Şrift:
"Arşın mal alan" özbəkcə yeni quruluşda
10.02.2015 [10:19] - Gündəm, Afişa
Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət elm və incəsənət xadimləri, Özbəkistanda Azərbaycan diasporunun üzvləri, mətbuat işçiləri iştirak ediblər.

Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayevdir. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər.

Yüz illər keçməsinə baxmayaraq, "Arşın mal alan" Özbəkistanda sevilir və olduqca populyardır. Özbək teatr səhnəsində dəfələrlə özbək və rus dillərində tamaşaya qoyulub.

Özbəkistan Dövlət Televiziyası "Arşın mal alan" filmini özbəkcə dublyaj edib və sözügedən film hər il Özbəkistanda nümayiş olunur.

Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşasına böyük maraq olub, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında tamaşa anşlaqla keçib və alqışlarla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed