Şrift:
Azərbaycan Mərkəzi Bankı 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətlərini açıqlayıb
30.12.2011 [11:26] - İqtisadiyyat
Bu il mürəkkəb qlobal iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirərək, milli iqtisadiyyatda sabitlik hökm sürüb və artım prosesləri davam edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci il üçün təsdiqlədiyi pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə Bəyanatında deyilir.
Bəyanata əsasən, Azərbaycanın xarici iqtisadi mövqeyi əlverişlidir, strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyədədir: «Hazırda iqtisadi artım tamamən qeyri-neft sektorundan qaynaqlanır. İnflyasiya optimal idarə olunur və tək rəqəmli səviyyədədir. Makro-maliyyə sabitliyinin mühüm lövbəri olan manatın mübadilə məzənnəsi stabildir. Bank sektoru yüksək maliyyə dayanıqlığına malikdir. Maliyyə resurslarına çıxış genişlənir və təşviq olunur, nəticədə iqtisadiyyata kredit qoyuluşlarının artımı davam edir. Dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın kredit reytinqi yüksəldilib».

Cari ildə ölkənin xarici mövqeyində yaxşılaşma davam ebir ki, tədiyyə balansına ixrac qiymətlərinin yüksəlməsi, xarici maliyyə axınlarının artması müsbət təsir edib. İlin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə ixracı 34% artaraq 26,8 mlrd. dollara, xidmət ixracı isə 26,4% artaraq 1,9 mlrd. dollara çatıb. Nəticədə, cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 20,4% yüksələrək 14,4 mlrd. dollar təşkil edib. Bu da kapital hesabının kəsirini örtərək ehtiyat aktivlərini 10,4 mlrd. dollar artırıb. Strateji valyuta ehtiyatları dekabrın 1-nə 42 mlrd. dollara çatıb və ÜDM-in 65%-ni ötüb. Strateji valyuta ehtiyatları 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ildə 60%-dən çox artaraq 10,5 mlrd. dolları ötüb.

Bəyanata əsasən, 2011-ci ildə Mərkəzi Bank öz fəaliyyətini inflyasiyanın tək rəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin reallaşmasına yönəldib. Bu il ərzində Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklif mənbələrinin genişlənməsi şəraitində həyata keçirib. Məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 4 mlrd. dollardan çox valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə manatın dollara qarşı məzənnəsi 1,5% möhkəmlənib.

Bəyanatda deyilir ki, real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi 6,5% təşkil edib ki, bunun da yarısı banklar tərəfindən yaradılan ehtiyatlarla örtülür. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir və ötən 11 ayda likvid aktivlər ümumi aktivlərin 14,3%-i həddində olub. Bank sektoru potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapital səviyyəsinə malikdir. Belə ki, kapitalın adekvatlıq göstəricisi 12%-lik normaya qarşı 15,8% təşkil edir. Sektorun xarici mövqeyi dayanıqlıdır və yaxşılaşıb. Belə ki, son 3 ildə özəl bank sektorunun xarici borcu 2 dəfə azalıb. Stress-testlər göstərir ki, bank sektoru riskləri absorbasiya etmək və dayanıqlığı qorumaq potensialına malikdir.
Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed