Şrift:
Avropa Azərbaycan Cəmiyyəti fəaliyyətindən narahatlıq keçirən qurumların və şəxslərin adlarını açıqlayıb
31.12.2011 [13:17] - Xəbərlər, Diaspor
Cəmiyyətin fəaliyyəti nəticəsində ilk dəfə olaraq Britaniya parlamentində partiyalar üzrə Azərbaycanla dostluq qruplarının yaradılmasına başlanıb

“Avropa Azərbaycan Cəmiyyəti (AAC) 2011-ci ildə də Avropada Azərbaycanın tanıdılması istiqamətində fəaliyyətini davam etdirib. Bu məqsədlə Brüssel və Parisdə təşkilatın nümayəndəlikləri yaradılıb, siyasi, iqtisadi, mədəni, media və xeyriyyə sahələrini əhatə edən layihə və tədbirlər həyata keçirilib”. Cəmiyyətdən verilən məlumata görə, bu barədə AAC-nın 2011-ci ildə gördüyü işlər, keçirdiyi tədbirlərlə bağlı hesabatında bildirilib. Hesabatda London, Brüssel, Berlin, Paris və Bakı ofislərinin il ərzindəki fəaliyyəti barədə ümumi məlumatlar yer alıb.

Məlumatda bildirilir ki, hazırda AAC dünyanın 30-dan artıq şirkətinin üzv olduğu və öz fəaliyyəti ilə Avropanın əsas siyasi, iqtisadi, akademik və mədəni dairələri ilə iş aparan müstəqil təşkilat kimi tanınır: “ AAC-nin fəaliyyəti Avropa və dünyada erməni lobbisi və diasporu tərəfindən narahatlıqla qarşılanır, ona qarşı əks təbliğat təşkil edilir. Bu baxımdan Ermənistanın Avropada dövlətlərindəki səfirliklərini, Brusseldəki EuFoA təşkilatını və ABŞ-ın Kolumbiya Universitetinin professoru Corc Burnityanın fəaliyyətini qeyd etmək olar”.

AAC-dən bildirilib ki, qurum ötən il ərzində Britaniya parlamentində Britaniya-Azərbaycan Parlament Qrupunu yenidən təşkil edib: “Təşkilat qrup üzvlərinin sayının artaraq 69 nəfərə çatmasına müvəffəq olub. Üzvlərinin sayına görə, hazırda bu qrup Britaniya parlamentində ən böyük dostluq qruplarından hesab olunur. AAC paralel olaraq bu qrupun katiblik işlərini də icra etməkdədir”.

AAC-nın fəaliyyəti nəticəsində ilk dəfə olaraq Britaniya parlamentində partiyalar üzrə Azərbaycanla dostluq qruplarının yaradılmasına başlanıb, Parlamentdə Mühafizəkarlar Partiyasından olan deputatlardan ibarət Azərbaycanın Mühafizəkarlar Dostları Qrupu yaradılıb.


Eyni zamanda Böyük Britaniyanın İcmalar Palatasının yeni seçiləcək Enerji üzrə Komitəsinə Azərbaycan haqqında geniş yazılı məlumat təqdim edilib.

AAC Vestminister zalında Böyük Britaniyanın İcmalar Palatasında Cənubi Qafqaz və Azərbaycan üzrə 90 dəqiqəlik debatın keçirilməsinə də dəstək olub.

Cəmiyyət Leyboristlər Partiyasının üzvlərinin iştirakı ilə konfrans təşkil edib. Konfransda Partiyanın Parlamentdə təmsil olunan üzvləri, millət vəkilləri Mayk Qreyps və Riçard Hovit (Avropa Parlamenti Xarici işlər komitəsinin üzvü) iştirak ediblər.

Ötən il həmçinin Liberal Demokratlar Partiyasının Parlament təmsilçiləri - Stefen Gilbert (NATO Parlament Assambleyası) və Lord Germanın iştirakı ilə ziyafət təşkil edilib.

Mühafizəkarlar Partiyasının Parlament təmsilçiləri Avropa üzrə nazir Deyvid Lidinqton, Avropa Parlamenti Xarici işlər komitəsinin üzvü millət vəkili Cefri Van Ordenin iştirakı ilə konfrans, xarici işlər naziri Alistair Börtinin iştirakı ilə ziyafət təşkil edilib.

Mühafizəkarlar Partiyasının yaz forumunda keçmiş müdafiə naziri Liam Foksun iştirakı ilə də tədbir təşkil edilib.

Cəmiyyət ötən il London və Brüsseldə Xocalını anım tədbirləri və foto sərgi təşkil edib. Tədbirlərdə Lord Kilkluni və millət vəkili Kristofer Pinçer çıxış ediblər.

AAC mütəmadi olaraq, Böyük Britaniya parlamentinin üzvlərinə Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına dair məlumatlar verib.

Böyük Britaniyanın Azərbaycanda diplomatik missiyasını başa vuran və yeni təyin olunan səfirləri, Ermənistana yeni təyin olunan səfiri və Böyük Britaniyanın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Ser Brayn Folla görüşlər təşkil edilib.

AAC üzvləri xarici məsələlər üzrə nazirlər Deyvid Lidinqton və Lord Hovellə, energetika naziri Çarlz Hendri ilə görüşlər keçirib.

Cəmiyyət IYDU (Beynəlxalq Gənc Demokratlar İttifaqı) Partiyasının sədri Daniel Volterin iştirak etdiyi Almaniyanın Mühafizəkarlar Partiyası fraksiyasının Xarici işlər üzrə sözçüsünün nümayəndə heyəti və Gənc Mühafizəkarlar Birliyinin sədri Filip Misfelderin Bakıya səfərini təşkil edib. Səfər çərçivəsində qonaq Milli Məclisdə və Xarici İşlər Nazirliyində görüşlər keçiriblər.

Cəmiyyət eyni zamanda 25-30 may tarixində Mark Fildin rəhbərlik etdiyi Britaniya Parlamentinin Azərbaycan dostluq qrupunun ölkəyə səfərini təşkil edib. Nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Ötən ilin 22-27 iyul tarixində isə Böyük Britaniya parlamentində Mühafizəkarlar Partiyasindan olan millət vəkillərindən ibarət dostluq qrupu üzvlərinin Azərbaycana araşdırma missiyalı səfəri təşkil edilib. Azərbaycan il ərzində Britaniya parlamenti deputatlarının ən çox səfər etdiyi dövlətlərdən olub.

Cəmiyyətin London, Berlin və Brussel ofislərinin əməkdaşları mütəmadi olaraq, BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı qərarların qəbulunda bitərəf qalan diplomatik missiyalarla görüşlər keçirib, münaqişə ilə bağlı növbəti səsvermədə onların dəstəyini qazanmaq üçün təbliğat işləri aparıb.

Berlində Federal hökumətin Cənubi Qafqaz üzrə departamentinin rəhbəri doktor Kristof İsranqın rəhbərliyi ilə Marşal Fondunun Cənubi Qafqaza səfəri çərçivəsində nümayəndə heyətinə səfərqabağı brifinq keçirib.

AAC Brüsseldə Avropa Parlamentində parlamentarilər Tunne Kelam, Yevgeni Kirilov, İvo Vajglinin iştirakı ilə Azərbaycanın müstəqilliyinin 20 illiyi mühasibətilə dəyirmi masa təşkil edib.

Brüsseldə Belçika və Azərbaycan arasında futbol üzrə seçmə oyunlar ərəfəsində “futbol diplomatiyası” tədbiri keçirilib. Tədbirdə yüksək çinli rəsmilər, o cümlədən Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də Belçika baş nazirinin müavini, hazırda xarici işlər naziri Didier Reynders iştirak edib.

Cəmiyyət yola saldığımız il keçiridyi iqtisadi tədbirlərlə bağlı da hesabatında bildirib. 12-13 mayda Londonda “Azərbaycanın investisiya imkanlarının işıqlandırılması” mövzusunda beynəlxalq biznes forumu keçirilib. Forumda Avropanın müxtəlif ölkələrindən, ABŞ-dan, eləcə də Azərbaycandan 200-dən çox nümayəndə iştirak edib.

Cəmiyyətin dəstəyi ilə 2011-ci ilin 7 noyabrında Londonda “Azərbaycanın maliyyə sektoru – orta müddətli imkanlar və çətinliklər” mövzusunda Avropanın aparıcı maliyyə və bank sektorunun 150-dən çox mütəxəssisinin iştirakı ilə investisiya forumu keçirilib.

Cəmiyyətin təşkilatçılığı ilə Böyük Britaniyanın “Sturgeon Capital” və “FM İnvestment” şirkətlərinin rəhbərliyi ilə Avropa iş adamlarının, həmçinin Otto Hauzerin başçılığı ilə alman iş adamlarının Bakıya səfərləri təşkil olunub, onların müvafiq dövlət qurumlarının rəsmiləri ilə görüşləri keçirilib.
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed