Şrift:
Türkiyədən Türkmənistan və Qazaxıstana yük daşıyan maşınlar Bakıda problemlə qarşılaşıb
19.12.2014 [13:49] - Xəbərlər
“Xəzər Dəniz Gəmiçiliyi” məsələyə münasibət bildirib



Azərbaycan tərəfinin Türkiyədən Türkmənistana və Qazaxıstana yük maşınlarının daşınması üçün kifayət qədər gücü var.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Vüqar Sadıqov Türkiyə mətbuatında sözügedən ölkənin ağır tonnajlı yük maşınlarının 10 günə yaxın Xəzər dənizindən Türkmənistanın Tükmənbaşı və Qazaxıstanın Aktau limanlarına keçə bilmədikləri ilə bağlı gedən xəbərlərə münasibət bildirərkən deyib.

V. Sadıqovun sözlərinə görə, yük maşınlarının getmək istədiyi Aktau və Türkmənbaşı limanlarında körpülərin buraxılış qabiliyyətləri çox məhduddur: “Orada körpülərin sayı azdır və bizim gəmilər xeyli müddət limana girmək növbəsini və yüklərin boşalmasını gözləyirlər. Bu səbəbdən də o limanda hər hansı gəmi növbə gözləyirsə, o gəmi yola salındıqdan sonra başqa gəmini göndərmək mümkündür. Bu texniki və daimi tənzimləməyə məruz qalan məsələdir. Bizim dispetçer xidməti əlindən gələni edir ki, məsələ həllini tapsın. Çalışırıq ki, daimi olaraq həm dəmir yolçularla əlaqəli şəkildə işləyək, həm də yüklərin ləngiməsinə yol verməyək. Müəyyən ləngimələr hava şəraiti pis olanda da yarana bilir. Yaxud da ki, digər texniki səbəblər zamanı da ləngimələr ola bilir. Ancaq biz əlimizdən gələni edirik ki, bizim gəmilər vasitəsilə daşınan yüklər ləngiməsin”.

V. Sadıqov qeyd edib ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin özü də yüklərin vaxtında daşınmasında maraqlıdır.

Problemin nə zaman həll olunacağına gəldikdə qurum rəsmisi deyib ki, buna yalnız Aktau və Türkmənbaşı limanlarının buraxılış qabiliyyətinin artırılmasından sonra nail olunacaq: “Azərbaycan tərəfi dəfələrlə qarşı tərəfin limançıları ilə danışıqlar aparıb. Amma bu danışıqlara baxmayaraq, onlar bununla bağlı heç bir effektiv ölçü götürmürlər. Ona görə də tez bir zamanda bu məsələdə təsirli dəyişikliklərin olacağını demək çox tezdir. Bu dövlətlərarası məsələdir. İstər Aktau, istərsə də Türkmənbaşı limanlarına müəyyən vəsait qoyulmalıdır, körpülərin sayı artırılmalıdır. Bundan sonra məsələ tam həll olunacaq”.

Qeyd edək ki, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin icraçı direktoru Fatih Şənər Türkiyə mətbuatına açıqlamasında bildirib ki, bir müddət əvvəl Türkiyədən gələn ağır tonnajlı yük maşınlarının İranda rastlaşdığı çətinliklərdən sonra, 10 gündür ki, Bakıdan Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın Aktau şəhərlərinə keçə bilmirlər. Yük maşınları “Ro-Ro” tipli gəmiləri gözləyirlər.

“Bu problemin həlli də çox asandır. Gəmi olsa, bu yük maşınlarının Bakıya daxil olması, o cümlədə 80 kilometr aralıda yerləşən Ələt limanından istifadə etmələri çətin olmayacaq. Sadəcə, Bakı rəsmilərinin icazəsi ilə bu prosesin reallaşmasına nail olmaq olar”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed