Şrift:
Azərbaycanda baş verən dəhşətli yol qəzasında üçü bir ailənin üzvü olmaqla, dörd nəfər ölüb, bir nəfər ağır yaralanıb
02.01.2012 [13:32] - Hadisə
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Yol qəzası nəticəsində üçü bir ailənin üzvü olmaqla, dörd nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənovun verdiyi məlumata görə, Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Yalçın Fətullayevin idarə etdiyi 90 XM 234 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını ilə Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Həmid Həbibovun idarə etdiyi 90 HO 495 dövlət nömrə nişanlı, “Nissan Qashqay” markalı avtomobil yanvarın 1-də saat 17.30 radələrində Bakı-Şamaxı yolunun 127-ci km-də - Şamaxı rayonu ərazisində toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü, habelə “Nissan”-ın sürücünün 3 yaşlı qızı Gülşən Həbibova və 5 yaşlı oğlu Amid Həbibov ölüb, həyat yoldaşı, 1979-cu il təvəllüdlü Vüsalə Həbibova ağır yaralanıb. V. Həbibova koma vəziyyətində Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonradan isə Bakıya göndərilib.

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsin cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes”-in sürücüsü Y. Fətullayev “Azərbaycan məmləkəti” qəzetinin fotomüxbiri, V. Həbibova isə İctimai Televiziyanın əməkdaşıdır.
Bu xəbər oxucular tərəfindən 1723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed