Şrift:
Kristian Dolezal: “Cənub axını” layihəsini “Nabucco” ilə müqayisə etmək doğru deyil”
29.12.2011 [16:21] - İqtisadiyyat
“Nabucco” unikal Avropa-Türkiyə birgə layihəsidir və digər təklif-layihələrdən asılı deyil”.

Bu barədə “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun Kristian Dolezal bildirib.

Türkiyənin “Cənub axını” kəmərinin öz ərazisi ilə çəkilişinə icazə verməsinin “Nabucco”nun taleyini şübhə altına salacağı haqda deyilənlərə münasibət bildirən K.Dolezal deyib ki, “Cənub axını” əvəz olunan layihədir, “Nabucco” isə qazın Türkiyə və Avropaya nəqlinə imkan yaradan yeni dəhliz açır: “Bizim konsorsium bütün tranzit ölkələrlə və Türkiyə ilə layihənin dəstəklənməsinə dair hökumətlərarası və ikitərəfli sazişlər imzalamaqla möhkəm hüquqi baza yaradıb, “Botaş” “Nabucco”nun səhmdarlarından biridir. Ona görə də bu layihələri müqayisə etmək doğru deyil”.

Qeyd edək ki, dekabrın 28-də Türkiyə “Cənub axını” qaz kəmərinin öz ərazisində - Qara dənizin dibi ilə Bolqarıstana çəkilişinə icazə verib. Bununla da layihənin reallaşması üçün zəruri olan sonuncu ölkənin də razılığı alınıb. Bununla belə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib ki, “Cənub axını” layihəsinin tərəfdaşı olmaq niyyətində deyillər: “Amma belə bir təklif alarıqsa, nəzərdən keçirə bilərik”.

“Cənub axını” layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir.

“Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed