinə günbəgün hava, su kimi zərurətə çevrilir.
Bir dəfə televiziyada mənə verilən “gözəl olmaq üçün nə etmək lazımdır?” –sualına “kitab oxumaq”,-dedim, gülüşdülər. İzah etdim ki, görürsünüzmü savadlı, güclü mütaliəsi olan din xadimlərinin və ya hər hansı peşə sahiblərinin üzündə nur, kəhrəba cazibəsi, çörəyin ətri kimi müqəddəslik, i.ıq olur. Hətta üz cizgiləri məlum gözəllik standartlarından, ölşülərindən kənarda olan istəlinən adam- yaşından, cinsindən, tutduğu mövqeydən asılı olmayaraq. Gözəl görünür. (Əgər mütaliəsi qədərincədirsə!..) Kitab oxumayanlar isə əksinə... (hətta o şəxs din xadimi olsa belə). Təkrar edirəm:
- Əsrimizdə dünya tibb aləminin fikrinə görə mütaliəsizlik eybəcərlikdir- cəhalət, cinayətlər və s.-dən başqa həm də ən pis xəstəliklərdən olan “Alzqeymer”in inkişafına yol açır.
Bu xəstəliyə yol açan ikinci səbəb mübarək yaddaşımızın məlum möhürlərini öz əlimizlə məhv etməyimizdir. Gözlərimizin önündə İçəri şəhərimizin ciyərini sökdülər. Neçə-neçə qədim abidəsinin yerində müasir “qutular” tikdilər.
Qarabağımızda, Qərbi Azərbaycanımızda erməni-daşnaq vandalizminə məruz qalan nə qədər abidələrimiz yerlə-yeksan oldu, içalatı talandı. Yaddaşımızın talanı dürlü-dürlü məkanlarda, fərqli formalarda və məzmunda oldu.
Hər dəfə Fəvvarələr meydanından, kilsənin yanından Mərkəzi Univermağa tərəf gedəndə hələ yaşımızdan əvvəl mövcud olan balıq dükanının yanından keçəndə burnumuza məlum hisə verilmiş balıq iyi gəlirdi.
Ta gəncliyimizdən biz bu dükana girməsək də, bu iy bizim yaddaşımızdaydı...(Məkandan söhbət düşsə belə). İndi odükanın içində pal-paltar satılır.(nənəm deməli “cır-cındır”) Fəvvarələr meydanının yanındakı kitab pasajının hücrələri də eyni taledə...
Mən illərdi, hətta tələsik o kitab pasajının yanından keçəndə belə, o kitabların “çörək ətrindən”. əslində elə “kitab ətrindən” ciyər dolusu udar, yoluma davam edərdim. Biz “səksənincilər” o kitab rəflərinə günəşə, aya baxan kimi baxar, hər təzə kitaba toxunanda ilk məhəbbətin “göyərçin əllərini” ovcumuzda tutardıq.
“Azərnəşr”in gözəl tarixi binasını özəl banka çeviriblər. O gün onun qarşısından keçirdim. Önündə ayaq saxladım... Yadıma keçmiş əyyamlar düşdü: Bu binadakı nəşriyyatlar, aşağı mərtəbəsindəki mətbəə, kitaba ruhuyla, qanıyla bağlı ona can verən insanlar... Doxsanda üçüncü mərtəbədə Leninin başsız, tərsinə üzü divara çevrilmiş heykəli və bir də o binanın bütün mərtəbələrindən gələn o müqəddəs kitab iyi.
Həssas burnumla heç kimin sezə bilmədiyi bir tövrlə, o binanı bir də iylədim. Çox zəif kif iyi gəlirdi. Ancaq bu iyi Feleminqdən 100 il (!) əvvəl Şamaxının Məltəm kəndində olan Loğman babamızın kif göbələklərindən hazırladığı məlhəmin (pensilinin) iyi deyildi və ola da bilməzdi...
Y. Məmmədəliyev küçəsindəki məşhur arxitektur “Atlantalar” olan bina söküləndə YUNESKO-nun Koreyadan olan nümayəndəsinin hönkür-hönkür ağladığını gözlərimlə görmüşəm. Bir bazar günüydü. Mən ona yaxınlaşdım. O qədər özümü itirmişdim ki, heç olmasa cib telefonumla o mənzərəni çəkə bilmədim.
Hə, yadıma düşdü ki, belə bir mənzərəni bir də televiziya ekranlarında son İraq müharibəsində
-Bağdadda qədim muzey dağıdılıb, qarət olunanda görmüşəm. Adını unutduğum amerikalı qadın professor hönkür-hönkür ağlayırdı...
Mənim bir şair kimi yadıma Koroğlunun Qır atı qaçıran Həmzəyə ürər dağlayan hayqırtısı düşdü: “Əylən deyim Qıratın qiymətini...”
Görəsən bu dağıtdıqlarımızın qiymətini bilirikmi? Məhv olan-həyatımız, sağlamlığımız, bu günümüz və sabahımızdır.
Bu yanıqlı sadalamalar, xatırlamalar uzun olar deyə, elə buradaca kəsirəm. Ancaq mən bir həkim kimi bilirəm ki, tarixi abidələrin məlum çoxşaxəli maddi və mənəvi dəyərlərindən başqa, həm də ona görə sökmək olmaz ki, bu ağır, qarşısıalınmaz Alzqeymer kimi qorxunc xəstəliklərin kütləviliyinə gətirib çıxara bilər. Elm artıq bunu sübut edib. Əlavə misallarla, faktlarla sizi yormaq istəmirəm.
Avropada elə qədim şəhərlər var ki, min ildir bir tikilisinin yola-küçəyə baxan üzü dəyişməyib. Beş yüz ildir şəhərin bir binası da uçurulmayıb. İnsan doğulub, yaşayıb şəhərin küçələrini, binaları, tikililəri, eyni görüb, əvvəlki yazıçı babasının təsvirindəki kimi...
MUBARƏK, MÜQƏDDƏS, YADDAŞ İNSANI RUHƏN VƏ CİSMƏN SAĞLAM SAXLAYIR, GÖZƏL XOŞBƏXT ÖMRƏ VƏSİLƏ OLUR!.. (Heç də təsadüfi deyil ki, babalarımız, nənələrimiz sidq ürəkdən deyərdilər ki, Ay Allah, sən mənim ağlımı əlimdən alma!..).
Əgər Moskvada səfirliyimizin “beş addımlığında” olan məşhur kitab mağazası az qala səhərə qədər açıq olursa, bizdə niyə olmasın. Əgər dünyanın müxtəlif bölgələrində məs: Skandinaviyada, Avropanın qədim şəhərlərində İçəri Şəhər tipli qədim yaşayış məskənlərinin hər evi yox, az qala hər daşı nömrələnibsə, bizdə niyə olmasın, əgər bütün dünyada qatarda, təyyarədə, tramvayda, istirahətdə kitab oxuyursa, teatrlarda növbəyə durursa, bizdə niyə olmasın, əgər...
Əgər bunlar olmasa, bizi dürlü-dürlü faciələr gözləyir: xəstləliklər, zəlilliklər, eybəcərliklər, məğlubiyyətlər, cəhənnəm əzabları...
Gəlin, həyətimizin, evimizin dörd divarı arasına çəkilməyək. Bu, qarşıdan gələn əzablı ölüm deməkdir. “Dəniz”i xilas etmək lazımdır. Dəniz suyunu vannaya ya hovuza töksən, daha dıniz suyu deyil! Necə ki, gözəl, mavi dənizdən əyilib bir ovuc su götürsəniz ovcunuzdan mavilik axıb gedər, ovcunuzda ölü ağ su qalar.
Ruhumuzun Nuh tufanı yaxınlaşır!!!
Gəlin həyatımızı xilas edək, neçə ki, gec deyil!



Hazırladı: NİFTALI GÖYÇƏLİ
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed