Şrift:
Abdulla Amir Haşimi (Cavanşir): -Həm o tayda, həm bu tayda çox böyük potensial var/
10.01.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresinin sədri və Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin təsisçilərindən olan Abdulla Əmir Haşimi Cavanşir Bakıdadır. Azərbaycanın quzeyinə səfəri çərçivəsində bir sıra görüşlər keçirən təbrizli qardaşımız “Yeni Müsavat”ı da ziyarət etdi, baş redaktor Rauf Arifoğlu, qəzetin redaksiya heyəti ilə səmimi görüşəndən sonra qəzetimiz üçün müsahibə verdi.

Öncə qeyd edək ki, əsl adı Abdulla Haşimi olan qonağımız İranı tərk edib Bakıda yaşadığı illərdə özünə “Cavanşir” təxəllüsünü götürüb. Abdulla bəy 1950-ci ildə Güney Azərbaycanda, Təbriz şəhərində doğulub. Təbriz Universitetində təhsil aldığı zaman tələbə hərəkatına qoşulub. Buna görə də 3 ilə yaxın həbsdə yatıb. Şah rejimi zamanı zindana düşən Abdulla bəy yalnız 1979-cu ildə, İran İslam İnqilabından sonra azadlığa çıxıb. Həbsdən sonra da mübarizəsini davam etdirib. Güneyin bir sıra şəhərlərində təşkilatlanıb fəaliyyət göstəriblər. Ancaq Abdulla bəy təəssüflə bildirir ki, demokratiya dövrü çox qısa oldu və yenidən təqiblər başladı.

O zaman hərəkatçılar gizli fəaliyyətə keçməyə qərar veriblər. Abdulla Amir Haşimi deyir ki, 1992-ci ilə qədər davam edən gizli fəaliyyət dövründə yaxınları, ailə üzvləri də kifayət qədər təqib olunub. 1992-ci ildə isə gizli yolla Bakıya qaçıb. Öncə burada Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Fabrikində kabinet işində çalışıb. Daha sonra isə AzTV-də işə dəvət olunub, böyük redaktor vəzifəsinə başlayıb və 1998-ci ilədək televiziyada çalışıb. Həmin il İsveçə mühacirət edib. 3 il ərzində İsveç dilini mükəmməl öyrənib və xüsusi təcrübə keçəndən sonra 12 il ərzində Stokholm şəhər məktəbində müəllim işləyib. Ancaq deyir ki, əsas məqsədi müəllim işləmək deyildi. 3 övladı, 6 nəvəsi olan Abdulla bəyin dediklərindən:

- Əsas məqsədimiz Güney Azərbaycan məsələsi, diaspor fəaliyyəti ilə məşğul olmaq idi. Odur ki, dərnəklər qurduq. İlk öncə İsveç Azərbaycanlıları Federasiyasını təsis etdik, 40-dan artıq kiçik cəmiyyətləri birləşdirdik. Daha sonra maneələrə baxmayaraq Qarabağ Cəmiyyətini təsis edib İsveçdə qeydiyyatdan keçirtdik, 13 ildir mən bu qurumun sədriyəm. Biz Qarabağ həqiqətləri barədə, həmçinin İrəvanın tarixi Azərbaycan ərazisi olması haqda materialları, kitabları yayır, mətbuatda bu barədə materiallarla çıxış edirik. Hazırda ermənilər qondarma “soyqırım” iddiaları ilə çıxış edirlər və 100 illik tədbirlərə hazırlaşırlar, biz də öz tərəfimizdən ermənilərin yalançı simalarını açmaq üçün işlər görürük. Bundan əlavə, Avropanın başqa ölkələrindəki 200-dən artıq diaspor təşkilatı ilə əlaqələrimiz var. Həmçinin Türkiyə diaspor təşkilatları ilə geniş işbirliyimiz var.

- Bəs Azərbaycanın güneyi ilə necə, əlaqələriniz qalırmı? İndiki situasiya barədə nə demək olar?

- İnternet şəbəkələri imkan verir ki, uzun illər öncə orda dayanan fəaliyyətimizi yenidən bərpa edək. Biz Güneydə Güney Azərbaycan Konqresini təsis etdik. Bu gün konkret şəkildə Güneydə bizim adamlarımızın olduğunu demək istəmirəm. Amma əsas məsələ ordakı atmosferdir. Biz Urmu gölü problemi, dil məsələsi, yaxud Azərbaycan adlarının farslaşdırılması mövzularını müzakirəyə çıxarırıq, o haqda hətta azərbaycanlı rəsmi şəxslər, ostandarlar, yaxud millət vəkilləri də xal qazanmaq üçün eyni məsələlərdən danışırlar.

- Bakıya səfərinizdə yəqin ki, konkret məram-məqsədiniz var...

- Mən güney-quzey fərqini seçə bilmirəm. Bakı hər bir güneylinin Kəbəsidir. Yəqin ki, burdakı soydaşlarımız da Güney həsrətindədir. Mən uzun illərdir Güneyə gedə bilmirəm, ancaq heç olmasa Bakıya gəlirəm, Müsavat Partiyasından tutmuş digər təşkilatlarda, radio-televiziyalarda çoxsaylı dost-tanışlarım, qardaşlarım var. Bu səfərimdə də çoxsaylı görüşlərim olub. Ümid Partiyasının rəhbərliyi ilə görüşdüm, gənclərin “Sərhəd hərəkatı” adlı seminarında iştirak və çıxış etdim, Elçibəyin məzarını ziyarət edənlərin arasında oldum. İstəyirəm ki, burdakı qardaşlarımızın təcrübəsindən yararlanaq və ordakı işlərimizi də irəli aparaq.

- Necə bilirsiniz, indiki həssas dönəmdə Bakı Azərbaycanın güneyi, ordakı qardaşlarımız üçün nələri edə bilər?

“Güney Azərbaycanda 300-dən artıq siyasi məhbusumuz var; Şah dövründə həbs olunan Səfərxan Qəhrəmani 32 il zindanda yatmışdı”



- Çox iş görmək olar. Müxalifətin imkanları məhdud olsa da, xüsusilə də burdakı xalqımız, elə iqtidarın özü Güney məsələsinə həssas yanaşmalı, biganə qalmamalıdır. Baxmayaraq ki, iki ölkə arasında müqavilələr bağlanıb, dövlətlərin istəkləri var, regionda çox həssas situasiya yaşanır, bizi istəməyənlər çoxdur, amma burda mədəni, iqtisadi, elmi əlaqələri genişləndirmək lazımdır. Mən İran və Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər haqqında bir kitab da yazmışam, Elmlər Akademiyasına bağışladım. Təəssüflər ki, münasibətlər istənilən səviyyədə deyil, əlaqələri genişləndirmək lazımdır. Biz iki qonşuyuq, böyük xalqın böyük hissəsi ordadır, azərbaycanlıların hərtərəfli zəngin imkanları var. Azərbaycan Respublikası ordakı potensialdan yararlanmalıdır. Yəni imzalanan müqavilələrdə ancaq siyasi məhdudlaşdırmalara getmək düzgün deyil. Həm o tayda, həm bu tayda çox böyük potensial var.

O taydakı iş adamlarımıza, rəsmilərə də xitab edirik ki, hər şeydən önəmlisi Azərbaycan Respublikası ilə əlaqələri genişləndirməkdir, Ermənistanla yox. Çünki ermənilər bizim imkanlarımızdan yararlanıb əleyhimizə mübarizə aparırlar. Bu əlaqələr həm də bizim inteqrasiyamız üçün zəruridir. Niyə biz hansısa müqavilələrlə bu inteqrasiyanı məhdudlaşdırmalıyıq, yaxud əlaqələrin qurulmasını təhlükə kimi görməliyik? Düzdür, bu məsələlərdən də sui-istifadə edənlər var. Amma bizim xalqımız, dövlətimiz ayıqdır. Biz o tayla əlaqələrin genişlənməsinə çalışmalıyıq. Həmçinin jurnalistlərimizin də Güneydəki aktual məsələləri diqqətdə saxlaması çox vacibdir.

- Burdakı görüşlərinizdə irəli sürdüyünüz təkliflərə reaksiyalar sizi qane etdimi?

- Elmlər Akademiyasındakı görüşümüzdə buna hərtərəfli meyl gördüm. Dövlət səviyyəsində də həmişə İranla münasibətlərin daha yaxşı olmasını istəyirlər. Amma Güney məsələsi daim diqqətdə olmalıdır.

- Amma İran Güney mövzusu ilə azca maraqlanan adamlara qəzəbli yanaşır. Necə ki, akademiyanın xanım işçisini İranda aylarla dustaq elədilər...

- Doğrudur. İran hakimiyyətində elə adamlar var ki, biz deyənlərin də tərəfdarıdır. Amma bunun əleyhinə gedənlər də az deyil. Təəssüflər olsun ki, İran dövlətini qorxulu istiqamətlərə çəkən, İraqdakı durumu bu ölkədə bərqərar etmək istəyən qüvvələr çoxdur. Ancaq gərək Tehran bu barədə ciddi düşünsün. İran hakimiyyəti orda yaşayan xalqları və dövləti bu bədbəxtliklərə sürükləməməlidir, düzgün siyasət yürütməlidirlər. Ortaya kürd məsələlərini atır, erməni məsələsindən sui-istifadə edirlər.

Azərbaycanın bu tayına gələn tələbələri, gəncləri, iş adamlarını təqib edir, incidirlər. İllərdir ki, Azərbaycanın hər iki Astarası arasında dəmir yolunun çəkilməsi layihəsi ortadadır, hələlik reallaşmayıb. Hakimiyyətdə şovinist bir sistem var ki, hətta müsəlmanlığı da kölgə altına salır, onlar bu layihələrə mane olur.

- Bəs Avropada Azərbaycanın güney hissəsindəki milyonların, ümumən Azərbaycanın gələcək taleyi ilə bağlı münasibət necədir? Azərbaycan məsələsinə birləşən dövlətlər və millətlər prizmasından yanaşanların faiz əmsalı nə qədərdir?

- Diaspor təşkilatlarımız media vasitəsilə Avropada Azərbaycanın ikiyə bölünməsi, bir hissəsinin azad və müstəqil olmasını, digər hissəsinin isə İran daxilində heç bir hüquqa malik olmaması barədə həqiqətləri yaymaqdadır. Bu məsələlər həm Avropa Şurası, həm Avropa Birliyi, həm də Avropa Parlamentində dəfələrlə görüşlərdə müzakirə olunub. Ortada maneələr çoxdur. Bu maneələrdən biri də avropalıların öz mənfəətləridir. Baxırlar ki, biz bölgədə çoxluq təşkil edirik, müsəlman ölkəsiyik, tarixən hegemon dövlətimiz olub. Bu mənada güclənməyimiz onlara sərf etmir. Amma istər-istəməz insan haqları uğrunda fəaliyyətə maliyyə ayırır, həm təbliğ edirlər, bu, həm də onların ideologiyalarının bir hissəsini təşkil edir, buna biganə qala bilməzlər. Bu mənada bizim siyasi məhbuslar, insan haqları, qadın haqları və sairlə bağlı İrana çoxlu təzyiqlər olur. Xüsusilə BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Əhməd Şahidin vasitəsilə dilə gətirilir. İranın ildə azı 800 nəfəri edam etməsi həmin hesabatlarda əksini tapıb.

- Ancaq bütün bunlar İranın rəsmi siyasətini dəyişmir...

- Təəssüflər olsun ki, İran hakimiyyəti bu siyasəti davam etdirməkdə qərarlıdır. Düzdür, bir qanad başa düşüb ki, ənənəvi siyasəti davam etdirmək olmaz, mədəniyyətlərin dialoquna, dinc şəraitdə inteqrasiyaya ehtiyac var. Ruhani gələndən sonra vədlər verdi. Azərbaycanlılara da vəd verdi ki, Urmu gölünün qurumasının qarşısını alacaq, akademiya quracaq, ana dilində təhsili reallaşdıracaq. Lakin düz 1 il yarımdır iş başındadır, heç nə dəyişməyib.

- İran zindanlarında uzun müddət cəza çəkmiş ustad musiqiçi Həsən Dəmirçi bugünlərdə Bakıdadır. Görüşdünüzmü?

- Akademiyadakı tədbirdə görüşdük. Bəli, dəfələrlə həbsə düşüb. Düzdür, o, bizim kimi radikal deyil, sadəcə, milli musiqimizi təbliğ edir. Ancaq ona da imkan vermirlər. Hansı ki, milli musiqimizin təbliği gənclərimizə sağlam ruh verir, onları narkomaniya kimi zərərli vərdişlərdən uzaqlaşdırır. Həsən bəylə 7 ildir görüşmürdük. Ancaq ondan əvvəl iki dəfə musiqiçi kimi İsveçə dəvət etmişdik.

- Ehtiyat etmirsiniz ki, qayıdandan sonra onu yenə zindana atsınlar?

- Düzdür, təhlükə var. Amma Həsən bəy hərəkatda bişmiş bir insandır.

- Bu gün həbsdə nə qədər milli-mədəni fəal var, statistika varmı?

- İranda digər xalqlar da öz azadlığı üçün mübarizə aparır: bəluclar, ərəblər, kürdlər. Onlara daha qəddar yanaşırlar. Ərəbləri asır, öldürürlər. Çünki onlar daha çox silahlı qarşıdurmaya üstünlük verir. Biz isə mədəni, sivil yol seçmişik. İndi bizim 300-dən artıq siyasi məhbusumuz var. Onların ən çox həbs alanı hələlik 9 illik cəza alıb. Şah dövründə daha ağır cəza alan var idi. Məsələn, Səfərxan Qəhrəmani 32 il (!) zindanda yatdı. Pişəvəri dövründə zabit idi, milli hökumət süquta yetiriləndə həbs olundu, yalnız inqilabdan sonra zindandan çıxdı. Təəssüf ki, azərbaycanlıları başqa yollarla aradan götürürlər, yol qəzalarına salırlar, yaxud qazla boğurlar.

- Abdulla bəy, övladlarınız Təbrizə dönmək istəyirmi?

- Təbii ki, istəyirlər. Amma reallıq başqadır. Böyük oğlumu Bakıdan evləndirmişəm. Naxçıvanlıdırlar. (gülür)

- Sürgündə Güney Azərbaycan Müvəqqəti Parlamentinin təsisçilərindən birisiniz. Bu məsələdə əsas hədəfləriniz nədir?

- Sürgündə Güney Azərbaycan Müvəqqəti Parlamenti 15 mart 2014-cü ildə Danimarka şəhərində yaradıldı. Bu, böyük bir addım idi. Təbii ki, digər təşkilatlar kimi bu qurumun da qarşısında böyük maneələr var. İran tərəfi bir yandan, Avropadakı bəzi qüvvələr də bizə qarşıdır. Bu qədər Güney azərbaycanlıya status vermələrini sinirə bilmirlər. Maneələr çoxdur. Ancaq addım atılıb. İstəməzdim ki, parlament mövzusunda çox danışım. Çünki yaradılmazdan öncə dağıtmağa başlayıblar, prosesi müəyyən qədər saxlamışıq, dəstək qazanmaq fikrindəyik. İnşallah, müəyyən mərhələdən sonra parlamentin heyəti ilə sizi daha yaxından tanış edərik. Hazırda işçi qrupu fəaliyyətdədir.

- Güney Parlamenti adına iddialılar bir araya cəm olub birləşə bilməzmi?

- Hər kəsin orda öz franksiyasını yaratmaq hüququ var. Biz bunu ona görə yaratmamışıq ki, Güneydəki 35 milyona parlament quraq. Bunu yaratmışıq ki, Güneyin səsini dünyaya yayaq və Güney Azərbaycan da içəridə parlamentini qursun. Bizim mühacirətdə böyük qüvvələrimiz var. Onları bir araya gətirməyimiz, iş aparmağımız lazımdır ki, xalqımız üçün faydalı iş görə bilək.

Elşad PAŞASOY
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed