Şrift:
Oğuz yurdunun ovladları- Zeynəb Ələşrəf qızı İsmayılova(Göyçəli)
05.02.2015 [00:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Görkəmli şair-publisist Eldar İsmayılın “Oğuz yurdun ovladları” kitabını bir daha vərəqləyərkən “Zeynəb Göyçəli” başlığı altında bir Türk ziyalı xanımın həyat səhifəsilə tanış oldum. Oxuduğum yazı məni orta məktəb illərinə qatardı. Mən iki il-9-10-cu sinifləri Ardanış kənd orta məktəbində oxumuşam və orta təhsil almışam. O zaman məndən bir sinif aşağı oxuyan Zeynəbin əlaçı şagird kimi şöhrətlənməsi yadımdadır. Kənddə əlaçı şagirdlərə müəllimlər və şagirdlər tərəfindən hörmət, ehtiram bəslənilirdi. Səhv etmirəmsə, Zeynəbgilin evləri məktəbə yaxın ərazidə yerləşirdi. Orta məktəbin başqa kəndlərdən (səkkizillik təhsil verən): Cil, Şorca, Ağbulaq, Dərə və digər kəndlərdən gələn şagirdlər üçün yataqxanası var idi. Mən də Dərə kəndindən olmaqla həmin yataxanada yerləşmişdim və dərs qurtarandan sonra yataqxanaya gedərkən Zeynəbin məktəbin həyətindən çıxıb bir az məsafədən sonra soldakı evin həyətinə döndüyünü xatırlayıram. Əlaçı şagirdlər istər oğlan olsun, istərsə də qız sayılıb-seçilən idilər...
Zeynəb xanım 1967-ci ildə orta məktəbi əla qiymətlərlə qurtarandan sonra Bakıda əvvəlcə rəssamlıq texnikumunda oxumuş və təhsilini davam etdirərək ADU-nun jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan karikatura janrında işləyən ilk rəssam xanım Zeynəb Göyçəlidir. O, 1972-ci ildə respublikada ən populyar olan satirik “Kirpi” jurnalının müxbiri olmuşdur və əsərləri həmin jurnalda çap edilmişdir. Keçmiş SSRİ Rəssamlar ittifaqının, hazırda isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamlığın bütün janrları üzrə əsərləri dəfələrlə sərgilərdə medallara, diplomlara layiq görülmüşdür.
Oğuz yurdunun ovladları- Zeynəb Ələşrəf qızı İsmayılova(Göyçəli)

Beynəlxalq sülhü tərənnüm edən “Kosmos sülhə xidmət etməlidir”, “Analar sülh istəyirlər” mövzusundakı rəsm əsərləri sərgilərdə yüksək qarşılanmışdır. Hal-hazırda işğala məruz qalmış yurd yerlərimizin mənzərələrini yaratmaqdadır. İctimai fəaliyyətini də davam etdirir və “Humay” qəzetinin heyət üzvüdür. “Tanıtım” qəzetində də rəssam-jurnalist kimi çalışır və yurd-yuva həsrətilə alışıb -yanan vətənpərvər, millətçi ziyalı xanımlarımızdan biridir. O, öz şan-şöhrətini ancaq vətənə bağlılıqda görür.
Azərbaycan türklərinə qarşı ermənilərin soyqırımı, onların Qarabağ, Naxçıvan, dənizdən-dənizə iddiası, Göyçəsiz, Zəngəzursuz və ümumiyyətlə Qərbi Azərbaycansız qalan hamı kimi Zeynəb xanımı da rahat buraxmır. O, “ Göyçə gölü” Azərbaycan qadınlar cəmiyyətini yaratmışdır. hal-hazırda bu cəmiyyətə rəhbərlik edir və yorulmadan fəaliyyət göstərir. Zeynəb xanımın bir dəyərli rəssm əsərini də sizə təqdim edirəm və ziyalı Türk xanımı Zeynəb Göyçəliyə can sağlığı, arzularına yetmək diləyirəm!

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed