Şrift:
Fərəc Quliyev: -Bu, Qərbin məsələyə qərəzli yanaşmasıdır-
18.12.2014 [12:43] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İki türk dövlətinə qarşı Qərbin məkrli niyyətləri üzə çıxır

Tahir Kərimli: "Qərb Türkiyəyə qarşı da hərəkətə keçib”
Türkiyədə son günlərdə həyata keçirilən və Fətullah Gülənə yaxın şəxslərin həbsi ilə nəticələnən əməliyyat dünyada da diqqətlə izlənir. Xatırladaq ki, dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi "paralel yapı" əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. Həbs olunanların sırasında "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, STV-nin baş direktoru Hidayət Karaca, həmçinin bu kanalda yayınlanan bir çox serialın direktoru, rejissoru, ssenaristi və aktyorları olub. Barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də "Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır. Onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu 14 dekabrda saxlanılan media mənsublarının peşə fəaliyyətinə görə həbs edilmədiklərini deyib: " Hüquq dövləti olan Türkiyədə istintaq prosesləri yalnız qanunun tələbi üzrə aparılır. "Zaman” qəzetinin baş redaktoru, "Samanyolu” TV-nin rəhbəri və digər həbs olunan fikirlərinə görə deyil, konkret əməllərinə görə həbs edilib. Zaman gəldikcə istintaqla bağlı vətəndaşlara bilgi veriləcək. Həbslər saxlanan şəxslərin peşə fəaliyyəti ilə bağlı deyil”. Lakin ABŞ və Avropanın rəsmi dairələri Türkiyədə həyata keçirilən həbsləri pisləməklə bağlı çoxlu bəyanatlar yayıblar. "Sərhədsiz Reportyorlar", "Human Rights Watch" və digər beynəlxalq təşkilatlar da Türkiyəni qınayan bəyanatlarla çıxış ediblər. Türkiyə hökuməti isə həm beynəlxalq təşkilatların, həm də transmilli medianın məsələyə yanaşmasını ciddi tənqid edib, hadisələrə ikili standartlarla yanaşıldığını bildirib.
Həqiqətən də Qərb dairələri nədənsə həbs olunanların cinayət əməlləriən nəzər salmayaraq, diqqəti yalnız Türkiyəyə təzyiq üzərində fokuslayırlar. Xatırladaq ki, son dövrlərdə Qərbin bəzi dairələrində Azərbaycana qarşı da analoji münasibət sərgilənir. Halbuki, Qərbin özündə son zamanlar azadlıqların pozulması halları daha geniş vüsət alıb. ABŞ-da isə hətta irqi ayrı-seçkilik tendensiyası yenidən genişlənir. Amma bununla belə həmin Qərb dairələri özlərində baş verən azadlığın pozulması kimi hallara göz yumurlar. Əvəzində türk dövlətləri hədəf seçilir. Bu təsadüfdür, yoxsa konkret məqsəd daşıyır?
Millət vəkili Fərəc Quliyev düşünür ki, burada heç bir təsadüfdən söhbət gedə bilməz. Bu addımlar Qərbin məsələyə qərəzli yanaşmasından qaynaqlanır: "İstər Azərbaycanda, istərsə də Türkiyədə, istərsə də bir başqa dövlətdə olsun, dövlət maraqlarını qorumaq üçün dövlət subyekti vardır. Bunlar onun üçün formalaşıb. Birisi jurnalist deyilsə, müəllim, həkimdirsə, dövlət maraqlarına qarşı çıxıb həbs olunursa, bu olar. Amma dövlət maraqlarına qarşı çıxan jurnalistin həbsi olmaz? Dövlətə qarşı zidd hərəkət etmək, hansısa vəsiqənin arxasında kiməsə bu imkanmı verilir? Bu, normal şey deyil. Azərbaycanın özündə QHT rəhbərləri, jurnalistlər qaydaları pozur, dövlət maraqlarını ayaqlayırlarsa, belə bir məqamda dövlətə xəyanətdə ittiham olunurlarsa, o jurnalist, tanınmış adam, deputat olduğuna görə, ona güzəşt olunmamalıdır. Qanun qarşısında hər kəs bərabər olmalıdır. Demokratiyanın, hüquqi dövlətin əsas prinsiplərindən biri də budur. ABŞ başda olmaqla Qərb ölkələri hüququn üstünlüyündən danışırsa, dövlət qanunlara hamının eyni tərzdə əməl etməsini istəyirsə, belədə onların göstərdiyi təpkinin heç bir yeri yoxdur. Bu Qərbin məsələyə qərəzli yanaşmasıdır. Türkiyədə dövlət maraqları tapdanırsa, təhdid olunursa və ona qarşı tədbir görülürsə, o subyektin jurnalist, QHT rəhbəri, siyasi partiya lideri, deputat olmasının fərqi yoxdur. Dövlət maraqlarından üstün heç nə yoxdur. Ona görə də Türkiyədə baş verən hadisələri normal qəbul edirəm. Azərbaycanda da kimliyindən asılı olmayaraq, dövlət maraqları üzərinə gələn adamların cəzalanması məqbuldur, lazımdır. Dövlət güclü olmasa, xaos vəziyyətinə gəlib çıxar. Ona görə istər Amerika, istər digər dövlətlər olsun, bu məsələlərdə fərqli maraqlardan çıxış etdiklərinin, qərəzçiliyin fərqindəyəm və hesab edirəm ki, bu fikirlər Azərbaycan və Türkiyə tərəfindən nəzərə alınmamalıdır. Qərb burada konkret məqsədlər güdür”.
Millət vəkili Fazil Mustafa düşünür ki, Qərb bu kimi reaksiya göstərməklə əslində, bir bəhanə axtarır: «Türkiyə də Qərbə yönəlik hansısa məsələdə irad bildirir. Amma bizim bildirdiyimiz onlar üçün böyük əhəmiyyət daşımır. Qərb başqa dövlətlərdə baş verən hadisələri azadlığın pozulması kimi qələmə verməyi özünə məqbul hesab edir. Amma bu yanaşma doğru deyil. Türkiyə müstəqil dövlətdir. Onunla təzyiq formasılnda deyil, dostcasına davranmaq lazımdır. Burada başqa məqam da var. Türkiyə Avropa Birliyinə üzv olmaq istəyir, onun da kriteriyaları var. Avropa Birliyinin təzyiqi daha çox bu konteksdədir. Türkiyə həmin birliyə daxil olmaq istəmədiyini bəyan etsə, bu qədər təzyiq olmaz. Avropa ölkəsi olmayan Afrika və başqa yerlərdə insan haqları pozulsa da, Qərb onlara belə reaksiya vermir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli düşünür ki, Ankaranın və Bakının Moskva ilə əlaqələrini genişləndirməsi Qərbi qıcıqlanmdırdığından, onlar belə qərəzli mövqe tutumağa başlayıblar: "Əsas məsələ Türkiyənin Rusiya ilə yaxınlaşması istiqamətində atdığı addımlarla bağlıdır. Bu iki ölkə 2023-cü ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmalıdır. Rusiyanın burada qaz paylayıcı şəbəkə, atom stansiyası yaratması Qərbə görə, Türkiyənin Moskva üçün bir nəfəslik olduğu anlamına gəlir. Çoxlu sayda Avropa liderləri Türkiyəyə gələrək hökuməti bundan çəkindirməyə çalışdı. Rus rublunun kəskin ucuzlaşması fonunda bir gecədə türk lirəsi də 30 faiz ucuzlaşdı. Deməli, Qərb Türkiyəyə qarşı da hərəkətə keçib. Ankara ABŞ-dan Güləni tələb edir. Düşünürəm ki, Qərb Türkiyədə və Azərbaycanda insan haqları ilə bağlı məsələləri şişirdir. Avropa İttifaqı hətta Türkiyədəki medianın vəziyyətini müzakirə etməklə bağlı qərar da qəbul edib. Bütün bu addımlar Türkiyədən acıq çıxmağa hesablanıb. Qərb dövlətləri özlərində olan qanunsuzluqları görmür və yaxud görməməzliyə vururlar. Azərbaycanda kimsə həbs olunan kimi onun guya siyasi motiv üzrə olduğunu iddia edirlər. Belə görünür, Azərbaycan və Türkiyəyə münasibətdə güclü haqlı çıxır, nəinki haqlı güclü”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed