Şrift:
-Biz davaları meydanlardan parlamentə daşımağı bacarmalıyıq-
15.01.2015 [14:06] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Artıq mənim müstəqil dövlətim var və mən qurucu bir davranış ortaya qoymalıyam”

“İndi hər şeyi hökumətin üzərinə qoymaq olmaz”
Bu il ölkədə keçiriləcək parlament seçkilərində millət vəkili Fərəc Quliyevin sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası da mübarizə aparacaq. Rəhbərlik etdiyi partiyanın seçkilərə hazırlığı, bu məqsədlə yerlərdə gördüyü işlər barədə danışan MDHP sədri Fərəc Quliyev “OLAYLAR”-a verdiyi müsahibədə qarşıda duran əsas prioritetlər, hədəflər barədə də məlumat verib.

-Fərəc bəy, Milli Dirçəliş Hərəkatı Partiyasının qarşısında duran əsas hədəf və prioritetlər nədən ibarətdir?

-Siyasi partiyalar yalnız seçki başlayanda seçkiyə qatılmalı və ya hazırlaşmalı deyil. Hesab edirəm ki, bir seçki qurtaran kimi növbəti seçkilərə hazırlaşmaq lazımdır. Bunun üçün partiya fəaliyyət göstərməlidir. Çünki partiyanın əsas işlərindən biri hakimiyyətdə təmsil olunmaq, düşüncəsini hakimiyyətə daşımaqdır. Əlbəttə, biz hakimiyyəti məqsəd kimi görmürük, onu vasitə kimi görürük. Düşüncəmizin hakim olması üçün bu mandatın bizim olduğunu düşünürük. Ona görə də hər zaman həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərinə hazırlaşmaq üçün uyğun davranış modelləri tətbiq etməyə çalışırıq. Bu il parlament seçkiləri ili olduğu üçün istəyirik ki, daha böyük tərkibdə həmin seçkiyə qatılaq və daha ciddi nailiyyətlər əldə edək. Hər halda bu bizim əsas fəaliyyətimiz olacaq. Bundan başqa partiyanın sıralarının genişlənməsi, onun təşkilatlanması istiqamətində də fəaliyyətlərimizi davam etdiririk. Bu il partiyanın dərgisinin işıq üzü görməsi nəzərdə tutulur. Eyni zamanda yerli təşkilatlarla əlaqələr baxımından bir sıra yeniliklər etməyi düşünürük. Təbii ki, imkanlarımız məhduddur və maliyyə imkanlarımız partiyanın baş qərargahını saxlamağa belə imkan vermir. Ancaq əlimizdəki məhdud imkanlar hesabına olsa belə mərkəzlə əyalətlər arasındakı əlaqələri bərpa etməyə çalışırıq. Partiyanın müvafiq komissiyaları yerlərdə işləyib müəyyən rəylər toplayır. Biz hazırlaşırıq ki, növbəti parlament seçkilərində partiyamızın platformasını, Azərbaycanın iqtisadi, siyasi inkişafı ilə bağlı baxışlar sistemimizi ortaya qoyaq. Biz novatorluq etmək istəyirik. Çünki özümüzün baxışlar sistemi var.
Bu məqamda onu da qeyd edim ki, ölkəmiz gərgin bir vəziyyət yaşayır. Bizim iradəmizdən asılı olmayaraq kənardan təpkilər var. Ərazilərimiz işğal altındadır və çalışırıq ki, ictimai rəyin doğru yönəldilməsində öz töhfəmizi verək. İndi hər şeyi hökumətin üzərinə qoymaq olmaz. Kimin hansı platformadan çıxış etməsindən asılı olmayaraq bir məsələdə hamı eyni şeyi düşünməlidir ki, Azərbaycan onun vətənidir. Biz hamımız eyni gəmidəyik və bu gəmi batarsa hər kəs orada batar. Dövlət olmazsa orada hakimiyyət və hakimiyyət uğrunda mübarizə olmaz. Yəni siyasi fiqurdan daha çox hər kəs vətəndaş olmağı bacarmalıdır. Biz vətəndaş kimi ölkəmizin ciddi problemlərinə adekvat davranış nümayiş etdirmək istəyirik. Yerlərdə o tövsiyyələri verir, həmin təlimatları göstəririk. İstəyirik ki, o cür davranış olsun. Həmçinin parlamentdə qanunvericilik təşəbbüsləri ilə bağlı bəzi məsələləri qaldırmağı düşünürük.


-Bəs beynəlxalq əməkdaşlıq baxımından hansı addımlar atılır?

-Bütün partiyalar kimi bizim də müəyyən beynəlxalq tədbirlərə qatılmaq barədə düşüncülərimiz var. Mən özüm Avronestdə təmsil olunduğum üçün Avropa Parlamentində qaldıra biləcəyimiz məsələlər ətrafında işləyirik və partiyanın müəyyən strukturları bu məsələdə mənə köməklik edir. Bu il həmçinin Güney Azərbaycanla bağlı fəaliyyətimizi artırmaq istəyirik.

-Partiyanın dərgisi nə zamandan və hansı ad altında işıq üzü görəcək?

-Bizim davam.az elektron saytımız var. Eyni zamanda “Davam” adlı çap mediamız vardı. Ancaq müəyyən çətinlikdən bunu davam edə bilmədik. Düşünürük ki, “Davam” adı altında dərgi vasitəsilə mövqeyimizi ortaya qoyaq, materiallarımız çap edək. Bu ən azından bir başlanğıc olsun. Sonra bunu daha intensiv hala salmaq olar. İmkanlarımız olsa tədricən qəzetə keçmək yollarını da axtararıq.

-Yəqin ki, ilkin mərhələdə dərgi həftəlik və ya aylıq nəşr olunacaq?

-Yəqin ki. ilkin mərhələdə aylıq nəşr edərik. Sonra baxarıq ki, neyləmək fikrimiz var.

-Partiyanızın kifayətqədər insani potensialı varmı ki, seçkilərdə bütün dairələrdən namizəd irəli sürsün?

-Təbii ki, bütün dairələri əhatə etmək imkanları məhduddur. Xüsusilə, maliyyə imkanları buna icazə vermir. Ancaq onu da qeyd edim ki, bizim təşkilat yeni olduğu qədər də köhnədir. Çünki mən Xalq Cəbhəsinin qurucularından olan 64 təsisçidən biriyəm və Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin rəhbərliyindən məhbəsə qədər yol keçmişəm. Ona görə də keçmiş baza ilə iş görürük və demək olar ki, Azərbaycanın hər yerini əhatə etmişik. Ancaq təbii ki, biz məni qane edən səviyyədə təşkilatlana bilmirik. Bəzi təşkilatlar özünü böyük göstərməyə çalışır və iddia edir ki, hər yerdə təşkilatlanmışıq. Ancaq reallıqda belə deyil. Məncə bu bir qədər qeyri-mümkündür. Ancaq güclü, eyni zamanda zəif təşkilatlanma olan yerlərimiz də var. Çalışırıq ki, güclü olmayan yerlərdə güclənək, güclü olan yerlərdə isə daha ciddi nailiyyətlər əldə edək. Onu da qeyd edim ki, bələdiyyə seçkilərində hər yeri əhatə etməyə bacardıq. Parlament seçkilərində də əhatə edə bilərik.

-MDHP-nin seçkidə hansısa dairədən başqa partiya nümayəndəsi, yaxud müstəqil namizədə dəstək verməsi mümkündürmü?

Seçkilərdə bitərəf ziyalılar, yaxid başqa partiyalardan olan nümayəndələr ola bilər ki, biz müəyyən dairələrdə onların daha çox xeyir verə biləcəyini düşünərək onlara rəqib olmarıq. Hətta həmin namizədləri müdafiə belə edərik. Bu normaldır. Biz proseslərə dar çərçivədən baxmırıq və başa düşürük hər kəsin fərdi və hər bir partiyanın öz maraqları var. Amma Azərbaycan maraqları bunlardan üstədir və Azərbaycanın marağına cavab verə biləcək başqa bir persona olarsa o insanı sevə-sevə müdafiə edərik. Çünki bizim üçün Azərbaycanın marağını müdafiə edən insanlar lazımdır. Bu media, QHT nümayəndəsi, yaxud tamamilə bitərəf adam ola bilər. Təbii ki, bu seçki zamanı məlum olacaq. Ancaq hər halda çalışacağıq ki, seçkidə daha çox öz nümayəndəmizlə iştirak edək.

-Partiya seçkiyə müstəqil şəkildə, yoxsa hansısa blok daxilində qatılacaq? Səhv etmirəmsə MDHP ATA blokunda da təmsil olunur.

-Biz Azərbaycanın Tərəqqisi Naminə Alyans Blokunda təmsil olunmuruq. Düzdür, bəzi mətbuat orqanlarında bu barədə məlumat getmişdi və Çingiz Dəmiroğlu da müsahibəsində qeyd etmişdi ki, biz orada müşahidəçi qismində olmuşuq. Partiya olaraq blokun iclasında iştirak etdik və nə baş verdiyinin müşahidəsini apardıq. Biz hər kəslə əməkdaşlıq və tərəfdaşlıqda maraqlıyıq. Bu ikitərəfli xarakter daşıya bilər. Ancaq biz bloklara daxil olmayacağıq. Yalnız hansısa blokla bir predmet ətrafında əməkdaşlığımız ola bilər.

-Nə üçün bloklara daxil olmağa maraqlı görünmürsünüz?

-Biz bunu nə özümüzü böyük göstərmək, nə də blokları kiçiltmək mənasında etmirik. Hər hansı bir birlik yarananda təşkilatlar üzərilərinə öhdəliklər götürürlər və öz hüquqlarını verirlər. Bəzən də bu müqavilələr manevr, davranış üçün buxova çevrilir. Sonradan isə ziddiyyətlər yaranır. Biz isə bunu istəmirik. İstər Azərbaycan, istərsə də başqa ölkələrin tarixi göstərir ki, belə birliklərin ömrü çox qısa olur. Hesab edirəm ki, daha çox düşüncə birliyi mühümdür. Düşüncəmiz uyğun olan adamlar, təşkilatlarla mövsümi əməkdaşlıq etmək mümkündür. Ancaq birmənalı şəkildə hansısa blokda təmsil olunmaq fikrimiz yoxdur.

-Müntəzəm olaraq sizə qarşı qara piar kampaniyası həyata keçirilir. İstər sizin AXC dövrünüzdəki, istərsə də millət vəkili və partiya sədri kimi fəaliyyətiniz tənqid olunur, bəzi ittihmlar irəli sürülür. Sizcə bütün bunlar haradan və hansı səbəbdən qaynaqlanır?

-Məni ittiham edən insanlar artıq bilmirlər ki, nə ilə ittiham etsinlər. Bir vaxtlar mən həbsdən çıxanda “Dalaşmaqdan çox danışmaq lazımdır” fikrini ortaya qoymuşdum və cəmiyyəti dialoqa çağırırdım. O zaman müxalifətin də bir qədər güclü vaxtı idi. Onlar buna təpki göstərirdilər ki, Fərəc Quliyev dialoq istəyir və bu satqınçılıqdır. Sonradan həmin təşkilatlar özləri dialoq axtarışında oldular. Bu yaxınlarda da “Dialoq məhz bizim təşəbbüsümüzdü və biz istəyirik” deyə ortaya təşəbbüs qoydular. Ancaq onlar 10 il gecikmişdilər. Yaxud mən düşüncəmi, ideoloji məsələləri ortaya qoyanda lağ edənlər bu gün özləri bu yerə gəlməyə çalışırlar. Biz qism isə parlamentdə olmağımı mənə irad tutub. Ancaq mənə irad tutanlar onu bilməlidirlər ki, onlar çox aşağı yerlərdə olanda mən 1990-95-ci illərdə parlamentdə təmsil olunmuşam. O zaman Rus imperiyasının silahı altında parlamentə getmək və müstəqilliyə imza atmaq rahat bir şey deyildi. Məni tənqid edənlər bir neçə dəfə parlamentdə olublar. Sonradan da hər seçkidə iştirak edirlər. Bu məntiqsiz yanaşmadır. Düzdür, istənilən partiya seçki yolu ilə hakimiyyətə gəlməlidir. Biz ifrat radikallığı qəbul etmirik. Mən Sovet İmperiyası dönəmində kifayət qədər radikal davranmışam və bununla fəxr edirəm. Qanuni və qanunsuz bütün yollardan istifadə edərək imperiyanı çökdürməyə çalışmışam. Ancaq artıq mənim müstəqil dövlətim var və mən qurucu bir davranış ortaya qoymalıyam. Biz davaları meydanlardan parlamentə daşımağı bacarmalıyıq. Zəka, platforma, ağıl döyüşü olmalıdır. Biz insanlarımıza qarşı ziddiyyətli, qərəzli, düşmən münasibəti bəsləyə bilmərik. Bu gün hakimiyyətdə biri, sabah isə başqası ola bilər. Həmin qüvvələr indi o yerə gəlib çatıblar ki, dalaşmaq yox, danışmaq mübarizəsi lazımdır. Yəni zaman-zaman mənə daş atanlar sonradan isə atdıqları daşı götürüb baxanda görürlər ki, yanlış bir şeydir. Nəticə etibarilə bizim yolumuza gəlirlər. Əslində bunlar bir şey deyil. Hər halda yadlarındayamsa və məni rəqib kimi hiss edir, bundan narahat olurlarsa bunları normal qəbul edirəm. Ancaq onu da qeyd edim ki, “qara piar” deyilən məsələdə də peşəkar davranmırlar. Hesab edirəm ki, onlara əhəmiyyət verməyə dəyməz. Çünki bizim vahid xəttimiz var və cəmiyyət kimin kim olduğunu bilir. Bizim prioritetlərimiz, nə istədiyimiz açıq şəkildə ortadadır. Konkret olaraq siyasətdə belə şeylər gözləniləndir və məni belə şeylər təccübləndirməz.


Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed